Küçələrimiz abadlaşır - Vətəndaşlar razılıq edir

Son illər ölkəmizdə bütün sahələrdə köklü dəyişikliklər baş verib, islahatlar, abadlıq-quruculuq işləri şəhər lərimizin simasını dəyişib, vətəndaşların sosial problemləri - su, qaz, işıq kimi layihələr demək olar ki, paytaxt Bakıda tam olaraq başa çatdırılıb. Xüsusən də yol infrastrukturunda uğurlu inkişaf əldə olunub. Təbii ki, bütün bu işlərin həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin rolu və rəhbərliyi danılmazdır.

Prezidentimizin imzaladığı sərəncamlardan biri də Binəqədi rayon ərazisindəki küçə və yolların abadlaşdırılması və yenidən qurulması haqda olub. Məhz bunun nəticəsidir ki, Binəqədi rayonunda "Azəravtoyol" ASC tərəfindən təkcə əsas magistral yollar yox, həmçinin ara yollar və küçələrə də asfalt döşənib.

Rəsulzadə qəsəbəsinin bələdiyyə sədri Hümbət Hüseynov əməkdaşımızla söhbətində abadlıq quruculuq işlərinin bundan sonra da davam etdiriləcəyini xüsusi olaraq qeyd edib: "Ölkə Prezidentinin sərəncamlarına uyğun olaraq qəsəbəmizdə bütün yol infrastrukturu yenilənir. Bu da qəsəbəmizdə yaşayan vətəndaşlarımızın rahatlığının təmin olunması üçündür. Çalışırıq ki, insanlarımız əziyyət çəkməsin, rahat yollarla evlərin, iş yerlərinə gedə bilsinlər".

Onu da qeyd edək ki, H.Hüseynov bələdiyyə sədri kimi çalışdığı bütün dövrlərdə vətəndaşların problemlərinin həllinə diqqətlə yanaşıb. Vətəndaş qəbullarının keçirilməsi artıq intensiv xarakter alıb.

Bu yaxınlarda Rəsulzadə bələdiyyəsinin ərazisinə aid olan ara yolların birinə asfalt döşənib, yol kənarları abadlaşdırılıb. Əlbəttə, bundan ilk olaraq razılıq edən, görülən işlərə sevinən bu ərazidə yaşayan insanlardır. Vətəndaşlar onlara diqqət və qayğı ilə yanaşan, sosial problemlərini həll edən cənab Prezident İlham Əliyevə, o cümlədən rayon rəhbərliyinə və qəsəbə bələdiyyəsinə dərin təşəkkürlərini bildirirlər.

Məmmədhəsən MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə