Səlim Müslümov : “Artım elmlər doktorlarının və elmlər namizədlərinin hamısına şamil olunmayacaq”

Səlim Müslümov : “Artım elmlər doktorlarının və elmlər namizədlərinin hamısına şamil olunmayacaq”

"Hazırda dövlət büdcəsindən maliyyələşən elmi-tədqiqat və təhsil müəssisələrində 4500 nəfər elmlər namizədi və 1460 nəfər elmlər doktoru var". SİA-nın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə verdiyi açıqlamasında deyib.

O bildirib ki, pensiyada olan elmlər namizədlərinin və elmlər doktorlarının pensiyalarının artırılması üçün \"Əmək pensiyaları haqqında" qanuna nəzərdə tutulan dəyişikliyə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi-tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, hazırda işləməyən əmək pensiyaçılarının əmək pensiyalarının baza hissəsi elmlər doktoru dərəcəsi üzrə 200 manat, fəlsəfə doktoru (elmlər namizədi) üzrə 120 manat məbləğində artırılır.

Onun sözlərinə görə, bu dəyişiklik elmlər doktorlarının və elmlər namizədlərinin hamısına şamil olunmayacaq.

"Orada şərt var ki, artım 25 il elmi-tədqiqat və təhsil müəssisələrində çalışanlara aiddir. Onların hər birinə fərdi yanaşma olacaq. Həmin şəxslərin pensiya işləri qaldırılacaq və baxılacaq. Eyni zamanda bu dəyişiklik işləməyən elmlər doktorlarına və elmlər namizədlərinə aiddir. Kim əmək fəaliyyətini dayandıracaqsa, həmin məbləğ onların pensiyası üzərinə hesablanacaq. Dəyişiklikdə nəzərdə tutulan pensiyaların ödənilməsi üçün təxminən il ərzində 10 milyon manat vəsait tələb olunur",- deyə S. Müslümov qeyd edib.

Xatırladaq ki, bu gün Milli Məclisin sosial siyasət komitəsinin iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişikliyi nəzərdə tutan layihə parlamentin plenar iclasına tövsiyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə