Azərbaycanın növbəti mühüm diplomatik nailiyyəti

İyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Heç şübhəsiz, bu, ötən il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycanın əldə etdiyi ən mühüm diplomatik nailiyyətlərdən biridir.

Ümumiyyətlə, Prezident İlham Əliyev Ermənistan tərəfindən minalanmış ərazilərimizin xəritələrinin ölkəmizə verilməsi istiqamətində beynəlxalq müstəvidə məqsədyönlü iş aparır və qətiyyətli mövqe nümayiş etdirir. Bunun nəticəsi kimi, respublikamız 97 min minanı özündə əks etdirən xəritələri əldə edə bildi. Bu, sıradan və adi məsələ deyil. Çünki sözügedən xəritələrdən istifadə nəticəsində ərazilərin minadan təmizlənməsi, ilk növbədə, vətəndaşlarımızın həyat və sağlamlıqlarına qarşı təhdidlərin qarşısının alınması deməkdir. Digər tərəfdən, bu, eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpasını və Böyük Qayıdış prosesini sürətləndirməyə şərait yaradan müsbət haldır.

Beləliklə, torpaqlarını işğaldan azad edən qüdrətli Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz hədəflərini ardıcıl olaraq reallaşdırır. Ərazilərin minalardan təmizlənməsi, bərpa-quruculuq və məskunlaşma kimi nəhəng strateji vəzifələrin gerçəkləşdirilməsi ölkəmizin qüdrətini daha da artıracaq.

Siyavuş Novruzov,

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə