BDU-da tədbir keçirilib - FOTO

03 iyun 2021-ci il tarixində BDU-nun Tarix, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Hüquq, Geologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluş Günü-Azərbaycanın taleyini dəyişən zəfər tarixi” adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə BDU-nun Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Bəxtiyar Nəbiyev giriş sözü ilə çıxış edərək bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin dövlətimizin müstəqilliyinin qorunmasında və daha da möhkəmlənməsində, eləcə də 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin olunması və şanlı tariximizin yazılmasından bəhs etdi.

Sonra məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov bildirdi ki, XX əsrin 90-cı illərinin əvvəllərində vətənimiz müstəqillik əldə etmək şansını qazansa da onu itirmək təhlükəsi ilə də üz-üzrə qaldı. Bu dönəmdə qədirbilən xalqımız Azərbyacanı bu çətin vəziyyətdən çıxara biləcək yeganə şəxsiyyət olan Ümummilli lider Heydər Əliyevi təkidlə yenidən ölkəmizin siyasi rəhbərliyinə dəvət etdi. Ulu Öndər Heydər Əliyev həmin dövrdə ilk növbədə Azərbaycanı parçalanmaq təhlükəsindən qorudu, vətəndaş müharibəsinin qarşısını aldı, sonra vətənimizin davamlı, hərtərəfli inkişafını təmin etdi. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkə iqtisadiyyatı, hərbi sənayesi və digər sahələrdə əldə olunan nailiyyətlər Azərbaycanın qloballaşan dünyada öz layiqli yerini tutması ilə nəticələnmişdir.

Tədbir tələbələrin suallarının cavablandırılması ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə