Bu gün ADA Universitetin İxtisasartırma Proqramları və MEDİA agentliyinin birgə təşkilatçılığı ilə 1 aylıq silsilə seminarlara start verilib. SİA-nın verdiyi məlumata görə, seminar silsiləsinin açılış mərasimində ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin prorektor müavini, İxtisasartırma Proqramlarının rəhbəri Aygün Hacıyeva, Proqram Administratoru Aliyə Ağalarova, ADA Universitetinin İctimai və Beynəlxlaq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyeva və digərləri iştirak edirlər.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda çıxış edib. Qanun layihəsində yer alan müddəalar barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, yeni sənəd media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur. Vurğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış online media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır.
Daha sonra seminar iştirakçıları ilə qanun layihəsi ətrafında müzakirələr aparılıb.
Tədbirin ilk seminarında ADA Universitetinin İctimai və Beynəlxlaq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyeva "Müasir media mühitinə baxış", "Mediada gündəmin qurulması", "Jurnalistika və İctimai Əlaqələrin kəsişməsi", "Ənənəvi və sosial mediada jurnalistika", "Jurnalistika mədəniyyəti: dəyərlər, etik yanaşmalar və demokratiya" mövzularında çıxışlar edəcəklər.
Qeyd edək ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir. İyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən Al Jazeera və Haber Global-ın mütəxəssisləri təcrübələri ilə bölüşəcəklər. 1 aylıq seminarın sonunda iştirakçılara sertifikatlar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB