İnsanlar fotosessiya etdirməkdə niyə maraqlıdır? - TANINMIŞ FOTOQRAFLAR AÇIQLADI

“Fotoqraf sözünün mənası yunan dilindən tərcümədə "foto" işıq, "grafio" çəkirəm deməkdir. Yəni, işığı çəkirəm. Fotoqrafın ilk növbədə fikir verdiyi detal işıq olmalıdır. İstər qapalı, istərsə də açıq məkan olmasının heç bir fərqi yoxdur. Yəni, ilk növbədə işığa fikir verilməlidir, daha sonra rənglər, şəkil çəkiləcək məkandakı detallardır. İnsan, əşya, hər hansı bir məkan və foto reportajdan olmasından asılı olaraq şəkil çəkilərkən fikir veriləcək detalların tələbi dəyişə bilir. Lakin professsional fotoqrafın diqqət etməli olduğu detal işıqdır”. Bu fikirləri SİA-ya açıqlamasında professional fotoqraf Şahin Sərdarov deyib.

Onun sözlərinə görə, son illər cəmiyyətdə şəkil çəkdirməyə marağın artması istifadə etdiyimiz ağıllı telefonlarla bağlıdır: "Çünki əvvəllər hər kəsdə fotoaparat və studiyalarda şəkil çəkdirmək imkan yox idi. Lakin dövrün tələblərinə uyğun olaraq indi bu məhdudiyyətlərin heç biri yoxdur. Ona görə də hər kəs istədiyi məkanda, istədiyi kimi öz şəkillərini çəkə bilir”.

Ş.Sərdarov vurğulayıb ki, lakin danılmaz faktdır ki, son illər professional fotosessiyalara da tələbat artıb: “Bunun isə səbəbi sosial şəbəkələrdir. Çünki bir neçə il əvvəl çəkilən şəkilləri çox az insan görürdü və şəkillər ancaq şəkil albomlarında olurdu. Amma bu gün fotosessiyalar sosial şəbəkələrdə paylaşılır və fotolara marağın ilk səbəbi sosial şəbəkələrdir deyə düşünürəm”.

“Fotosessiya zamanı fotoqrafın istəyi kamera önündəki cütlükdən və ya modeldən səmimiyyət və sərbəstlikdir. Çünki qarşıdakı insan nə qədər səmimi olarsa, şəkillər bir o qədər daha yaxşı, daha uğurlu alınır”-deyə o, qeyd edib.

Professional fotoqraf İlkin Nəbiyev: "Son illər cəmiyyətdə şəkil çəkdirməyə marağın yaranması sosial şəbəkələrdən irəli gəlir. Çəkilən şəkilləri daha çox “Facebook”, “Instagram”, “Vatsap” statuslarında paylaşmaq üçün çəkdirirlər. Çəkilən şəkilləri də həmin sosial şəbəkələrdə paylaşıb "like" toplayırlar. Həmin şəkillərə kimin baxdığını, kimin bəyəndiyini, kimin rəy yazdığını görürlər. Bir az da demək olar ki, tanınmış insanlardan, bloggerlərdən öyrənirlər. İnsanları bahalı həyat tərzi, xoşbəxt fotolar cəlb edir.

Fotosessiya zamanı şəkil çəkdirən istəyir ki, fotoda daha gözəl çıxsın, fotoqraf da istəyir ki, mükəmməl iş çıxarsın: “Düyməni sıxıb foto çəkməyə nə var ki?! İşin nəzəriyyəsini bilmək önəmlidir. Onsuz fotoqrafı seçən insan o fotoqrafın əl işinə bələd olur. Elə ikisini bir araya gətirən ortaq nöqtə də elə odur. Son zamanlar şəkil çəkdirənlər foto studiyalara üz tuturlar. Əsasən də bəy gəlin, ailə, uşaqlar üçün olan fonlarda, dekorlarda şəkil çəkdirmək istəyirlər və bəzən də şəhərin görməli mənzərəli yerlərinə üz tuturlar. Müştərinin, sifarişçinin məkanı dediyi andan etibarən onun üçün nəyin yaxşı olacağı ideyası artıq beynimdə hazır olur. İş mükəmməl alınırsa, demək hər iki tərəfin istəyi həyata keçib.

Çəkiliş zamanı daha çox şəkilin texniki qaydalara uyğun çəkilməsinə, şəkilin cəlbedici olmasına, rənglərin ahənginə və detallara diqqət edilməlidir. Bəzi şəkillər var ki, onlara şərh, izah verməyə ehtiyac olmur. Şəkilə baxdıqda şəkil özü hər şeyi deyir. Şəkilin üzə çıxmasında isə, təbii olaraq fotoqrafın rolu böyükdür. Şəkillər keçmişə qayıtmağımıza kömək edir. Şəkillərə baxanda xatirələrə dalır, keçmişi xatırlayırıq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...