"Üstü açıq, qutudan çıxarılmış konfetlərdən uzaq olun" - MÜTƏXƏSSİSLƏR AÇIQLADI
“Şirniyyatlarla bağlı Azad İstehlakçılar Birliyinə hər həftə telefon zəngləri daxil olur. Ümumiyyətlə, şirniyyatlar arzuolunmaz mallardır. Birinci tövsiyyəm budur ki, azyaşlıları şirniyyatdan uzaq saxlamaq lazımdır. Mümkün qədər uşaqlar şirniyyatın dadını bilməməlidirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, şirniyyatın tərkibində olan bütün maddələri insanlar müxtəlif qidalarla, meyvələr və tərəvəzlərlə qəbul edirlər: “Şokoladları və s. uşaqlara yedirmək birmənalı şəkildə onların iştahını kəsir. Şirniyyat öz mahiyyətində asılılıq yaradan bir qidadır. Yəni, insanların buna daim meyli var. Dünyanın ən çox yayılmış xəstəliklərindən biri də diabet xəstəliyidir ki, şirniyyatın çox qəbul olunması ilə sıx bağlıdır. Şirin dadı verən rənglənmiş sulardan da kənar olmaq lazımdır. Çox təəsssüflər olsun ki, biz Azərbaycanın müasir supermarketlərində diabetlər üçün ayrıca taxca görürük. Həmin taxcada biz görürük ki, diabetlər üçün guya zərərli olmayan məhsullar var. Bunlar diabetlər üçün çox zərərlidir. Bunların diabetlərə xeyirdən çox zərəri var. Ümumi isə təbii yollarla əldə edilmiş şirniyyatın belə zərəri var”.

Məsələ ilə bağlı qida texnoloqu Ağa Salamov da münasibət bildirib: “Şirniyyatların bəziləri paketlənməmiş olur və ya üstünün paketi görsənmir. Xüsusilə də vitrində olan tortların son istifadə tarixi olmur və neçə gün qalır. Bunu alan insanın ailəsində də kütləvi zəhərlənmə yaşanır. Bu hallara dəfələrlə rast gəlinib. Ona görə diqqətli olmaq lazımdır ki, konfetlər və tortların istifadə tarixinə baxmaq lazımdır. Bunların üzərində mütləq şəkildə istehsal və istifadə tarixi qeyd edilməlidir. Standartlara uyğun sertifikat da əsas şərtlərdən biridir ki, insanların onu tələb etmək hüququ var”.
Mütəxəssis sözlərinə belə davam edib: “Bəzən şirniyyatlara jelatin də əlavə olunur ki, bu da heyvanların sümük və dərisindən əldə olunan kalogendir. Kalogen də suda qaynadıldıqda əriyən zülala çevrilir. Bu da soyuyandan sonra artıq jelatin olur. Bunu da ya plastik, ya da jelatin şəklində satışa verirlər. Ondan konfet, müxtəlif şirniyyat və tortlarda istifadə olunur. Bunun da zərərlərini həkimlər daha yaxşı bilir.
Ümumiyyətlə üstü açıq, qutudan çıxarılmış konfetlərdən uzaq olun. Amma konfet kağızının üzərində istehsal tarixi və yaxud istifadə tarixi yazılıbsa, bu zaman qorxusu yoxdur. Bir şeyi də nəzərdən qaçırmaq lazım deyil ki, bunlar hamısı boş karbohidratlardır və ürək qan-damar sisteminə, qaraciyərin piylənməsinə və şəkər xəstəliyinə səbəb olur. Bu səbəbdən də onları balanslaşdırılmış şəkildə, toyda-bayramda istehlak edin. Ən yaxşısı bal, keçibuynuzu bəhməzi, meyvələrdən hazırlanmış şirniyyatlardır. Kişmiş və qaysının da çayla içilməyi yaxşı vasitədir. Kişmiş və qaysının isə ürəyə və mədə-bağırsaq sisteminə faydaları daha çoxdur.
Bu şirniyyatlardan uşaqları uzaq tutmalıyıq ki, gələcəkdə şəkər xəstəliyinə tutulmasınlar. Həmçinin, bu dişlərə də çox ziyandır. Uşaqları da daha çox təbii şirniyyatlara və pürelərə alışdırmaq lazımdır. Məsləhət olunur ki, uşaqlara çovdar unundan kəpəkli şirniyyatlar hazırlasınlar. Amma o da balanslı şəkildə olmalıdır. Şəkəri də bal və doşab ilə əvəzləmək daha yaxşıdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB