15 İyun Qurtuluş Günü - müstəql Azərbaycanın zəfər tarixi - MƏQALƏ

15 İyun Qurtuluş Günü - müstəql Azərbaycanın zəfər tarixi - MƏQALƏ

XX əsrin sonlarında tarixi fürsətdən bəhrələnən Azərbaycan xalqı yenidən dövlət müstəqilliyini qazandı. Ancaq insanların sevici uzun çəkmədi. Hakimiyyəti müxtəlif vasitələrlə zəbt edən AXC-Müsavat cütlüyünün yanlış siyasəti dövlət müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üz-üzə qoydu. Ölkədə vətəndaş müharibəsi qaçılmaz həddə yüksəlmişdir. Bu azmış kimi bütün sahələrdə hərc-mərclik, özbaşınalıq, anarxiya hökm sürürdü.

Hadisələri düzgün qiymətləndirə bilməyən AXC-Müsavat iqtidarı əhali arasında gündən-günə nüfuzunu itirir və bundan istifadə edən daxili və xarici qüvvələr istədikləri siyasi oyunları, bölücülük planlarını həyata keçiridilər. Erməni terrorçu birləşmələri isə hakimiyyət böhranından istifadə edərək torpaqlarımızı ardıcıl olaraq işğal edirdilər. Xalqın sabaha olan inamı tamailə sarsılmışdır. Belə bir ağır durumda xalqımızın müxtəlif təbəqələri kömək üçün Ulu Öndərimiz Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi.

Milli Məclisin həmin gün keçirilən iclasında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə bu strategiyanı həyata keçirdi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır. Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. Aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində qısa müddətdə ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi, vətəndaş qarşıdurması aradan qaldırıldı, sosial-iqtisadi inkişafa, tərəqqiyə nail olundu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu. 15 İyun Qurtuluş Günü 1997-ci ildən etibarən Milli Məclisin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Ulu Öndər: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin ilk illərində yaranan çətin durumu sonralar belə xarakterizə etmişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndərimiz sosial-iqtisadi sahədə geniş islahatlar həyata keçirdi, Dövlət Proqramları qəbul etdi. Çətin də olsa iqtisadi inkişafa nail olundu.1991-1994-cü illərdə inflyasiyanın səviyyəsi dördrəqəmli faizə qədər artması müşahidə olunduğu halda, aparılan iqtisadi islahatlar nəticəsində 1995-ci ildən sonra inflyasiyanın birrəqəmli həddə saxlanılmasına nail olundu. Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətlərindən biri neft strategiyasının hazırlanması idi. Müəllifi Ulu Öndər Heydər Əliyev olan bu strategiyanın həyata keçirilməsinə 1994-cü il sentyabrın 20-də başlanıldı. 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını aldı. Əsrin müqaviləsində dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etdi. Bu müqavilənin bağlanması ilə Azərbaycana xarici kapitalın axını gücləndi. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Heydər Əliyevin özünün də vurğuladığı kimi, "Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı. Bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaq”. "Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınan bu müqavilənin imzalanması və gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Heydər Əliyev tərəfindən işlənilib hazırlanan yeni neft strategiyasının parlaq təzahürüdür. "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının istismarını nəzərdə tutan neft müqaviləsinin imzalanması ölkəyə xarici investisiyanın ölkəmizə axınına səbəb oldu.

İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. Ulu Öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı. Ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn əsasli islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə-vergi siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində ölkəmizdə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu. Respublikamizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək oldu.

Qələbələr aparan yolun başlanığıcı

Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Bununla da ölkədə daha genişmiqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Tam qətiyyətlə və əminliklə demək olar ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin və bu siyasətin Onun ən layiqli siyasi vasrisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə dünyanın ən qüdrətli dövlətlərdəndir. Bu baxımdan demək olar ki, Dahi Öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyasının və siyasətinin alternativi yoxdur.

Ağali Kərimli,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə