Azərbaycanın birinci xanımının YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirakaçılarına ünvanlanmış məktubu oxunub
"Hər birimiz yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyük və ümumi məkanın sahibinə çevirib". SİA-nın xəbərinə görə, bu sözlər Bakıda keçirilən YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının iştirakaçılarına ünvanlanmış Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təbrik məktubunda yer alıb. M. Əliyeva məktubunda dünyanın qloballaşdığını vurğulayaraq hər kəsin gen mühəndisliyi və tibbi atomun istifadəsinin vacibliyi üzərində düşünməsinin önəminə diqqət çəkib. O, əvvəllər bu texnologiyaların əlçatmaz olduğunu, hazırda da bir çox əhali təbəqəsinin bu texnologiyalardan istifadə imkanlarından məhrum olduğunu söyləyib: "Bu məkanda insanlar, dövlətlər və xalqlar arasında münasibətlər ədalət prinsipləri əsasında qurulmalıdır. Sabahı düşünürüksə, gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk ediriksə, bütün münasibətləri məhz etika və ədalət platformasında qurmağa çalışmalıyıq. Şübhəsiz ki, bu, uzunmüddətli prosesdir. Əminəm ki, humanizm və ədalət əsasında konstruktiv əməkdaşlığın qurulması məhz bu halda mümkün olacaq. Ümidvaram ki, bugünkü sessiyanın yekunları bioetikanın həm dünyada, həm bölgədə, həm də ölkəmizdə inkişafına xidmət edən önəmli bir addım olacaq. Tədbirin təşkilində əməyi olan hər bir kəsə, xüsusilə onun Bakıda keçirilməsini dəstəkləyən YUNESKO-nun baş direktoru xanım İrina Bokovaya dərin minnətdarlığımı bildirir, sessiyanın işinə uğurlar arzulayıram".
Qeyd edək ki, bu gün Bakıda UNESCO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası başlayıb. Sessiyanın açılışında çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bildirib ki, bioetika sahəsində elmi nailiyyətlərin əldə olunması və bu nailiyyətlərdən insanların rifahı naminə istifadə olunması UNESCO-nun prioritetlərindən biridir. O, Azərbaycanda da bu sahədə inkişaf getdiyini və bir sıra tədbirlərin keçirildiyini, mütəxəssislər hazırlandığını, müxtəlif ali məktəblərdə bioetika kafedralarının fəaliyyət göstərdiyini deyib.
Azərbaycanda bioetika elminin tədrisinə və inkişafına böyük diqqət göstərilir. M. Kərimov deyib ki, AMEA-da bioetika üzrə bölmə var. Bundan əlavə, bioetika üzrə doktorantura və dissertantura bölmələri də açılıb. AMEA prezidenti Azərbaycanda bioetikanın inkişafında YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətlərinin olduğunu bildirib.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı elçisi Mehriban Əliyevanın iştirakçılara məktubu oxunub. Eyni zamanda UNESCO-nun baş direktoru İrina Bokovanın videomüraciəti nümayiş etdirilib. Beynəlxalq Bioetika Komitəsinin sədri Donald Evans çıxışında Şərqi Avropa ölkələrinin bioetika sahəsinə marağından danışıb. Sessiyada 80-ə yaxın xarici qonaq, Azərbaycan hökumətinin nümayəndələri, elm xadimləri, eləcə də diplomatik korpusun nümayəndələrinin iştirak edir. Sessiyada UNESCO-ya üzv olan müxtəlif ölkələrin bioetika üzrə ekspertlərinin məruzələri dinləniləcək, ənənəvi tibbin etik təsirləri, Şərqi Avropada bioetika, bioetika sahəsində UNESCO bəyannamələrinin icrası kimi məsələlər müzakirə ediləcək. Sessiya iyun ayının 2-dək davam edəcək. İyunun 4-də isə AMEA-nın İnsan Hüquqları İnstitutunda bioetika üzrə xarici ekspertlərin iştirakı ilə bioetika üzrə treninq-seminar keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB