Bakı sakinləri gözəl təşəbbüsə qoşulublar - FOTOLAR

Xəbər verildiyi kimi bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə müraciət edərək öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə öz töhfəsini verməyə çağırmışdır.

SİA xəbər verir ki, bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, kommunal qurumlar və paytaxt rayonlarının İcra Hakimiyyətləri tərəfindən əsas küçə və prospektlərdə yerləşən binaların eyvanlarında müxtəlif rəngli güllərlə bəzədilmiş dibçəklər yerləşdirilməyə başlanmışdır. Şəhərin Zərifə Əliyeva, Azərbaycan, İstiqlaliyyət, Neftçilər prospektləri, Bünyad Sərdarov, Yusif Səfərov, Svetlana Məmmədova, Rasim İmanov və digər küçələrindəki binaların eyvanları bu dibçəklərlə bəzədilmiş, müxtəlif rəngli ətirşah, qeorgin, petuniya və digər güllər şəhərimizə yeni bir gözəllik gətirərək paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən çox müsbət qarşılanıb.

Mərkəz küçələrdə start verilən bu aksiyaya paytaxtın bütün rayonları da qoşulmuş və artıq şəhərin bir çox binalarının eyvanlarının bəzədilməsi işləri böyük vüsət alıb. Çox sevindirici haldır ki, vətəndaş cəmiyyəti üzvləri, ayrı-ayrı sakinlərimiz özləri bu təşəbbüsə qoşularaq fərdi qaydada eyvanlarını müxtəlif rəng çalarlı güllər əkilmiş dibçəklərlə bəzəməyə başlayıb və bu gözəl təşəbbüs öz əhatə dairəsini daha da genişləndirməkdə davam edir. Sakinlər bu güllərə qulluq göstərməklə xüsusi zövq alırlar.

Qeyd edilməlidir ki, son vaxtlarda ölkə rəhbərinin həyata keçirdiyi siyasət nəticəsində Bakı şəhərinin yaşıllaşdırılması sahəsində önəmli işlər görülür, yeni meşə tipli parklar, yaşıllıq guşələri yaradılır, şəhərin estetik görünüşünə xüsusi yaraşıq verən yeni ağaclar, kollar və güllər əkilir. Bütün bu işlər də öz növbəsində paytaxtımızı daha da gözəlləşdirirərək onu dünyanın ən yaşıl və gözəl şəhərlərindən birinə çevirəcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə