Tərəqqi və inkişafa gedən yol – 15 İyun Milli Qurtuluş Günü

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişi ilə dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə dövlət müstəqilliyini qoruyaraq, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və ölkəmizdə inkişafın təməli qoyulub. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanda böyük uğurlara, xalqın sosial rifah halının yaxşılaşdırılmasına, dövlətimizin dünyada yerinin və rolunun möhkəmlənməsinə səbəb olub. Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxması, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb.

Bəli, tarixin bu gün Azərbaycanın gələcək inkişafına böyük yollar açmış oldu. Bugünki uğurlarımız da məhz qurtuluşdan başlanmışdır. Azərbaycanın böyük uğurlarına, inkişafına, onun yeraltı, yerüstü sərvətlərinə hər zaman diqqət ayıran dünya mətbuatında tərəqqi və inkişafa gedən yoldan – 15 İyun Milli Qurtuluş günündən də yazılır, xüsusi reportajlar yayımlanır. Yaponiyanın "Sərhədləri aşanlar 3.0" "YouTube" kanalı Azərbaycanın Qurtuluş Günü münasibətilə xüsusi veriliş yayımlayıb. Verilişin aparıcısı Kazuyasu İşida əvvəlcə Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin karbohidrogen ehtiyatları barədə yapon izləyiciləri ətraflı məlumatlandırıb. Müstəqilliyin bərpasından sonra Azərbaycan xalqının böyük çətinliklərlə qarşılaşdığını qeyd edən aparıcı məhz Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışından sonra bu problemlərin aradan qaldırıldığını vurğulayıb. Bildirib ki, Ulu Öndər ölkədə yaranmış xaosu, hakimiyyət uğrunda mübarizəni qısa zaman kəsiyində aradan qaldırıb, vətəndaş müharibəsinin qarşısını alıb. Müstəqilliyimizin ilk illərinə diqqət yetirsək, ictimai-siyasi vəziyyətin gərginliyini və belə bir zamanda, Azərbaycanın uçurum qarşısında olduğunu daha aydın görmək olur. Ölkədə xaos, anarxiya və özbaşınalıq baş alıb gedirdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdı və uğurların təməlini qoydu. Əlbəttə ki, bu gün böyük fəxarətlə söz açdığımız uğurların yolu çətin, ağır və məşəqqətli yoldan başlanıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı yenicə qazanılmış, dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan ölkəmizin ictimai-siyasi və iqtisadi-hərbi problemlərinin uğurlu həlli ilə tarixi hadisəyə çevrildi. Böyük Şəxsiyyət olmasaydı, Azərbaycanı heç bir qüvvə qurtara bilməzdi. Verilişdə qeyd olunub ki, qardaş qırğını səviyyəsinə qalxmış qarşıdurmanı dayandıraraq ölkəni sabit inkişaf və tərəqqi yoluna çıxarıb. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının əhəmiyyətini dərindən başa düşən Azərbaycan xalqı tezliklə onun əvvəlcə Milli Məclisin Sədri, bir neçə aydan sonra isə Prezident seçilməsini dəstəkləyib. Müəllif qeyd edib ki, dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə və beynəlxalq aləmdə böyük nüfuza malik Ulu Öndər Heydər Əliyev nəinki ölkə daxilində qarşıdurmanı dayandırıb, həmçinin Ermənistanın işğalçı siyasətinin qarşısını alaraq atəşkəsə nail olub. Bu isə Azərbaycana gərgin vəziyyətdən çıxmağa və sivil inkişaf yolu ilə addımlamağa imkan yaradıb. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçib. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə, dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı.

Verilişdə Ümummilli Liderin banisi olduğu neft strategiyası əsasında həyata keçirilən nəhəng beynəlxalq enerji layihələrindən də bəhs olunub. Bildirilib ki, 1994-cü ilin sentyabrında dünyanın aparıcı şirkətlərinin iştirakı ilə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün geniş imkanlar açıb. Bu yataqların mənimsənilməsi və Avropaya nəqli üçün bir çoxlarının xəyal adlandırdığı Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasına başlanıb və bu layihələr qısa müddətdə həyata keçirilib. Müəllif verilişdə Avropanın qaz təchizatında mühüm rol oynayan TAP və TANAP layihələri barədə də ətraflı məlumat verib. Qeyd edilib ki, 2020-ci il dekabrın son günü işə salınan TAP boru kəməri "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Yunanıstan, İtaliya və Bolqarıstana nəqlinə şərait yaradıb.

Bu gün ölkəmizdə Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan uğurla inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan son 17 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Hər bir ölkənin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi əsasında Azərbaycanda iqtisadi imkanların genişlənməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrası sürətləndirilir. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı.

Verilişdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın Qələbəsi ilə başa çatmasından sonra həmin ərazilərdə aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycan həmin ərazilərdə böyük quruculuq və bərpa işlərinə başlayıb. Bərpa işləri və yeni infrastrukturun yaradılması ilə əlaqədar layihələrdə Yaponiya şirkətləri də yaxından iştirak edirlər.

Əlbəttə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 ilə yaxın dövr ərizində xarabazara çevrilmiş torpaqlarımız bu gün yenidən qurulur və böyük canlanma müşahidə olunmaqdadır. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bütün bunlara baxmayaraq, Azərbaycan dağıdılmış, talan edilmiş məkanları bərpa edəcək və bunun üçün artıq dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdırılır. Yaşayış üçün, ilk növbədə, infrastruktur layihələri icra edilir. Təhlükəsiz yerlərdə layihələrin icrasına artıq başlanılıb. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər davam etdirilir. Sosial obyektlərin tikilməsi, yaşayış üçün şərait yaradılması, evlərin inşası işləri ardıcıl olaraqi həyata keçiriləcək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə