Ukraynada 28 may Respubkika Gününə həsr olunmuş tədbirlər keçirilib

Ukraynada 28 may Respubkika Gününə həsr olunmuş tədbirlər keçirilib

Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Kiyev vilayətinin İrpen şəhərində Akademik Zərifə xanım Əliyeva adına küçədə yerləşən \"Zərifə Əliyeva adına Dostluq Parkı\"nın abadlıq və yenidənqurma işlərindən sonra açılışı olub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Neft şirkətinin Prezidenti Rövnəq Abdullayev, Ukraynadakı Səfirimiz Eynulla Mədətli, Ukrayna Ali Radasında Ukrayna-Azərbaycan dostluq qrupunun rəhbəri Eduard Zeynalov, İrpen şəhəri merinin müavini Nikolay Qolovkeviç, Özbəkistan, Türkmənistan, Türkiyə, Tacikistan səfirləri, diaspor üzvləri, tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Sonra İrpen şəhərindəki Z.Əliyeva küçəsində yerləşən 12 saylı orta ümumtəhsil məktəbində yaradılmış Zərifə xanım Əliyevanın otaq-muzeyinin açılışı olub. Səfirliyimizin və İrpen şəhər sakini, iş adamı həmyerlimiz Namiq Quliyevin səyi ilə yarıdılmış muzeyin açılışı şəhər ictimaiyyətinin marağına səbəb olub. Daha sonra Ukraynadakı səfirliyimiz tərəfindən Azərbaycan Xalq Respublikasının yaranmasının 93 illiyi və Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Azərbaycan səfirliyinin ərazisində keçirilən tədbirdə ARDNŞ Prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə parlamentinin deputatları, Ukraynanın tanınmış ziyalıları, dövlət və hökumət rəsmiləri, jurnalistlər, xarici ölkələrin səfirləri, diplomatlar və bu ölkədə yaşayan diasporamızın fəal üzvləri, gənclər təşkilatının nümayəndələri iştirak ediblər.

Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndikdən sonra səfir Eynulla Mədətli mərasim iştirakçılarını salamlayıb, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətindən danışıb, Dağlıq Qarabağ Münaqişəsinə toxunaraq, ölkəmizin regionun inkişaf etmiş ölkəsinə çevrildiyini qeyd edib.

Tədbirə Ukrayna hökuməti adından rəsmi qonaq qismində qatılan Ukraynanın Xarici İşlər Nazirinin müavini Viktor Mayko 28 May-Respublika Günü münasibətilə Ukrayna hökuməti və xalqı adından Azərbaycan xalqını təbrik edib.

Sonra çıxış edən ARDNŞ Prezidenti Rövnəq Abdullayev ARDNŞ-nin Ukraynadakı fəaliyyəti barədə, Azərbaycanın neft strategiyası haqqında ətraflı məlumat vermiş və iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün neft şirkətinin fəal iştirak edəcəyini bildirib.

Mərasimdə Ukraynanın Xalq artisti Qurban Abbasovun ifasında Azərbaycan və Ukrayna mahnıları oxunmuş, musiqimizin nümunələri səsləndirilib. İştirakçılara səfirliyimizin Ukrayna və ingilis dillərində nəşr etdirdiyi Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitunun direktoru, Azərbaycanın görkəmli elm xadimi, tarix elmləri doktoru, professor Yaqub Mahmudlunun \"Azərbaycan: tarixi öçerklər\" kitabı, Ermənistan-Azərbaycan Dağlıq Münaqişəsi, Xocalı faciəsi, Azərbaycanın turizm imkanlarından bəhs edən kitablar, jurnallar, bukletlər və nəşrlər təqdim edilib.

Öncə qeyd olunduğu kimi 28 may Respublika Günündə Ukraynanın televiziyasının I kanalında Azərbaycanın istehsalı olan \"Hökmdarın Taleyi\" filmi, \"Tonis\" kanalında isə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin müsahibəsi, səfirliyimizin Respublika günü ilə bağlı keçirdiyi tədbirdən fraqmentlər, o cümlədən Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin örnəkləri, mətbəximizin dadlı yeməklərinin hazırlanma qaydası tamaşaçıların diqqətinə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə