Azərbaycanın tarixi nailiyyəti olan Zəngəzur dəhlizi - MƏQALƏ

Həşim Məmmədov, Şərqşünas-Araşdırmaçı

Zəngəzur dəhlizinin açılması türk dünyasının, türk ölkələrinin iqtisadi birliyi üçün yeni imkanlar yaradacaq. 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi qələbə qazanaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoydu. Ötən ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu.

Bəyanatda əsas məsələ regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması və kommunikasiyaların bərpa edilməsidir. Sənədin 9-cu bəndində qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.

Şanlı qələbəmizin bariz nümunəsi olan bəyanatın Azərbaycan, ümumiyyətlə region üçün tarixi əhəmiyyəti var. Çünki bununla uzun illər davam edən işğala son qoyulur. Sənədin imzalanması kommunikasiyaların blokadadan çıxması, Zəngəzur dəhlizinin fəaliyyəti üçün böyük tarixi zəmin yaradır. Bu dəhlizin açılması regionda yeni geosiyasi və geoiqtisadi reallıq yaradacaq. Azərbaycan bu istiqamətdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Ermənisatn isə həmişə kimi, qeyri-konstruktiv mövqe sərgiləyən siyasətini davam etdirir. Çünki bu ilin yanvarın 11-də Moskvadakı görüşdə Rusiya, Ermənistan və Azərbaycan liderləri üç ölkənin baş nazir müavinləri səviyyəsində Qarabağda nəqliyyat və iqtisadi əlaqələrin urulmasına yönəldiləcək bir işçi qrupunun hazırlanması barədə razılığa gəlmişdi. İyunun 1-də isə Ermənistan, Rusiya və Azərbaycanın regional rabitənin blokdan çıxarılması üzrə üçtərəfli komissiyanın fəaliyyətini dayandırdığını bəyan etdi.

“TASS” xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan keçirdiyi brifinqdə deyib. Komissiyanın fəaliyyətinin dayandırılmasına səbəb kimi sərhəddə yaranan gərgin vəziyyət göstərilib: "Bu gündən komissiyanın işi davam etməyəcək. Çünki effektiv və səmərəli iş üçün uyğun vəziyyətə ehtiyac var. Sərhəddə belə bir vəziyyət olduğu təqdirdə bu cür fəaliyyətlərin mümkün olmayacağını düşündük. İrəvan sərhəddəki vəziyyətin dinc və diplomatik yollarla həll edilməsi üçün hər şeyi edəcək".

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı yekun nitqində bildirib ki, müharibənin nəticələrindən biri də, əlbəttə, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir: “Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır.

Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Biz buna nail olduq”.

Göründüyü kimi, Azərbaycan hər zaman sülhün, əmin-amanlığın tərəfindədir. Nəqliyyat kommunikasiyalarının açılması, qarşılıqlı dialoq, etimad mühiti formalaşdıracaq. Zəngəzur dəhlizi regionda yeni iqtisadi inkişaf mərhələsinin vacib şərtidir. Lakin Ermənistan ötən ilin noyabrın 10-da və bu ilin yanvarın 11-də imzalanmış Birgə Bəyanatların bəndlərini yerinə yetirməkdən boyun qaçırır. Eyni zamanda regionda iqtisadi maraqlar naminə görüləsi işləri siyasiləşdirir. Son zamanlar Ermənistan tərəfindən sərhəddə yaradılmış gərginlik də məhz buna hesablanlıb. Əslində, bununla Ermənistan düşdüyü acınacaqlı durumu daha da ağırlaşdırır.

Hazırda Zəngilan-Ordubad dəmiryolu xətti və bütövlükdə Zəngəzur dəhlizinin açılması üçün real tarixi zəmin formalaşıb. Zəngilanı Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizinin açılması ilə uzun illərlə blokada şəraitində qalan Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi təmin olunacaq. Bu dəhlizin açılması nəinki regionda, ümumiyyətlə, türk dünyasında geosiysasi vəziyyəti dəyişəcək. Bu, eyni zamanda türk dünyası ölkələrinin iqtisadi birlliyi üçün yeni imkanlara yaradacaq. Zəngəzur dəhlizi Azərbaycanın, o cümlədən region ölkələrinin maraqlarına tam cavab verir. Ermənistan isə bu gercəkliyi qəbul etmək istəmir. Lakin Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan regionda söz sahibi olmasını bir daha sübut edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə