15 iyun Azərbaycanın tarixində dönüş nöqtəsidir, tənəzzüldən tərəqqiyə. Növbəti dəfə Ulu Öndər Heydər Əliyevi böyük sevgi, ehtiram və minnətdarlıq hissi ilə yad etdiyimiz bir tarix ! Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldıraraq, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub inkişaf təməlini qoydu. Doğrudur, 1991-ci ildə ölkəmizin əldə etdiyi müstəqillik formal xarakter daşıyırdı, çünki respublikaya rəhbərlik edən səriştəsiz qüvvələr Azərbaycanı xaos, anarxiya məkanına çevirmişdilər, ölkəmiz xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilmişdi. İqtisadi tənəzzül, siyasi təlatümlərlə yanaşı, Azərbaycan beynəlxalq arenada təcrid vəziyyətinə düşmək, nəticədə müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi.
Belə bir mürəkkəb şəraitdə, acınacaqlı vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin uğurlu siyasəti, yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, xilas oldu, əsl müstəqilliyini qazandı. 1993-cü il oktyabr ayının 3-də keçirilən şəffaf və demokratik prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda ölkədə sabitliyi təmin etdi, respublikamızın qarşısında yeni perspektivlər açıldı.
10 oktyabr 1993-cü il tarixində keçirilmiş andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev qeyd etmişdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Və Ümummilli Lider milli maraqlara əsaslanan, xalqın, dövlətin mənafeyini əks etdirən fəaliyyəti ilə ümidləri doğrultdu. Ulu Öndərin rəhbərliyi ilə nizami ordunun yaradılması, Qarabağ müharibəsində atəşkəs əldə edilməsi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlanması, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin formalaşdırılması, neft müqavilələrinin imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin əsasının qoyulması, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və digər mühüm nailiyyətlər Heydər Əliyev dühasının milli maraqlara əsaslanan fəaliyyətinin nəticələri idi.
Beləliklə, müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər milli dövlətçilik tariximizə sabitlik və inkişaf dövrü kimi yazıldı.
Bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi konsepsiyası cənab İlham Əliyev tərəfindən böyük peşəkarlıq , yeni təfəkkür və müasir yanaşma tərzi ilə uğurla davam etdirilir. Prezident İlham Əliyev Heydər Əliyevin Azərbaycan əsərinin ən dəyərli, maraqlı və dərin məzmunlu bir fəslidir.
Gülşən Xəlilova,
Masallı Regional “ASAN xidmət” mərkəzinin sektor müdiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB