Türkiyədə “28 May - Azərbaycan Cümhuriyyətinin 93-cü Quruluş İldönümü” tədbiri keçirilib

Türkiyədə “28 May - Azərbaycan Cümhuriyyətinin 93-cü Quruluş İldönümü” tədbiri keçirilib

Türkiyənin Manisa şəhərindəki Cəlal Bayar Universitetində, eyniadlı Universitetin Azərbaycanlı Tələbələr Dərnəyi, Manisa Azərbaycan Kültür və Dayanışma Dərnəyinin birgə təşkil etdiyi "28 May - Azərbaycan Cümhuriyyətinin 93-cü Quruluş İldönümü" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan və Türkiyə himnlərinin səslənməsi ilə açılıb və dərnəyin təmsilçisi Rəşad İsgəndərovun Azərbaycan Cümhuriyyəti haqqında hazırladığı videogörüntü nümayiş etdirilib.

Cəlal Bayar Universiteti rektor yardımçısı, professor Süheyla Sürücüoğlu Universitet rəhbərliyi, müəllim heyəti və tələbələri adından Azərbaycanın Respublika gününü təbrik edərək, Azərbaycana müstəqillik yolunda uğurlar arzulayıb.

Cəlal Bayar Universiteti Çağdaş Türk Ləhcələri Kafedrasının müdiri, dosent Eyvaz Morkoçun "Azərbaycan və Türkiyə ədəbi əlaqələri", "Miras" İctimai Birliyin sədri, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlillinin "Azərbaycan-Türkiyə münasibətləri tarixi" mövzusunda məruzələri dinlənilib.

Cəlal Bayar Universiteti Maliyyə fakültəsinin müəllimi Aslıhan Özəl Azərbaycan musiqilərini özunəməxsus məlahətli səsi ilə təqdim edərək, dinləyicilərin alqışını qazanıb. Cəlal Bayar Universitetinin tələbəsi, İrəvan xanlarının nəslindən olub Manisada yaşayan Tutku Aksüyek atası Kemal Aksüyekin qarmonda müşayiəti ilə Azərbaycan xalq mahnılarını ifa edib.

İzmir şəhərində moda tasarımı ilə məşğul olan Minarə Quliyevanın hazırladığı milli geyim sərgisi tədbirə ayrı rəng qatıb.

Məlumat üçün bildirək ki, tədbirdə azərbaycanlı tələbələr həm təşkilatçı, həm də iştirakçı kimi fəallıq göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə