Azərbaycanın Meksikadakı Səfirliyində \"28 May - Respublika Günü\" münasibəti ilə qəbul keçirilib
Azərbaycanın Meksikadakı Səfirliyində \"28 May - Respublika Günü\" münasibəti ilə qəbul keçirilib. Səfirlikdən SİA-ya verilən məlumatına görə, tədbiri giriş sözü ilə açan Səfir İlqar Muxtarov, Azərbaycan xalqı və Hökuməti adından qonaqları salamlamış və Azərbaycanın Respublika Günü münasibəti ilə keçirilən bayram sevincinə qoşulduqları üçün tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.
Səfir öz çıxışında, hər il may ayının 28-də Azərbaycan xalqı tərəfindən bayram edilən şərqdə ilk demokratik dövlət quruluşunu bəyan etmiş Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümünün qeyd olunduğunu bildirib və ölkəmizin müasir dövrümüzədək keçdiyi tarixi yoldan bəhs edib. Sovet İttifaqının 1991-ci ildə tənəzzülə uğradıqdan sonra Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etdiyini bildirən Səfir İlqar Muxtarov, hal-hazırda ölkəmizin iqtisadi cəhətdən davamlı, demokratik və hüquqi dövlət quruluşu istiqamətində sürətlə inkişaf etdiyini qeyd edib.
Səfir son iyirmi il ərzində iqtisadiyyat və enerji sektorunun inkişafı, habelə mədəniyyət, təhsil və digər sahələrdə Azərbaycanın böyük uğurlara nail olduğunu bildirərək, respublikamızın dünya dövlətləri ilə dostluq və əməkdaşlıq əlaqələrini genişləndirdiyini söyləyib.
Azərbaycan səfiri həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində ölkəmizin üzləşdiyi münaqişə, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin problemindən, münaqişənin tarixi və nəticələrindən bəhs edib.
Səfir Muxtarov münaqişənin sülh yolu ilə həll edilməsi üçün Azərbaycanın danışıqlar prosesini davam etdirdiyini bildirib. O, minilliklərlə öz tarixi torpaqlarında yaşamış və öz vətənində qaçqına çevrilmiş bütün məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının vacibliyini qeyd edərək, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinin mümkünlüyünü vurğulayıb.
Səfir bildirib ki, öz növbəsində beynəlxalq ictimaiyyətin bu istiqamətdə aktiv dəstəyi vacib əhəmiyyət kəsb edir.
Sonda səfir Azərbaycanın Respublika Günü münasibəti səfirliyə təşrif buyurmuş qonaqlara bir daha təşəkkür edərək bütün dünya xalqları arasında sülh və dostluq şəraitində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini arzulayıb.
Qəbul zamanı həmçinin qonaqlara Azərbaycanın milli mətbəx təamlarından təqdim edilib, tədbir ərzində ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanlarını təbliğ edən videoçarxlar nümayiş etdirilib, Azərbaycanın xalq və klassik mahnıları səsləndirilib.
Tədbirdə Meksika Xarici İşlər Nazirliyinin rəsmiləri, Konqres üzvləri, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Meksikada yaşayan azərbaycanlılar, habelə türk və yəhudi icmalarının nümayəndələri, bu ölkədə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları nümayəndələri və iş adamları iştirak ediblər.
28 May - Respublika Günü münasibəti ilə Mexiko şəhərinin meri Marselo Ebrard Səfir İlqar Muxtarovun ünvanına məktub göndərərək, Azərbaycan xalqı və Hökumətini milli bayram münasibəti ilə təbrik etmiş, ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsini arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB