Mütəxəssislərin etirafına görə, bu gün planetimizin məruz qaldığı təhdidlərdən ən qorxunclarından biri də dünya okeanının ekoloji fəlakətlə üzləşməsidir. Belə ki, ehtimallara görə, bu gün okeanlar yüz milyonlarla il əvvəl olduğu kimi, qısır bir ibtidai sulara çevrilmək üzrədir. Təbii ki, bunu etiraf yox, açıq şəkildə bildirməliyik: dəniz və okeanların təməl kimyasını biz insanlar şüursuz və ya şüurlu şəkildə dəyişdiririk, yəni onu məhv edirik.
Bu gün həddindən artıq balıq ovu, yaşayış mühitinin məhv edilməsi və iqlim dəyişikliyi okeanları dağıdır. Qeyd edlməlidir ki, bu dağılma son 50 ildə böyük vüsət alıb.
Biz yuxarıda həddindən artıq balıq ovunun okeanlara vurduğu ziyanı xatırladıq. Təsəvvür edin ki, bu gün insanlar dənizlərin aslan və pələnglərini məhv edib, hamamböcəyi və siçovullarına yer ayırırlar.
Demək lazımdır ki, hazırda okeanlardakı balinaların, qütb ayılarının, mavi ton balığının, dəniz tısbağalarının və vəhşi sahil ərazilərinin yox olma ehtimalı böyük narahatlığa səbəb olmalıdır.
Əslində ekosistemin bütövlükdə məhvi bizim yaşamağımızı təhdid edir, çünki yer üzündə həyatı davam etdirən bu müxtəlif sistem sağlam işləməlidir. Bu səviyyənin məhv edilməsi insanlara yemək, iş, sağlamlıq və həyat keyfiyyəti baxımından baha başa gələ bilər.
Xatırladaq ki, okean sularının problemi çirklənmədən başlayır ki, bunların ən çox görünən hissəsi dəniz platformalarında neft və qaz hasilatı ilə yanaşı gəmi qəzalarında baş verən fəlakətli sızmalardır. Bundan başqa, dənizlərə atılan tullantılar. Deyim ki, bu gün Şimali Sakit Okeanda yüzlərlə kilometr uzanan Böyük Pasifik Zibil Yaması yaradıb.
Bu gün okean suları üçün ən təhlükəli çirkləndiricilərdən biri də dəniz və okeanlara axıdılan kimyəvi maddələrdir. Bu kimyəvi maddələr yavaş-yavaş balıqlarda yığılır və sonra onları yeyən daha böyük dəniz heyvanlarında özünü göstərir. Unutmaq lazım deyil ki, bu kimyəvi maddələr bizim, sizin süfrənizə gələn dəniz məhsulları ilə birgə orqanizmimizə də daxil ola bilər.
Bütün canlıların qidaya ehtiyacının olması hamıya məlumdur; lakin bu qidanın həddindən artıqlığı da təbii mühit üçün zərərlidir. Təsəvvür edin ki, suya daxil olan təsadüfi gübrələr dəniz dibindəki yosunların böyüməsinə səbəb olur. Nəticədə vaxtından əvvəl “ölən” yosunlar çürüyür ki, bu da dəniz suyunda oksigenin miqdarını azaldır.
Bundan əlavə, çiçəklənən bəzi yosunlarda toksinlər əmələ gəlir ki, bu da balıqlarla yanaşı, dəniz məhsulları yeyən insanları da zəhərləyə bilər.
Təbii ki, dəniz və okeanların məhvi ilə bağlı səbəblər müxtəlif olsa da, amma reallıq budur ki, artıq həyacan təbilinin çalınmasının vaxtı çoxdan çatıb. Nə etməli? Belə ki, hazırda dünya qarşısında bir seçim var: okeanlarımızı daş dövrünə qayıtmamaq üçün siyasi iradə və mənəvi cəsarət nümayiş etdirilməlidir. Amma məsələ bundadır ki, bu sual hələ də açıq qalır.
Daha önəmli bir məsələ təbii ki, son illər artıq özünü qabarıq şəkildə göstərən Xəzər dənizi ilə bağlıdır. Xatırladım ki, dünənə qədər Kür cayı Xəzərə tökülürdü... Deyim ki, bəzilərinə təəccüblü də görünsə də, deməliyəm: indi əksinə olub. Təbii ki, bilməmiş olmazsınız, suyunda azlma müşahidə edilən Kür cayı indi “geri axır”. Qeyd edim ki, dünyada ilin müəyyən vaxtlarında irəli və geri, yəni müxtəlif istiqamətlərə axan çaylar mövcuddur. Amma nəzərə alaq ki, bu çayların əksəriyyəti Kür çayından fərqli olaraq, geri axarkən özləri ilə duzlu dəniz suyu gətirmirlər.
Məsələ bundadır ki, bu gün Kürün doğulduğum Neftçala rayonu ərazisindən keçən hissəsindəki ətraf yaşayış məntəqələri onun suyundan istifadə edə bilmirlər. Mən hələ böyük tarla sahələrini demirəm, bundan əlavə əhalinin bağ-bağatı da susuz qalıb. Doğrudur, səlahiyyətli orqanlar bu istiqamətdə müəyyən işlər görməkdədir. Amma belə görünür ki, bu işlər hələ yetərincə deyil. Əslində, bu gün Kür çayının qurumasının əsas səbəbləri kimi qlobal istiləşmə, yağıntıların azalması, qarın yağmaması, meşələrin qırılması, yeraltı suların azalması, Kür çayının düzgün idarə olunmaması ilə əlaqələndirilsə də, burada insan biganəliyi, etinasızlığı da nəzərə alınmalıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB