Şəhidlərin xatirəsinə həsr olunmuş kitab şəhid ailələrinə təqdim olunub

Zəfər yolumuz 1993-cü ilin 15 iyun günündən başladı. O gündən ki, ulu öndər Heydər Əliyev xalqımızın xahişi və tələbi ilə yenidən Azərbaycan hakimiyyətinə qayıtdı və bu qətiyyətli qayıdışı ilə xalqımızı, dövlətimizi düçar olduğu bəlalardan, parçalanmaq təhlükəsindən, siyasi, iqtisadi, hərbi böhrandan xilas etdi. Bu gəlişlə Azərbaycan Ordusu yenidən quruldu, formalaşdı, təsadüfi işbaz “komandir və rəislərdən” qurtuldu. Dövlətimizin, müstəqilliyimizin təhlükəsizliyinin təminatçısı olan Milli Ordunun quruculuğunda yeni bir mərhələnin əsası qoyuldu.

Azərbaycan əsgəri öz Ali Baş Komandanını ilk dəfə ön səngərdə, yanında gördü. Qayğı və problemləri barədə qarşı-qarşıya öz rəhbərinə məlumat verdi, ondan əmr, göstəriş, məsləhət və tövsiyələr aldı.
Ulu öndərimiz Heydər Əliyevin 1993-cü il noyabrın 2-də Azərbaycan radio və televiziyası vasitəsilə müraciəti xalqın milli şüurunun oyanışında və ordumuzun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində dönüş nöqtəsi oldu.

Heydər Əliyevdən xeyir-dua alan Azərbaycan əsgəri hücuma keçərək təcavüzkar Ermənistan silahlı bölmələrinin işğal etdiyi Füzuli və Cəbrayıl rayonlarının, indiki Horadiz şəhəri də daxil olmaqla, 22 yaşayış məntəqəsini azad etdi.

Respublikamızın ərazi bütövlüyünün qorunması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə xüsusilə fərqlənən hərbi qulluqçular ən yüksək fəxri adlara layiq görüldü, orden və medallarla təltif olundular. Beləliklə, həmin günlərdə xalqımız tərəqqi, inkişaf, ordumuz isə Zəfər yürüşünə çıxdı.

Bütün bu məsələlər barədə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Astara rayonunda Vətən müharibəsinin şəhid zabit və gizirlərinin ailə üzvləri ilə görüşdə ətraflı söhbət açılıb.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Abdulla Qurbani görüş iştirakçılarını 15 iyun - Milli Qurtuluş Günü münasibətilə nazirliyin rəhbərliyi adından təbrik edib və onlara Vətənə layiqli övladlar bəxş etdikləri üçün minnətdarlığını bildirib.

A.Qurbani deyib: “Mən şahidiyəm ki, Ulu Öndərimiz 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən bu qədim diyarın xilası üçün əsl fədakarlıq nümunələri göstərib. Naxçıvanda ordu quruculuğunun, hərbi qulluqçuların, şəhid ailələrinin sosial-məişət problemlərinin həllinə, onlara xüsusi diqqət və qayğı göstərilməsinə həmişə böyük önəm verib.

Nəzərə çatdırılıb ki, 1993-cü ilin 15 iyununda xilaskarlıq missiyası ilə ölkə rəhbərliyinə qayıdışından sonra da ordu mövzusu, ordunun yaranması, qüdrətli bir qüvvəyə çevrilməsi dahi rəhbərimizin prezident kimi fəaliyyətində həmişə prioritet olub.

1993-cü il dekabrın 27-də Prezident iqamətgahında keçirilən Azərbaycanının Milli Qəhrəmanları və Vətənimizin azadlığı uğrunda şəhid olanların ailə üzvləri ilə görüşdə Heydər Əliyev demişdir: “Şəhidlərimizin ruhu məni ağrıdır. Həlak olan Azərbaycan vətəndaşlarının surəti hər gün gözümün qarşına gəlir. Lakin, Vətənin müdafiəsi hər birimiz üçün ən ülvi, ən uca, ən müqəddəs vəzifədir. Bu müqəddəs vəzifənin yerinə yetirilməsində şəhid olanlar cənnətə gedirlər, onların qəhrəmanlığı xalqın xatirəsində daim yaşayacaqdır.”
Qeyd edilib ki, Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ata ənənələrinə, vəsiyyətinə həmişə sadiqdir və 15 iyundan başlanan Zəfər yolunu inamla, qətiyyətlə, dəmir yumruğunun gücü ilə qət edərək 44 günlük Vətən müharibəsində ən böyük Qələbənin, böyük Zəfərin sevincini xalqımıza yaşadıb.
Sonra A.Qurbani müəllifi olduğu “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabla bağlı məlumat verərək bildirib ki, ilk təqdimat Şuşa şəhərində keçirilib və bir neçə gündür ki, respublikamızın ayrı-ayrı bölgələrində şəhid ailələrinə təqdim edilir. Birinci kitabda Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin Vətənə sədaqətli xidmətlərinə həsr olunan qısa, lakin şərəfli həyat və döyüş yollarına çıraq tutulur.

Astara rayon İcra Hakimiyyəti Başçısının Humanitar Məsələlər üzrə müavini Firəngiz Sadıxova belə bir əlamətdar gündə Müdafiə Nazirliyinin nəşri olan “Vətən müharibəsi şəhidləri” xatirə kitabının şəhid ailələrinə təqdim olunmasının əhəmiyyətindən danışıb və bildirib ki, şəhidlərimizə ehtiram, şəhid ailələrinə isə diqqət və qayğı ilə yanaşmaq hər birimizin borcudur. Bunu bizə Ulu Öndərimiz öyrədib, Müzəffər Ali Baş Komandanımız öz əməli fəaliyyəti ilə göstərib.

Şəhid ailələrinə “Vətən müharibəsi şəhidləri” kitabının nüsxələri təqdim olunub.

Astara Pedaqoji Kollecinin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Ağababa İbrahimov, şəhid zabitlər Kamran Fərəcovun həyat yoldaşı Nuranə xanım, Şahnur Hüseynovun anası Hədiyyə xanım, şəhid gizir Nadir Xəlilovun atası Ağadadaş kişi, Astara rayon İcra Hakimiyyətinin yerli idarəetmə və ərazi-inzibati dairəsi üzrə şöbə müdiri Xanverdi Şirinov, Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Turan Həsənzadə, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Vətən müharibəsinin qazisi Abbas İbrahimli və başqaları Milli Qurtuluş Günündə Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda müqəddəs savaşda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın xatirəsinə həsr olunmuş bu kitabı dəyərli hədiyyə kimi qəbul edib, göstərilən ehtirama, diqqətə görə Müzəffər Ali Baş Komandana, Müdafiə Nazirliyinin rəhbərliyinə və müəllifə minnətdarlıqlarını bildiriblər.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...