Sosial şəbəkə istifadəçiləri belə hallara yol verməyin - XƏBƏRDARLIQ - EKSPERT TƏNQİD ETDİ
"Təəssüf ki, son dövrlər sosial şəbəkələrdə, xüsusilə "Facebook” və "YouTube" vasitəsilə əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışların şahidi oluruq. Xüsusilə də həmin çıxışlara etirazlı münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçiləri qarşı tərəflərdən dilə gətirilməsi belə mümkün olmayan söyüş, təhqiramiz ifadələrə qarşılaşmalı olurlar. Bu kimi amillər isə ilk növbədə xalqımıza xas olmayan acınacaqlı haldır. Ona görə də milli-mənəvi və əxlaqi dəyərlərimizdən uzaq olan bu cür halların belə davam etməsi hiddət doğurur və yolverilməzdir. İstər siyasi, istər sosial, istərsə də digər mövzuların, diskusiyaların aparılması zamanı ümumi qəbul olunmuş normativlərə riayət etmək hər birimizin borcudur. Biz unutmamalıyıq ki, sosial şəbəkələrdən istifadə edərkən, yazdığımız rəyləri, şərhləri, səsləndirdiyimiz fikirləri digərləri ilə yanaşı, ailə üzvlərimiz də görür, eşidirlər. Çünki sosial şəbəkə reallığı artıq günümüzün tələbinə çevrilib və hər kəs tərəfindən istifadə edilməkdədir". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Rövşən Rəsulov deyib.
Onun sözlərinə görə, hər bir vətəndaşımızın, tələbə və gənclərimizin, xüsusi olaraq məktəblilərin təlim-tərbiyəsinə və psixologiyasına, gələcəyinə, müqəddəratına olduqca mənfi təsirlər göstərən, hətta travmalar yaradan bu cür halları qəti şəkildə pisləyir, istər xaricdə, istərsə də ölkə daxilində bu cür hərəkətlərə yol verən şəxsləri söyüş, təhqir və böhtanlardan əl çəkməyi, bu hərəkətləri dayandırmağı xahiş deyil, qətiyyətlə tələb edirik: "Hesab edirəm ki, qəbul olunmuş müəyyən qanunlar müqabilində hüquq-mühafizə orqanlarımız tərəfindən addımlar atılsa da, sosial şəbəkələrdə söyüş və təhqirlərin qarşısının birdəfəlik alınması üçün sərt qanunların, tənzimlənmələrin həyata keçirilməsinə tələblər artmaqdadır. Ümid edirik ki, daha əvvəllər də Milli Məclisdə qaldırılmış bu məsələ davamlı diqqət mərkəzində saxlanılacaq, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin təhqirlərə, söyüşlərə məruz qalınmasının, mənən alçaldılmasının qarşısı birdəfəlik alınacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB