“O bizim nəinki ailə başçımız, həm də atamız olub" - SORĞU

Azərbaycan mədəniyyətinə itki üz verib. Xalq artisti, tanınmış aktyor, kinorejissor Ramiz Hacıağa oğlu Əzizbəyli iyunun 9-da, 73 yaşında dünyasını dəyişib. Ramiz Əzizbəylinin 1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film Kiyev şəhərində keçirilən Ümumittifaq festivalda rejissor debütünə görə mükafata layiq görülüb. Onun 1991-ci ildə çəkdiyi "Bəxt üzüyü" tammetrajlı bədii filmi kino tariximizdə ən baxımlı ekran əsərlərindən biridir. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissorun "Yalan" bədii filmi (2006) Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib. Ramiz Əzizbəyli Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə 2000-ci ildə respublikanın Əməkdar artisti, 2008-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. Sənətçinin dostları onun haqqında fikirlərini SİA-ya bu cür bildiriblər:

Aktyor Valeh Kərimov (Moşu): “Çox yaxşı səslə danışırdı. Lakin, ağrıları olduğunu hiss edirdik və xəstə olduğu bəlli idi. Allah rəhmət eləsin”.

Müğənni Nurlan Əzizbəyli: “Azərbaycan mədəniyyəti üçün ağır itkidir. Biz ailəmizin əzizi və doğması olan bir insanı itirdik. Azərbaycan xalqı da böyük bir sənətkar itirdi. Bu çox ağırdır. Özümüzdə deyilik. Onun yoxluğuna inana bilmirik. Xəstəxanaya yerləşdirdikdən sonra hamımız ümidli idik ki, sağalacaq. Ramiz bəy uzun illər mütəmadi olaraq fərqli xəstəliklər keçirib və hamısından da üzüağ çıxmışdı. Lakin, son müddətdə başımızın üstünü alan Covid-19 bəlası ondan da yan keçmədi. Xəstəxanada yerləşdirildikdən bir neçə gün sonra vəziyyəti ağırlaşıb. Yüksək qan təzyiqi və şəkər orqanlarını çox zədələdi və biz onu xilas edə bilmədik. Özü də ümidli idi. Ailəsinə də dedi ki, “gedirəm, amma qayıdacağam”. “Qurd qapısı” qəbirsanlığında dəfn olunacaq. Azacıq da olsa vida mərasimi olacaq. Sonra isə dəfn edəcəyik".

Aktyor Elxan Əliyev: “Əziz Azərbaycan əhli, görkəmli sənətkarlardan biri daha əbədiyyətə qovuşdu. O bizim qardaşımız, dostumuz olub. Ramiz Əzizbəyli böyük bir irs qoyub gedib. Biz onu şərəflə yola salacağıq. Ramiz Əzizbəyli adı gələn kimi hamı gülümsəyir. Onun komik oynadığı rolları unutmaq olmaz. Deyirlər ki, gedənin arxasınca həmişə yaxşılıqla danışarlar. Amma burada mən ürəkdən danışıram. Ramiz Əzizbəyli mənim uzun dillik dostumdur. O yalnız mənim yox, Azərbaycan kinosunun dostudur. Bütün gedənlər bizim üçün əzizdir. Ramiz xalq artistidir, Prezident təqaüdçüsüdür, professordur . Yəni, bu adam Ramiz Əzizbəylidir də. Onun dəfn olunacağı yerə xüsusi status veriləcək”.

Müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı: “O bizim nəinki ailə başçımız, həm də atamız olub. Biz atamızı itirdik. Çox pisəm. Bütün Azərbaycanın başı sağolsun. Belə sənətkar bir də olmayacaq. Evimizin böyüyü idi. Quru nəfəsi də olsa kifayət idi”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə