“Uşaqlar müvafiq ara məsafəsi ilə düzülmüşdülər" - QURUM RƏSMİSİ AÇIQLADI

“Paytaxtdakı ümumtəhsil müəssisələrində ümumilikdə 20 mindən çox 11-ci sinif şagirdi məzun olub. Bu il ilk dəfə pandemiya şəraitində “Son Zəng” təşkil olunur. Keçən il bu tədbir olmasa da, bu il Təhsil Nazirliyi tərəfindən "Son Zəng"in keçirilməsinə müvafiq qaydalar çərçivəsində icazə verilib. Bu da valideynləri və məzunları çox sevindirib. Bu gün artıq bütün ümumtəhsil müəssisələrində saat 10 üçün təyin olunmuş “Son Zəng” tədbirləri artıq başa çatıb”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov

Onun sözlərinə görə, hansı məktəblərdə ki, 11-ci sinif məzunlarının sayı 100 nəfərdən artıq olubsa, orada iki mərhələli tədbir olacaq: “Uşaqlar müvafiq ara məsafəsi ilə düzülmüşdülər. Eyni zamanda, tədbirlər açıq havada keçirilib. Qapalı məkanlarda “Son Zəng” tədbirlərinin keçirilməsi nəzərdə tutulmur. Ümumilikdə, son zəng tədbirlərinin keçirilməsinə nəzarət məktəb rəhbərləri tərəfindən həyata keçirilirdi”.

Bəşarət Məmmədov sözlərinə belə davam edib: “Onu da qeyd edim ki, paytaxt üzrə “Son Zəng” tədbirlərində bütün məktəblərdə müvafiq qaydalara uyğun tədbir keçirilib. Bu il ilk dəfə olaraq, Təhsil Nazirliyi tərəfindən yay məktəblərinin təşkili nəzərdə tutulur. Artıq 16-30 iyun tarixlərində yay məktəbləri təşkil olunacaq və qeydiyyat prosesi davam edir. İlk günlərdən yay məktəblərinə şagirdlərin və valideynlərin böyük marağı olduğu müşahidə olunub. İnanırıq ki, yay məktəbləri boşluqların aradan qaldırılmasına və eyni zamanda uşaqların həm tədris proqramı üzrə, həm də asudə vaxtlarının səmərəli təşkili baxımından proqramda əhatə olunub. Yay məktəblərində artıq bu il ilk təcrübə olsa da, yaxşı təcrübə kimi ilk dəfə tətbiq olunacaq. Yəqin ki, növbəti illərdə də bu təcrübədən yararlanılacaq. Eyni zamanda, bütün məzunları, müəllimləri və valideynləri təbrik edirəm. Məzunlara qəbul imatahanlarında və gələcək həyatlarında uğurlar arzulayıram”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə