\"Avropanın sərhədində yerləşən sürətlə inkişaf edən ölkə\"

\"Avropanın sərhədində yerləşən sürətlə inkişaf edən ölkə\"

Fransanın \"Le Nouvel Economiste\" (Yeni İqtisadçı) həftəlik iqtisadi nəşrinin 26 may 2011-ci il tarixli 1568 sayında Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilmiş və \"Avropanın sərhədində yerləşən sürətlə inkişaf edən ölkə\" başlığı altında 10 səhifəlik məqalə dərc edilib. Bu barədə SİA-ya Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Məqalədə bildirilir ki, Qərblə Şərqin və məşhur İpək Yolunun üstündə olan qədim ticarət yollarının kəsişməsində yerləşən Azərbaycanda təxminən bir əsr bundan əvvəl 1918-ci ildə dünyanın bu bölgəsində ilk Demokratik Respublika yaranıb. Bu fikrin davamı olaraq vurğulanır ki, Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa etmişdir və 28 mayda müstəqilliyin bərpa edilməsinin 20 illik yubileyini qeyd edəcəkdir və Azərbaycan öz mədəniyyəti və ən-ənələri ilə çox məşhurdur və məkanda müxtəlif sivilizasiyalar kəsişir.

Daha sonra bildirilir ki, neft və qazla varlı olan bu ölkənin əhalisinin Azərbaycanın inkişafı ilə bağlı ümidlərini Azərbaycanlıların öz milli lideri kimi adlandırdığı keçmiş prezident Heydər Əliyev doğruldub və Azərbaycanın hərtərəfli inkişafı bu şəxsiyyətin adı ilə bağlıdır. Məqalədə vurğulanır ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən etibarən Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf proqramları həyata keçirilir və bunun nəticəsində 930.000 yeni iş yerləri yaradılıb, regionlarda bir sıra mühüm sosial və iqtisadi layihələr reallaşdırılır, müvafiq infrastruktur müasirləşdirilir, qeyri-neft sektorunun dinamik templə inkişaf edir və müasir texnologiyaların və \"know-how\"-nun Azərbaycana gətirilməsi məqsədilə xarici sərmayələrinin cəlb edilməsi təşviq edilir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu ilin fevral ayında Fransanın Nəqliyyat məsələləri üzrə Dövlət Katibi Tiyeri Mariyanini Bakıda qəbul edərkən söylədikləri fikirlərə sitat gətirilərək isə qeyd edilir ki, Azərbaycan Fransa ilə nəqliyyat sahəsində, o cümlədən dəmir yolu, metro və yol nəqliyyatının inkişafı sahələrində əməkdaşlıqda maraqlıdır və Fransanın müasir texnologiyaları və \"know-how\"-su Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun müxtəlif sahələrində məhsul və xidmətlərin istehsalı və ixracatının inkişafına yardım edə bilər.

Məqalədə Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyovun, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin, maliyyə naziri Samir Şərifovun, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun, Dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin, Azərbaycanda ixracın və investisiyaların təşviqi fondunun prezidenti Adil Məmmədovun, Azərbaycan investisiya şirkətinin prezidenti Əfqan İsayevin və bir neçə özəl şirkətlərin nümayəndələrinin müsahibələri dərc edilib.

Bu müsahibələrdə Azərbaycanla Fransanın enerji və qeyri-enerji sektorunda iqtisadi əməkdaşlığının günü gündən inkişaf templəri haqqında, cari ilin sonunadək Azərbaycan-Fransa İkitərəfli İqtisadi Əməkdaşlıq Komissiyasının 6-cı İclasının keçirilməsinin nəzərdə tutulduğuna, bu yaxınlarda Azərbaycan Fransa Biznes Şurasının yaradıldığına, 7 iyun 2011-ci il tarixində Parisdə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Azərbaycan-Fransa Biznes Forumun təşkil ediləcəyinə, və Azərbaycanda bu il turizm ilinin olduğunu nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən \"Alexandr Düma Qafqazda\" mədəni-turizm marşrutuna diqqətin artdığına dair məlumat verilir və Fransanın iş adamları ilə birgə Azərbaycanda avtomobil, qatar və metro vaqonlarının istehsalı, həmçinin alternativ enerji, sənaye, informasiya və kommunikasiya texnologiyaları, turizm və digər xidmət sahələrində, habelə, kənd təsərrüfatı, və xüsusilə də, şərabçılığın istehsalında müvafiq layihələrin həyata keçirilməsi imkanlarından bəhs edilir.

Bununla yanaşı qeyd edilir ki, Azərbaycan və Fransa Prezidentləri, nazirləri və digər yüksək vəzifəli məmurları bu günədək müxtəlif əməkdaşlıq məsələlərinə dair 30-dan artıq hüquqi sənəd imzalayıblar və beləliklə də iqtisadi əməkdaşlıq üçün zəruri və zəngin hüquqi bazanı yaradıblar.

Ümumiyyətlə, məqalə Azərbaycan və onun investisiya mühiti haqqında müsbət məlumat verilir, və müstəqilliyin bərpa edilməsinin 20 illik dövrünün son 17 ili ərzində Azərbaycanın böyük iqtisadi nailiyyətlər əldə etdiyini bildirir və paytaxt Bakı şəhərinin Xəzər Dənizində yeganə paytaxt olaraq sürətli iqtisadi inkişaf dövrü yaşadığı və biznes mərkəzinə çevrildiyi bildirilir və Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında körpü rolu oynadığı vurğulanır.

1976-cı ildən işıq üzü görən \"Le Nouvel Economiste\" (Yeni İqtisadçı) Avropanın ən məşhur həftəlik iqtisadi nəşrlərindən biridir və Avropanın, və xüsusilə də, Fransanın hökumət və biznes elitasının ən çox oxuduğu iqtisadi xəbərlər mənbəyidir. \"Le Nouvel Economiste\" Avropanın digər həftəlik nəşri olan Financial Times nəşrinin Fransada və fransız dilli ölkələrdə analoqu hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə