Hər şey inamdan başlayır, özünə inam, dosta inam, yoldaşa inam. İnanmasaq sonuc əldə etməyimiz də mümkün deyil. Bizi yaşadan da ətrafımızdakı insanlara olan inanımızdır. “Mənim polisim, məni qoruyur” inamı da aktuallığını bu gün qoruyur. Bəlkə də kimlərsə bu deyimin mənasını dərinliyinə varmasın. Amma bizim rahatlığımızın təmin edən, təhlükəsizliyimizin qorunması üçün gecə-günüz çalışan bu insanların əməyini, fədəkarlığını onların fəaliyyəti ilə yaxından tanış olan, onlarla təmasda olan insanlar daha yaxşı bilər. Polislər haqqında düşüncələrim əvvəllər də pozitiv idi. Amma bu dəfə...

Bacım oğlu Naxçıvandan Bakıya ezam olunmuşdu. İşlərininn bitməsinə 3 gün qalmış təyyarəyə bilet aldıq ki, vaxtında və problemsiz geri dönə bilsin. Amma, sən saydığını say, gör fələk nə sayır. 14 iyun səhər saat 06:20 radələrində 20 Yanvar dairəsi yaxınlığında avtomobildən düşəndə içərisində bütün sənədləri, maaş kartı və nağd pul olan pulqabısını itirir. Məsələdən təxminən 15 dəqiqə sonra xəbər tutur. Təxmin etdiyi yerlərə baxır və tapa bilmir. Dərhal polisə xəbər verdik. Axtarışa biz də cəlb olunduq, baxmadığımız yer, soruşmadığımız kəs qalmadı, amma pulqabından əsər-əlamət tapa bilmədik. Narahatlığımız onda idi ki, əvvəla sənədsiz təyyarəyə buraxılmayacaqdı və nəticədə çalışdığı dövlət qurumundan ciddi cəza almaq ehtimalı var idi. Polis də öz xətti ilə bütün ehtimalları araşdırıb bizə yardımçı olmağa çalışırdı. Təbii ki, bu işdə əməyi olan bütün polis əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk, axtarışa çox vaxt və əmək sərf etdilər.

Artıq iyunun 15-i, saat 19:30 radələri idi, ümidimizi hər yerdən kəsmişdik, sənədlərin tapılacağına inamımızı itirmişdik. Son cəhdimizi də sınamaq istədik. Zatən polis axtarışla məşğul idi, amma televiziya tamaşaçılarının, xüsusən də biz mətbuat işçilərinin yaxından tanıdığı, işinin peşəkarı olan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova müraciət etməyi də məsləhət bildik. Baxmayaraq ki, həm 15 iyun – Milli Qurtuluş Günü, həm də iş gününün sonu – saat 20 radələri idi, V.Əsədov həmişə olduğu kimi kabinetində iş başında idi. Bizi idarənin giriş qapısında qarşıladı və təmkinlə dinlədi. Hər epizod barədə detallı şəkildə fikirlərimizi öyrəndi və...
Və sözün həqiqi mənasında möcüzə baş verdi. İki gün gecə-gündüz axtardığımız sənədlər tapılmışdı. V.Əsədov yarım saat sonra foyedə bizə yaxınlaşıb sənədlərimizi kimdən götürə biləcəyimiz haqda qeydlər yazılmış kağız parçasını bizə uzatdı, əsgəri salam verib və “sizə uğurlar, amma bir az diqqətli olun” dedi. İnana bilmədik, bu qədərmi operativ... Peşəkarlıq buna deyərlər.

Sözüm daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovadır. Cənab general, son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi daxili işlər orqanlarında da aparılan islahatlar öz bəhrəsini verməkdədir. Şəxsi heyyətin insanlarla münasibətinin günün tələblərinə uyğun qurulmasında, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının artırılmasında isə Sizin xidmətləriniz danılmazdır. Bu gün DİN-də maddi-texniki bazanın gücləndirilməsinə, yenilənməsinə qədər hər şey dəyişib. Ən əsası polis-vətəndaş münasibətlərində inqilabi dəyişiklik baş verib, insanların polisə inamı, etibarı artıb. Faktlar kifayət qədər çoxdur, sadalamağa ehtiyac da yoxdur. Ölkəmizdəki siyasi sabitlik, ictimai asayişin qorunmasında əldə edilən uğurlar bunu deməyə əsas verir. Başqa ölkələrdən fərqli olaraq küçə gəzintisinə çıxmaq üçün günün bəlli saatlarını gözləmirik, istədiyimiz vaxt, istədiyimiz məkanda istirahət edə bilirik və buna tərəddüd etmirik. Çünki bizim polisimiz, bizi qoruyur.

Cənab general, rəhbəri olduğunuz nazirliyin fədakar polislərinin bizə göstərdikləri səmimiyyətə, diqqətə görə, öncə Sizə təşəkkürümüzü bildiririk. Bütün Azərbaycan mətbuatı polkovnik V.Əsədovu sadə, təvazökar, peşəkar polis işçisi kimi tanıyır və onun əməyini yüksək qiymətləndirir. İnanırıq ki, belə əməkdaşınızla siz də fəxr edirsiniz. Bir daha Sizə minnətdarlığımızı bildiririk.

Vəli VƏLIYEV, SİA-nın icraçı direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə