Açıq havada kəsilən ətdən istifadə edənlər - DİQQƏT EDİN! - QİDA TEXNOLOQUNDAN SƏRT REAKSİYA

Açıq havada kəsilən ətdən istifadə edənlər - DİQQƏT EDİN! - QİDA TEXNOLOQUNDAN SƏRT REAKSİYA

"Açıq havada ətin kəsimi ilə bağlı qanunsuzluq ta əvvəldən olub. Bu qanunsuzluqlar son vaxtlara qədər gəlib çıxmaqdadır. Təəssüflər olsun ki, bunun qarşısını almırlar". Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

Onun sözlərinə görə, bu cür qanunsuzluqların qarşısını niyə almadıqlarını artıq onlar özləri yaxşı bilirlər: "Əgər mən Bakının hər hansı küçəsi ilə, mərkəzi ilə gedirəmsə, mərkəzdə əti asılı vəziyyətdə, ağaclara toxunaraq görürəmsə və mən bilirəm ki, bir mütəxəssis olaraq orada artıq hansı bakteriyalar ətin üstünə hopub. Maşınlar o yana, bu yana şütüyür, təkərlərindən çıxan o toz-torpaq, ağaclardan gələn toz-torpaq hamısı həmin o açıq havada kəsilmiş ətin üstünə hopur. Hava, damcı yolu ilə gələn bakteriyalar, viruslar hamısı həmin ətin üstünə hopur. Çox təəssüflər olsun ki, bunun qarşısını alan yoxdur. Qarşısını almaqda maraqlı da deyillər. Maraqlı məqam burasındadır ki, bu cür hallar şəhərin düz göbəyində, mərkəzində baş verir.

Bazarlarda görürük məsələn qəssablar sertifikatlarını divara vurublar. Nə olsun ki, onların sertifikatları var. Amma orada kritik kontrol nöqtələrinə nəzarətdə qida zənciri pozulur. Qida zəncirində qırılma halları baş verir. O sertifikatı mən bilmirəm necə alıb divara vurublar. Amma biz baxırıq ki, ət havada asılıb, pəncərədən günəş şüaları da düz ətin üstünə düşür. Ət qaralır, üstündə milçəklər, həşəratlar gəzir. Az qalıb ki, əti qurd bassın. Bununla belə yenə də həmin ətlər satılır. Bununla yanaşı bazarlarda soyuducu ilə təchiz olunan yerlər var. Əti kəsib soyuducudan asmaq lazımdır. Amma bəzi qəssablar əti soyuducudan asmaq əvəzinə açıq havada asırlar. Bəs bu ətin açıq havada nə işi var? 4-5 min manat verib soyuducunu vid üçün mağazaya qoyurlar. Bunları başa salmalı qurum ki, var həmin qurum bunları başa salmır ki, sən bir də əti burdan assan mən səni cərimə edəcəm. Baytarlar da möhrü vururlar. Onlar görmürlər ki, guya bu ət havadan asılıb? Onlar hansı haqla ora peçat, möhür vururlar? Həmin əti alıb evə aparan insan o əti bişirir və ailə üzvləri həmin əti istehlak edirlər. Bu ətlər yaşlılarda, uşaqlarda risk qrupudur. Belə olduqda mədə bulanması, ishal halları, zəhərlənmə halları baş alıb gedir".

Ağa Salamov həmçinin qeyd edib ki, ət təhlükəli mənbədir: "Əti istehlak etməliyik, vacibdir. Hər bir insana 1 qram zülal düşürsə, onun 0.5%-i heyvan mənşəli, digər 0.5%-i isə bitki mənşəli zülallardır. Həmin heyvan mənşəli zülalların içərisinə ət də daxildir. Mütləq şəkildə insan qırmızı əti istehlak etməlidir. Çünki orada “B12” var. “B12” başqa heç bir məhsullarda kifayət qədər yoxdur. Biz onu təbii olaraq ətdən alırıq. Ölkənin əksər yerlərində əti biri ağacın kənarından, biri ağacdan asdığını görürük. Yasamalda keçən dəfə ki, məsələdə heç bir aidiyyatı orqanlar bir cavab vermədi. Heç bir tədbir də görmədi. Niyə tədbir görmədilər? Nə maraqları var? Ölkədə ağızlarının içində, gözlərinin qabağında anti-sanitariya baş alıb gedir. Bunlar heç bir tədbir görmür. Niyə? Nə maraqları var? Bəlkə biz gedib həmin ətdən almalıyıq? Çıxsınlar bizə elmi izahın versinlər.

Nəzərə alsaq ki, indi artıq havalar istilənib. Mikroorqanizmlərin, bakteriyaların çoxalması üçün əlverişli şərait yaranıb. Əti saatlarla ağacdan asıblar. Belə olduqda bakteriyalar üçün də zaman çoxdur. Bakteriyalar hər saatda milyonlarla çoxalırlar. 3 saat bəsdir ki, orada mikroorqanizmlər çoxalmağa başlasın. Ağacdan ət asanlar, əti soyuducuda saxlamayanlar, açıq havada kəsib satanlar insanlara ət yox, bakteriya yedizdirirlər. Bir şeyi də unutmayaq ki, əti kəsdikdən sonra əgər soyuducusu yoxdursa, onu 3 saat ərzində satmalıdır. Amma üzərini bir şeylə örtmək şərti ilə. 3 saatdan çox bayırda ətin qalmağı düzgün deyil. Ya da ki, əti kəsən kimi soyuducuya qoymaq lazımdır və oradan satılmalıdır. bazara soyuducu var və ətlər havada asılıb".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə