Normal yoxsa, elektron siqaret? - SORĞU

Normal yoxsa, elektron siqaret? - SORĞU

Son dövrlərdə normal siqaretin yerini elektron siqaretler almağa başlayıb. Aparılan araşdırmalara görə elektron siqaret normal siqaretden 25 faiz insan orqanizminə ziyan verir. Bununla bağlı SİA paytaxt sakinlərinin fikrini alaraq sorğu edib.

Paytaxt sakini Sadiq Qaçayev: “Əslində mən həm normal siqareti, həm də elektron siqaretin heç birini tövsiyyə etmirəm. 33 yaşım var və yaşadığım müddət ərzində həm siqaretdən, həm də spirtli içkilərdən uzaq olaraq istifadə etməmişəm. Belə deyə bilərəm ki, siqaretin heç bir xeyirli tərəfi yoxdur. Ziyanlı tərəfləri isə hər kəsə məlumdur, mən misal kimi özüm əgər siqaretin ziyanlı tərəfini bilməsəydim ondan istifadə edərdim. Çox təəssüf ki, ölkəmizdə siqaret çəkənlərin yaşı çox azdır. Hətta 16-17 yaşa qədər olan gənclər belə siqaretdən istifadə edir. İndi bunun səbəblərini araşdırmaq olar ki, nə səbəbdən gənclər erkən yaşdan siqaretdən istifadə edirlər. Burada hər hansısa psixoloji amilləri də nəzərə almaq olar. Ümumillikdə, tibbi nöqteyi-nəzərdən nə elektron siqaretin nə də ki, normal siqaretin çəkilməsini tövsiyyə etmirəm və buna bir mənalı şəkildə qarşıyam”.

Paytaxt sakini Kənan Məmmədov: “Mən elektron siqaretin normal siqaretdən fərqi kimi onu deyə bilərəm ki, normal siqaret çəkən adamın dişləri tez saralır və dəri rəngi qaralır. Amma elektron siqaretdə diş saralması yoxdur. Bir digər fərqi də ondan ibarətdir ki, səhər durub siqaret çəkən insanlarda halsızlıq yaranır. Amma elektron siqaret istifadə edən insanda bu problemlər yaşanmır. Elektron siqaretin normal siqaretden digər və mənim fikrimcə, ən vacib üstün cəhətindən biri də siqaret qoxusunun nə ağız boşluqundan, nə də insanın əynindən qoxunun gəlməməsidir”.

Paytaxt sakini Ruslan Yusifov: “Bildiyimiz normal siqaretlərin tərkibinə nikatindən əlavə başqa kimyəvi maddələr qatılır. Amma elektron siqaretlərin tərkibində olan kimyəvi maddələr çoxluq təşkil edir və normal siqaretdə olan nikatinlə bərabər səviyyədə olaraq insanların daha da çox elektron siqaretə tələbatını artırır. Mənim fikrimcə, elektron siqaretlərin verdiyi zərərlər adi siqaretin verdiyi zərərlərdən daha coxdur. Mən tövsiyyə edirəm ki, elektron siqaretin zərərləri çox olduğundan vətəndaşlar ondan istifadə etməsin”.

Paytaxt sakini Sevil Paşayeva: “Ümumiyyətlə deyə bilərəm ki, nə adi siqaret, nə də elektron siqaret çox ziyanlı bir şeydir. Mən tövsiyyə edirəm ki, hec kim tütün məhsullarından istifadə etməsin. Siqaret çox pis bir vərdişdir. İnsanın gələcəkdə nəfəs problemi yaşamasına gətirib çıxardır”.

Paytaxt sakini Məhəmməd Dərziyev: “Mən tütün məhsullarından istifadə edirəm. Elektron siqaretdən də istifadə etdim və normal siqaretdən daha çox zərər verir. Mən onu deyə bilərəm ki, gənclər ümumilikdə siqaretdən uzaq dursunlar amma istifadə edənlər də elektron siqaretlərdən istifadə etməsinlər”.

Paytaxt sakini Könül Qasımova: “Mən bir gənc xanım olaraq onu deyə bilərəm ki, gənclər daha çox elektron siqaretlərdən istifadə edirlər. Elektron siqaretlərin normal siqaretlərdən fərqi ondan ibarətdir ki, heç bir qoxu hiss edilmir. Tövsiyyə edirəm ki, ümumilikdə vətəndaşlarımız tütün məhsullarından az istifadə etsinlər. Bununla bağlı dövlətimizdə sosial reklam çarxları çəkilir və mətbuatda da tez-tez işıqlandırılır”.

Paytaxt sakini Ziyafət Yaqubzadə: “Mən ümumilikdə deyə bilərəm ki, siqaretin həm normalı, həm də elektronu ziyanlıdır. Bununla bağlı təbliğ edici layihələr olmalıdır. Məktəblərdə tədbirlər olmalıdır ki, uşaq zamanından başlayaraq pis vərdişlərin qarşısı alınsın. Biz gənclərdə bununla bağlı könüllü olmağa hazırıq”.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə