Vüqar Rəhimzadə: ““Diffamasiya haqqında” qanunla bağlı hazırda müzakirələr gedir”
"Diffamasiya haqqında" qanunla bağlı hazırda həm Mətbuat Şurasının xətti ilə, həm də jurnalistlər arasında müzakirələr gedir. Müəyyən təklif və fikirlər mövcuddur. Mən hesab edirəm ki, bu qanunun qəbul olub-olmamasından asılı olmayaraq jurnalisti öz məsuliyyətindən azad etmir\". Bu sözləri Mətbuat Şurasının idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə SİA-ya açıqlamasında deyib. O bildirib ki, bu gün Azərbaycan mətbuatında vətəndaşı tənqid, təhqir və şəxsi həyatına müdaxilələrlə bağlı narahatedici hallar mövcuddur və onlar sistemli, ardıcıl şəkildə vətəndaşların ailə həyatlarına, şəxsi məsələlərinə müdaxilə etməklə məşğuldurlar: "İlk növbədə jurnalist öz yazdığı yazının məsuliyyətini dərk etməlidir. Çünki mətbuatda çalışan insanlar ilk növbədə çalışmalıdırlar ki, təhqirə və böhtana yol verməsinlər ki, bu maddələr işə düşsün. Bilirsiniz, mən həmişə məsuliyyətin tərəfdarı olmuşam. Jurnalist öz məsuliyyətini daha da artırmalı, həmsöhbət olduğu şəxslə bağlı münasibətlərini elə tənzimləyib qurmalıdır ki, yazdığı məqaləyə xələl gəlməsin".
Etik kodeksinin sərtləşdirilməsi ilə mətbuatda mövcud olan qüsurlu halların aradan qaldırılmasına gəlincə baş redaktor bildirib ki, Mətbuat Şurasında bu cür təkliflər dəfələrlə səslənib: "Mən şəxsən istəyərdim ki, parlamentdə Mətbuat Şurası ilə bağlı qanun qəbul olunsun. Yəni Mətbuat Şurası öz fəaliyyətində hüquqi əsaslara söykənən qanunla öz fəaliyyətini tənzimləsin. Çox təssüsflər olsun ki, bu gün neqativ hallar mövcuddur. Azərbaycanın bəzi mətbuat orqanlarında qüsurlu hallar tüğyan edir. Belə qəzetlərimiz kifayət qədərdir. Biz məsələn, bu yaxınlarda iki qəzetlə bağlı Mətbuat Şurasının İdarə Heyəti olaraq hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində olduq. Çünki biz həmin mətbu orqanına dəfələrlə xəbərdarlıq etmişik. Hətta Mətbuat Şurasının "qara siyahı"sına saldıq. Lakin onlar yenə öz əməllərindən dönmədilər və onlardan hər gün sistemli şəkildə bir və ya bir neçə şikayət daxil oldu. Ona görə, bu addımı atmaq qərarına gəldik. Çünki bu bizim çərçivədən artıq çıxmışdı və bizdən asılı olan deyildi. Mən bir daha demək istərdim ki, parlament tərəfindən Mətbuat Şurasının fəaliyyətini tənzimləyən qanun qəbul olunsun. Bu ilk növbədə hüquqi baza əsasında qüsurlu halların aradan qaldırılmasına yardım edər".
\""Qara siyahı"nın yaranmasından sonra reket jurnalistikası ilə məşğul olan mətbu orqanlarının fəaliyyətində müsbət çalaralar kifayət qədərdir\". V. Rəmihzadə bildirib ki, bu istiqamətdə ictimaiyyətin də böyük bir dəstəyi var: "Hazırda Mətbuat Şurasının "qara siyahı"sında 100-ə qədər mətbu orqanın adı yer alıb. Bizim "qara siyahı"ya salınan qəzetlərimizin bəzi redaktorlarının özləri də həqiqi mənada etiraf edirlər ki, bizim səhvlərimiz olubdur. Eyni zamanda öz əməllərindən çəkinən qəzetlərimizdə mövcuddur. Bildiyiniz kimi ötən il Milli Mətbuatın yaranmasının 135-illiyi ərəfəsində 26 qəzetimiz "qara siyahı"dan çıxarıldı. Bunlar isə öz səhvlərini dərk edən mətbu orqanları idi. Ona görə hesab edirəm ki, çox müsbət təsiri vardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB