Evlilikdə yaşın fərqi varmı, yaş fərqli uğurlu evliliyə əngəl ola bilərmi?
Hər kişi bir gün evlənəcəyi qadının arzularındakı qadın olmasını istəyir, hər qızın xəyallarında bir ağ atlı şəhzadəsi var. Zaman kimimizin xəyalını gerçək edir, kimimizin düşüncəsini reallaşdırmır. Amma hamı bir gün öz yarını tapacağı günü gözləyir. Yarını tapan isə ortadakı bütün əngəlləri yox etmək istəyir və o əngəllərdən biri də çox vaxt yaş fərqi olur. Bu dəfə elə bu məsələdən, evliliklərdə yaş fərqindən yazdıq.
Evlilik nə tələb edir?
Psixoloqların fikrincə, uğurlu evliliklərin əsas səbəbi sevginin qarşılıqlı olmasıdır. Əlavə olaraq, təhsil səviyyəsi, dünyagörüşlər uyğun olmalı, evlənənlərin həm ruhi, həm də cismani “əkiz” olmaları vacibdir. Hesab edilir ki, evliliklərdə ən böyük maneə, insanın daha tez dəyişməyə meylli olmasıdır. Bəzilərində daha yaxşı bir həyat səviyyəsi olan birini görəndə, həyat yoldaşından daha cəlbedici biri ilə rastlaşanda bu cür problemlər yaranır.
Bir sıra psixoloqlar isə deyir ki, bu cür problemlər adətən yaş fərqi çox olan ailələrdə yaranır. Belə ki, qadın ərindən 6-10 yaş kiçikdirsə və yaxud da əksinə, kişi həyat yoldaşından kiçikdirsə, qısqanclıq birinci maneədir.
Qeyd olunur ki, evlilik insanlardan bircə şey tələb edir- elastik olmağı. Çünki sabit fikirlilik evliliklərdə ikinci problemdir. Evləndikdən sonra da olduğu kimi qalmaq bizim cəmiyyətin bir çox kişilərinə xasdır. Yenilikçi olmaq, amma mühafizəkarlığını itirməmək vacibdir.
Normal düşüncəyə görə, ailə bir dəfə qurulur və ömürlük olur. Belə ailələri yalnız ölüm ayıra bilər. Lakin bəzi obyektiv səbəblərdən də yarılmçıq qalan ailə həyatları olur ki, burada da hər iki tərəf başqaları ilə yenidən ailə qurmaqda problemlərlə qarşılaşır və çox vaxt düzgün həyat yoldaşı tapa bilmirlər.
Qısqanclığı yaradan birinci faktor nədir?
Evliliklərdə yüz faizli uyğunluqlar demək olar ki, yoxdur. Bəlkə də olsaydı “ideal” dediyimiz evlilik bu olardı. Dövrümüzdə kimsə özünə cəmi bir neçə xüsusiyyəti bənzər olan biri ilə tanış olursa istər-istəməz ona biganə qala bilmir. Düzdür, zəmanə gənclərinin əksəriyyəti daha çox xarici görünüşə aşiq olur, xasiyyət və xüsusiyyətləri o qədər vacib hesab eləmirlər. Elə bu səbəbdən də ailənin təməli möhkəm qoyulmur və ən xırda bir problemdə sarsıntı yaranır.
Yaş fərqi çox olan ailələrdə problem daha çox qısqanclıqdan yaranır. Yaş fərqi başlanğıc üçün o qədər də güclü maneə sayılmaya bilər, çünki həmin vaxt hər iki tərəf sevdiyini düşünür və gələcək həyatlarında yaş fərqinin maneə olmayacağını hesab edirlər. Lakin zaman, təcrübələr və gözümüzün qarşısında baş verənlər sübut edir ki, evlənənlər arasında maksimum 5-6 yaş fərq olduqda bu ailədə problem yaratmır, daha çox fərqlə- 10-15 yaş fərqi ilə qurulan evliklərin bir hissəsində isə problemlər yaranır.
İdeal evlilik yaşı neçədir?
Bizim bir məsəlimiz var- ağıl yaşda deyil, başdadır. Bir çox halda işlətdiyimiz, doğru nəticəsini tez-tez müşahidə etdiyimiz məsəldir. Bizim cəmiyyətdə kişilərin evlənməsi adətən onun maddi və mənəvi hazır olmasından sonra reallaşır. Bir qədər açıq olsaq, bunun mənəvi tərəfinin həmişə düşünülmədiyini də görərik. Çünki elə ailələrimiz var ki, maddi təminatı yaxşıdır və oğlunu 18 yaşında evləndirmək istəyir.
Qızın valideynləri də təxminən belə düşünür- evi var, işi var, qazancı yaxşıdır, daha nə lazımdır ki? Düşünürlər ki, ailənin maddi problemi olmayacaq. Amma valideynlər düşünmür ki, bunun mənəvi və psixoloji tərəfləri də var.
Bir sıra psixoloqlar hesab edir ki, evlilik 25 yaş civarında olduqda daha möhkəm ailə qurula bilər. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə isə, sağlam ailə üçün ideal yaş kişilər üçün 27-28, qadınlar üçün 22-23-dür. Yəni, 20-dən aşağı tezdir, 30-dan yuxarı gecdir.
Ailə quran gənclərin arasındakı yaş fərqi o vaxt daha çox gözə çox çarpır ki, qadın kişidən böyük olsun. Bu fərq bircə yaş da olsa “gözə batır”. Bizim adət etdiyimiz ənənələr evliliklərdə qadının kişidən kiçik olmasını tələb edir. Qadının yaşca özündən kiçik ərini görəndə birmənalı qarşılanmır. Amma əksinə olduqda bu fərq 10-12 ilə qədər dəyişə bilir, cəmiyyət qadının kiçidən bu qədər kiçik olmasına bir söz demir, normal qarşılayır və problemlər də burdan başlayır.
Üstəlik, qadın və kişi orqanizminin hədd buluğa çatma yaşları da fərqli olduğundan onların eyni yaşda evlənməsi tam doğru olmur. Ona görə də, daha yaxşı halın kişinin qadından bir neçə yaş böyük olması hesab edilir.
Yaş fərqi böyük olan məhşurlar
İngiltərənin məşhur gecə klubu sahiblərindən və gecə həyatında adı tez-tez çəkilən Piter Strinqfelov, özündən 41 yaş gənc qadınla evləndi. Onun 68 yaşı var, həyat yoldaşının 27. Mediaya tez-tez verdiyi açıqlamalarında qoca aşiq deyir ki, gənc arvadı onu olduğundan iki dəfə cavan görünməyə sövq edir.
Hollivudun tanınmış simalarından olan Demi Mur həyat yoldaşından 15 yaş böyükdür. Mur 1962-ci ildə doğulub, həyat yoldaşı isə 1978 təvəllüddür. Məhşur müğənni Beyons 1981-ci il təvəllüddür, bir müddət əvvəl 1969-cu il təvəllüdlü kişi ilə ailə qurdu. Müğənni Billi Coul həyat yoldaşından 32 yaş böyükdür.
Maykl Duqlas həyat yoldaşı Ketrin Zeta Consdan 25 yaş böyükdür. Milyonların sevimlisi məhşur aktyor Nikolos Keyc isə həyat yoldaşından 20 yaş böyükdür. Elizabet Taylor özündən 20 yaş cavan biri ilə 5 il evil oldu. Eva Lonqariya özündən 7 yaş kiçik kişi ilə evlənmişdi. Madonna ərindən 10 yaş böyük idi.
Türkiyənin məhşur müğənnilərindən olan Seda Sayan da saysız-hesabsız evliliklərində gənc kişilərə üstünlük verib. Amma müğənninin bütün evlilikləri uğursuz olub. Məhşur müğənni Zərrin Özər də özündən 16 yaş kiçik olan ərindən boşandı. Ebru Gündeş isə Azərbaycan əsilli əri Rza Zərrabdan 10 yaş böyük idi.
Azərbaycandakı anoloji halları isə hamınız bilirsiniz deyə burada yazmırıq.
Problem ekspertlərin gözü ilə
Sosioloq Cəmil Oruclu düşünür ki, ailə quran zaman kişinin qadından boyuk olması fikri mütləq əsas sayılmamalıdır: “Əsas olan fikirlərin uyğunluğu, münasibətlərin normal inkişafı və ünsiyyət probleminin olmamasıdır. Amma bu dediklərim 3-6 yaş arası üçün qüvvədə sayıla bilər. Arada 6-10 və ya daha çox yaşın olması problemin başlanması və inkişafı üçün yetərli səbəbdir. Çünki yaşca böyük olanın fikir və düşüncələri kiçik olanın fikirlərindən fərqli ola bilər. Yaşı az olana bu bayağı, köhnəlmiş fikir kimi də görünə bilər. Və yaxud da əksinə, nisbətən cavan olanın düşüncələri yaşca böyük olan üçün gülməli görünə bilər. Bu təbii prosesdir və bu da fikir ayrılığına gətirib çıxarır. Fikir ayrılığı isə arada ziddiyyət yaranması üçün yetərli səbəbdir”.
Psixoloq Naib Allahverdiyevin sözlərinə görə isə Azərbaycanda yaş fərqi ailə münasibətlərinə təsir etmir, çünki bizim cəmiyyətdə aralarında o qədər də çox yaş fərqi olan insanlar ailə qurmurlar: “Bəzən olur ki, hansısa tanınmış insanı məsəl çəkirlər, “o özündən 20 yaş böyük və ya kiçik biri ilə ailə qurub” deyirlər, amma qısa müddətdən sonra onların boşanmasının da şahidi oluruq. Bu coğrafi ərazilərə görə də dəyişən dəyərdir. İnsanların psixologiyalarında, dünyagörüşlərində artıq özünə yer eləmiş adətlər, davranışlar var. Bizdə yaş fərqi çox olan evliliklərə normal baxılmadığından belə ailələr də barmaqla sayılacaq qədər az qurulur. Bir psixoloq kimi, mən bunu məsləhət görməzdim, çünki bu sahədə o qədər də ürəkaçan hadislərlə qarşılaşmırıq”.
Cəmiyyət nə düşünür?
Ailədə hansı cinsin daha böyük olması barədə Facebook sosial şəbəkəsində “ailədə yaş faktoru necə olmaldır?” mövzusunda keçirdiyimiz soğruda 30 respondentdən 23-i “kişi qadından böyük olmalıdır” deyə cavab verdi. “Qadın kişidən böyük olsa yaxşıdır” variantını seçən sadəcə 2 nəfər oldu, “yaşın fərqi yoxdur, vacib olan eşqdir” deyən isə 5 nəfər oldu.
Qeyd edək ki, sorğuda iştirak edənlər əsasən media nümayəndələri – jurnalist və yazıçılar idi. Sorğunun nəticəsinə istinadla deyə bilərik ki, bizim cəmiyyət qadının kişidən böyük olduğu evliliklərə o qədər də isti münasibət göstərmir.
Bu məsələyə baxış dünya xalqları arasında fərqlidir. Bəzi ərəb ölkələrində qoca kişilərin nazyaşlı qızla evlənməsi normal sayılırsa, bəzi Avropa xalqlarında da yaşlı qadınların gənc oğlanlarla evlənməsi nornal sayılır.
Hər cəmiyyətin öz ənənələri, öz baxışları var. Dünyanın fərqli cəmiyyətlərində bu məsələyə yanaşma fərqlidir. Bu həmin cəmiyyətin sosial-psixoloji, mənəvi-əxlaqi vəziyyəti ilə düz mütanasibdir.
Azərbaycan cəmiyyətinin bu məsələyə baxışı daha düzgündür. Burada həm fiziki-bioloji qanunauyğunluqlar, həm də mənəvi-psixoloji məqamlar yerindədir. Belə ki, xalqımızda qədimdən belə qəbul olunur ki, oğlanlar 20-25 yaşları arasında evlənməlidir və özündən bir neçə yaş kiçik qızlarla. Bu ən ideal evlilik dövrüdür.
Təcrübə və statistika da göstərir ki, bundan tez evlənənlərdə və bundan gec evlənənlərdə problemlər çox olur və əksər hallarda bu boşanma ilə nəticələnir. Demək, ailə qurma məsələlərində minillərin sığnağından çıxmış ənənələrə diqqət yetirilməlidir. Nəinki sonu əksər hallarda problemlərlə bitən müasir eksperimentlərə üstünlük vermək.
Milli ailə instutumumuzu, milli-mənəvi dəyərlər sistemimizi qoruyub saxlamalıyıq. Min illərdir bunu necə qoruyub bizə ötürüblərsə, biz də eləcə gələcək nəsillərə ötürməliyik. Millət, cəmiyyət, fərd olaraq bu bizim vəzifəmiz, borcumuzdur.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB