Türkan Qarayeva,
YAP Şamaxı rayon təşkilatının fəal üzvü, Şamaxı Dövlət Regional Kollecin tarix və coğrafiya müəllimi
Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15-16 iyun tarixlərində ölkəmizə səfəri yeni mərhələyə qədəm qoyan iki ölkə münasibətlərinin gələcəyini müəyyən etmək baxımından tarixi bir ziyarət oldu. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan üçün müqəddəs torpağa çevrilən Qarabağ torpağına ayaq basan ilk xarici ölkə rəhbəri olan prezident Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlarımızda 30 illik işğal dövründə ermənilərin törətdiyi vandallıqları, hədsiz dağıntıları öz gözləri ilə gördü.
Bu tarixi səfər həm də 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlamətdar və yadda qalan bir hadisə oldu. Şuşa Bəyannaməsi onsuz da yaxın və möhkəm olan Azərbaycan – Türkiyə münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoydu. Bu Bəyannamə Qardaşlığın rəmzi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. İmzalanmış Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir. Bəyannamədə xalqlarımızın böyük Liderləri, Ulu Öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları da öz əksini tapıb.
Şuşa Bəyannaməsi hər iki dövlətin xalqlarımız arasındakı çoxəsrlik münasibətlərə, qardaşlığa, dostluğa, yüz il əvvəl oktyabrın 13-də imzalanan Qars müqaviləsinə, eləcə də Ulu Öndərlər olan Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarına sadiqliyini təsdiq etdi. Bu müqavilə ilə Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə qədər yüksəldi. Bəyannamə beynəlxalq əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil, müasir texnologiyalar, idman, gənclər siyasəti, müdafiə sahələri də daxil olmaqla bütün vacib sferaları özündə əhatə edir.
Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunur. Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Eyni zamanda, tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri Bəyannamədə öz əksini tapmışdır. Bu, böyük tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.
Şuşa Bəyannaməsi ilə hər iki ölkə beynəlxalq siyasi münasibətlərdə üzərlərinə çox mühüm öhdəliklər götürürlər. Belə ki, tərəflər öz milli maraqlarına uyğun müstəqil xarici siyasət yürütməklə bərabər, aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklərinə, BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklərinə söz verirlər.
Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün Azərbaycan ilə Türkiyəni dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin reallaşması yönündə əməli işlər aparılır. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması dəhlizin bütövlükdə region və tərəfdaş dövlətlər üçün böyük əhəmiyyət daşıdığını təsdiqləyir. Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi tarixə mühüm hadisə kimi yazıldı.
Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Müqavilənin imzalandığı tarix isə bir neçə aspektdən xüsusi əhəmiyyətə malikdir.
Birincisi, 15 iyun müstəqil Azərbaycanın tarixində Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını həyata keçirdiyi həlledici günlərdən biridir. İkincisi, müqavilənin Ermənistanda növbədənkənar parlament seçkilərindən bir neçə gün əvvələ təsadüf etməsi bu ölkədəki revanşist qüvvələrə ciddi bir mesajdır. Başqa sözlə desək, seçkilərin nəticəsindən, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq 44 günlük müharibənin nəticələrini və 10 noyabr bəyannaməsini geri çevirmək, ondan imtina etmək mümkün olmayacaq. Belə bir pozucu addım yeni müharibənin başlanması deməkdir ki, belə olan halda, yəni bundan sonra Azərbaycana qarşı hər hansı hərbi təcavüz olarsa, müttəfiqlik müqaviləsinin müddəalarına uyğun olaraq Türkiyə artıq yalnız siyasi-mənəvi dəstəklə kifayətlənməyəcək.
Bəyannamənin məhz Şuşada imzalanması da Ermənistana çox mühüm mesajdır. Müttəfiqlik haqqında Bəyannamə Türkiyəni Qarabağın təhlükəsizliyinin təminatçısına çevirərək, düşməni və revanşist dairələri Şuşaya və bütün Qarabağ torpaqlarına olan iddialarından, yeni işğal hədəflərindən əl çəkməyə vadar edir. Azərbaycanın öz ərazi bütövlüyünü həmişəlik olaraq bərpa etdiyini Ermənistandakı bəzi dairələr də anlayırlar. Məsələn, bu ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan bu günlərdə verdiyi açıqlamada digər eksprezident Robert Koçaryanın Şuşanı və Hadrutu “geri qaytarmaq” bəyanatının ölkəsini yeni müharibəyə və yeni itkilərə sürükləyə biləcəyini deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin də Ermənistanın 10 noyabr bəyanatından imtina edəcəyi təqdirdə bunun həmin ölkə üçün “intihar” demək olduğunu bildirmişdi. Bəyannəməyə əsasən belə demək olar ki, Şuşa Bəyannaməsi Putinin, Ter-Petrosyanın və digərlərinin xəbərdarlıqlarından nəticə çıxarmayan avantüristlərin nəyisə “qaytarmaq” xəyallarının, niyyətlərinin üstündən bir dəfəlik xətt çəkəcək. Ermənistan bundan sonra keçmiş səhvlərindən nəticə çıxararaq, Azərbaycan və Türkiyənin suverenliyinə, ərazi bütövlüyünə hörmət edərək hər iki ölkə ilə normal münasibətlər qurmaq, bölgədə sabitlik yaratmaq, regiondakı əməkdaşlıq və inkişaf prosesinin tərkib hissəsi olmaq, özünün son dərəcə kəskinləşən siyasi, iqtisadi, demoqrafik və s. problemlərini həll etmək barədə düşünməlidir.
Ermənistan və onun havadarları da anlamalıdırlar ki, onların sülhü, barışığı təhdid edən bütün qərəzli fəaliyyətləri Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin qarşısında iflasa məhkumdur. Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəsdək təmənnasız qardaşlığın parlaq nümunəsidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukrurları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər.
Beynəxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu, həm Azərbaycanı ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Şuşadan bölgəmizə və dünyaya verilən mesajlar çox önəmlidir. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə qardaş Türkiyənin dəstəyi böyükdür. Türkiyə Prezidentinin “Qədim Şuşa şəhərində ən qısa müddətdə baş konsulluq açmağı planlaşdırırıq” bəyanatı da gələcək hədəflərin açıqlanmasında yardımçıdır. Belə bir mühüm addımın reallığa çevrilməsi birliyimizin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, qardaş ölkənin bölgədə fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməsini təmin edəcək. Bir sözlə, Azərbaycan-Türkiyə əməkdaşlığının genişlənməsi üçün yeni imkanlar yaranır.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesajdır. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” sözləri də bütün dünyaya sübut olunan bir birlik nümunəsi, həmçinin Ermənistan və onların havadarlarına verilən bir mesajdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB