"Əgər, valideyni olmayan insana dövlət dəstək çıxmasa..." - ARAŞDIRMA

"Əgər, valideyni olmayan insana dövlət dəstək çıxmasa..." - ARAŞDIRMA

14 İyun: Bəli, son zəng və məzunlar artıq yeni həyata atılmaq üçün öz yeni yollarının astanasındadırlar. Kimi universitet imtahanlarına hazırlaşır, kimi hər hansı peşəyə yiyələnmək üçün kurslar seçir, kimisi də xaricdə təhsil üçün xüsusi proqramlara müraciət edəcək. Bəs, Xüsusi Tipli İnternat məktəbini bitirən şagirdlər necə? İllər boyu valideyn qayğısına həsrət, dünyaları isə kiçik məktəblərindən ibarət olan bu qrupa məxsus uşaqları nələr gözləyir? Valideyn və ya bir böyük dəstəyi olmadan bütün bu çətinliklərdən necə baş çıxaracaqlar ? Məsələ ilə əlqədar SİA-nın araşdırmasını təqdim edirik:

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə: “Xüsusi Tipli İnternat məktəbini bitirən şagirdlər məktəbdə oxuduqları müddətdə təhsillə bərabər peşə bacarıqları istiqamətində də onlarla iş aparılıb. Əlbəttə, fiziki qüsurlu gənclərin heç də hamısı uğurlu işlə təmin olduğunu deyə bilməsək də, onların arasında uğurlu olanlar da var. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi daha çox peşəyönümlü kurslar, ixtisas bacarıqlarının artırılması istiqamətində qrup şəkildə işlər aparırlar.

Həmin uşaqlar rəsmi qaydada bu peşələrə yiyələnir, öyrənirlər. Bu kurslarda daha çox dərzilik, ayaqqabı təmiri, kompüter bacarıqları kimi bir sıra peşə sahələrinə yiyələnirlər. Yəni, fiziki qüsurlu insanların görə biləcəyi bütün peşə sahələrində kurslar keçirilir. Eyni zamanda Məşğulluq İdarəsi tərəfindən onların işlə olunmasına şərait yaradılır. Xüsusi qayğıya ehtiyacı olan qrupla bağlı ƏƏSMN-nin yetərincə proqramları var. Son illər müşahidə edirəm ki, bu sahədə çox böyük işlər görülür. Sadəcə bizim üçün bilmək yaxşı olar ki, bu bacarıqlar İnternat Məktəbində həmin uşaqlara hansı səviyyədə öyrədilir.

Lakin ƏƏSMN-nın bu məsələdə üzərinə düşən nədirsə Sosial Xidmətlər Agentliyi tərəfindən yaxşı təşkil olunur və sözügedən qrupa daxil olan şəxslər işlə təmin olunurlar. Valdeyn qayğısından məhrum olmuş uşaqların da mənzil hüquqları, sağlamlıqları ilə bağlı məsələlər də öz həllini tapır”.

Sosioloq, jurnalist Elçin Bayramlı: “İnternat məktəbini bitirən uşaqların problemləri uzun müddətdir getdikcə gərginləşir. Sovet zamanı bu məsələ ilə əlaqədar xüsusi dövlət yanaşması vardı. Həmin uşaqların İnternatdan sonrakı həyatının təmin edilməsi üçün onlara yataqxanalarda yer ayrılır, müəssisə, zavod, fabriklərdə, dövlət idarələrində iş yerləri verilir, müxtəlif güzəştlər tətbiq olunurdu. Məsələn, təkmilləşdirmə kurslarına, peşə məktəblərinə göndərilir və onların həyatda özlərinə yer tutmasına şərait yaradılırdı. Amma sonrakı dövrlərdə bu məsələ tamamilə aradan qalxdı və həmin uşaqlar taleyin ümidinə buraxıldı".

Sosioloqun sözlərinə görə, ətrafımızda da görürük ki, iş verənlər onların işə götürülməsində maraqlı deyillər: “Evləri, işləri yoxdur deyə ailə qurmaqla bağlı problemlər də yaşayırlar. Bu uşaqlar cəmiyyətdə bir qrup əmələ gətirirlər ki, həmin qrup tamamilə sahibsiz, dövlət və cəmiyyət tərəfindən sahib çıxılmayan qrup formalaşır. Onlar cinayət aləminə daha çox qədəm qoyurlar. Kriminal qrupların üzvlərinə baxsaq görərik ki, həmin qruplaşmaların 70-80 faizi bu cür uşaqlardır. Sosial Xidmətlər Agentliyi ola bilər ki, bu məsələdə müəyyən qədər işlər görür, lakin bu kütləviləşməyib və lazım olduğundan da dəfələrlə aşağıdır. Bununla bağlı biz mətbuatda da ciddi rəqəmlərə rast gəlmirik. Əslində, onların elə böyük səlahiyyətləri də yoxdur. Həmin qurum özəl şirkətlərə də əmr verə bilməzlər ki, İnternat məktəbini bitimiş uşaqları işə götürün”.

E.Bayramlı vurğulayıb ki, bu cür uşaqların dövlət orqanlarında da işə düzəlmək ehtimalları da çox azdır: “Bununla bağlı tək yol xüsusi Dövlət Proqramının qəbul olunmasıdır və bəzi qanunlara dəyişiklik edilərək məcburi qaydalar qoyulmalıdır: “Əlil kvotaları olduğu kimi hansı ki, özəl və dövlət müəssisələrində müəyyən faizlə əlil şəxsin işləməsi vacibdir, eləcə də bu cür kvota xüsusi qayğıya ehtiyacı olan qrup üçün qoyulmalıdır. Yəni, onlar hiss etməlidir ki, dövlət onların arxasında dayanır. Əgər, valideyni olmayan insana dövlət dəstək çıxmasa, ona artıq başqaları sahib çıxacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə