Bu cür dondurmaları yemək çox təhlükəlidir - XƏBƏRDARLIQ

“Yay aylarında hər kəs dondurmalara üstünlük verir. İstehlakçılar bilməlidir ki, bu yüksək kalorili tez həll olunan süd məhsuludur”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, dondurma süd məhsulu olduğuna görə, onun yağlılığını artırmaq üçün yalnız kərə yağından istifadə olunmalıdır: "Bunu da bilməliyik ki, bitki əsaslı dondurmalar da var. Onların tərkibi bitki yağlarından hazırlanır. Bu cür dondurmaları dilin üzərinə qoyanda boğazda və ya dildə acılıq hiss olunursa deməli həmin dondurma kərə yağından yox, bitki yağından hazırlanıb. İstehlakçılar bükülmüş dondurma alırlarsa, onun bükülüş formasına fikir verməlidirlər. Əgər dondurmanın kağızı əzilibsə, bu o deməkdir ki, dondurma müəyyən tempuratura məruz qalıb, əzilib, əyirib və daha sonra təzdən dondurulub. Artıq bu çirklənmiş dondurma hesab olunur. Bu cür dondurmalar çox təhlükəlidir".

Eyyub Hüseynov həmçinin qeyd edib ki, xüsusilə xaricdən gətirilən dondurmalarda ciddi problemlər var: "Əhali bilməlidir ki, dondurmalar bərk və yumşaq olur. Bərk dondurmalar adətən bükülmüş formada olur. Onun üzərinə buraxılma tarixi, saxlanılma müddəti və s. olur. Yumşaq dondurmalar isə bitonlarda olur və adətən açıq şəkildə satılır. Ümumiyyətlə, istehlakçılar bir dəfəyə 200-300 qramdan artıq dondurmanı yeməyi məsləhət görmürəm. Çünki bədən temperaturu bir anda aşağı düşə bilər və insan hətta ölümcül vəziyyətə düşə bilər. Xüsusən, meyvəli dondurmalarda ehtiyatlı olmaq lazımdır. Burada zəhərlənmələr tez-tez müşahidə oluna bilər. Bir sözlə dondurma temperatura məruz qalıb, əriyib təzdən dondurulubsa həmin dondurma çirklənmiş dondurmadır və bu cür dondurmanı almaqdan tam imtina etmək lazımdır".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə