Saxta əlilliklə mübarizə niyə kütləvi narazılıq yaradır? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI
“İllər öncə xeyli sayda insan sağlamlıqlarında hər hansı problem, əlillik əlaməti olmadıqları halda əsassız tibbi sənədlərin tərtib olunması, yerlərdə qeyri-şəffaf əyani müayinələr, vətəndaş-ekspert birbaşa təmaslarının mövcud olması nəticəsində saxta əlillik dərəcələri alıb. İllər əvvəl baş verən bu proseslər həqiqi əlilliyi olanların sıralarında xeyli sayda saxta əlillik təyinatı aparılmışların yer almasına, başqa sözlə, saxta yolla əlillik dərəcəsi alaraq əlilliyi olanların haqqına girənlərin, onlara yönələn büdcə vəsaitlərinə ortaq olanların, haqqı çatmaya-çatmaya güzəşt və imtiyazlardan yararlananların sayının artmasına səbəb olub”. Bu sözləri SİA-ya açıqlamasında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov deyib.
Onun sözlərinə görə, son 3 ildə 17 min əsassız əlillik işləri aşkar edilərək ləğv olunub və nəticədə illik 71 milyon manat büdcə vəsaitlərinin qeyri-qanuni xərclənməsinin qarşısı alınıb: “Əlilliyi olan insanların əlilliyə görə aldığı müavinətlərin, pensiyaların dayandırılması barədə bəzən qeyd edilən fikirlərin əsası yoxdur. Heç bir əlilliyi olan şəxsin əlillik müddəti dövründə sosial ödənişləri dayandırılmır. Bunun əksini ifadə edən qənaətlərini mediada tirajlayanlar ya məlumatsızlıqdan bunu edir, ya da əlillik təyinatlarının şəffaflaşdırılması tədbirləri barədə bilərəkdən çaşqınlıq, yanlış ictimai rəy, süni ajiotaj yaratmağa çalışanlardır. Əlilliyə görə sosial ödənişlər (pensiya, təqaüd, müavinət) əlillik müddəti ərzində verilir və həmin müddətdə dayandırıla bilməz. Ona görə də şəxs əlillik müddətinin nə zaman bitdiyini bilməli, bitdiyi halda bu müddətin uzadılması üçün yaşadığı ərazi üzrə səhiyyə müəssisəsinə müraciət etməlidir”.
Qurum rəsmisi sözlərinə belə davam edib: “Məlum olduğu kimi, 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bununla da həqiqi əlilliyi olanlarla bərabər, artıq sağalmış, reabilitasiya olunmuş, habelə saxta yollarla əlillik əldə etmiş insanların da içərisində olduğu 190 minədək şəxsin əlillik müddəti hər hansı yoxlama olmadan, müayinələr aparılmadan beş il davam edib. Bu beş illik müddət 2021-ci ildə bitir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB