Prezidentin ÜSA-nın 74-cü sessiyasındakı çıxışı dünya ictimaiyyətinə mesajlarla zəngin idi
Ötən ayın son günü Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasının bağlanış mərasimində videoformatda çıxış etdi. Ölkə başçımız çıxışı zamanı ölkəmizdə pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən, Azərbaycanın qlobal müstəvidə pandemiya ilə mübarizədəki fəaliyyətindən, inkişaf etmiş ölkələrin “vaksin millətçiliyi” ndən danışdı. Ayrı-ayrılıqda hər biri çox geniş müzakirə tələb edən mövzulara qısaca nəzər yetirək.
İlk olaraq, Azərbaycan hökumətinin ölkə daxilində pandemiya ilə mübarizə çərçivəsində gördüyü işlərlə bağlı danışaq. Əminliklə demək olar ki, Azərbaycan dövləti bu sahədə xüsusilə fərqlənmiş və pandemiya ilə mübarizədə “Azərbaycan modeli” dünya arenasında yeni bir termin kimi qəbul edilmişdir. Ölkədə pandemiya ilə bağlı ilk hal müşahidə olunduğu anda operativ tədbirlər görülməyə başlanmış və çox keçmədən vətəndaşların sağlamlığının qorunması istiqamətində əməli addımlar atılmışdır. Bununla bağlı bir çox faktı sadalamaq olar amma bir neçə ən vacibləri sadalamaq yəqin ki kifayət edəcəkdir: Modul tipli xəstəxanaların inşa edilməsi, zəruri tibbi avadanlıqların istehsalı üçün zavodun qısa bir müddətdə istifadəyə verilməsi, pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə 2 milyard ABŞ dolları həcmində paketin təqdim edilməsi, ölkədə vaxtı-vaxtında tətbiq olunan sərt karantin rejimləri və Cənubi Qafqazda ilk olaraq Azərbaycanda start götürmüş vaksinasiya prosesi. Bunların hər biri ayrı-ayrılıqda olduqca vacib proseslərdir. Xüsusilə də nəzərə alsaq ki, hazırda dünyada vaksin əldə etmək iqtisadi amillərdən daha çox siyasi nüfuza bağlıdır onda Azərbaycan Respublikasının vaksinasiya prosesində əldə etdiyi uğuru qiymətləndirməmək təbii ki, mümkün deyil. Qeyd edək ki, ölkəmizin bu sahədə səmərəli fəaliyyəti sadəcə vətəndaşlarımız tərəfindən yox dünya arenası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də yüksək qiymətləndirilməkdədir. Bunun nəticəsidir ki, ötən il ÜST pandemiya ilə mübarizədə Azərbaycanı nümunəvi ölkə olaraq qiymətləndirmişdir.
Azərbaycan ölkə daxilində olduğu qədər ölkə xaricində də pandemiya ilə mübarizə sahəsində ciddi işlər görmüşdür. Xüsusilə də ölkə başçımızın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti bu mənada çox yüksək qiymətləndirilir. Məlumdur ki, pandemiyanın yayıldığı ilkin şəraitdə iri dövlətlər və beynəlxalq təşkilatlar sanki özünüitirmə, özünəqapanma və gözləmə mövqeyi tutmağa başlamışdılar ancaq bunun düzgün olmadığı, pandemiyanın öhdəsindən yalnız bütün dövlətlərin birgə mübarizəsi, beynəlxalq həmrəyliyin gücləndirilməsi və ölkələrinin birləşməsi ilə gəlməyin mümkün olduğu aşkar idi. Belə bir vəziyyətdə bu rolu oynayan isə çoxlarının gözlədiyi kimi böyük və inkişaf etmiş dövlətlər yox məhz Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan oldu. Beləliklə, Azərbaycan bu missiyanı öz üzərinə götürdü və ard-arda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərini keçirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Növbəti mərhələdə dövlət başçımız Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Xüsusi sessiyasının keçirilməsi üçün BMT Baş Katibinə müraciət ünvanladı və qısa müddət ərzində təşəbbüsü 130-a qədər dövlət tərəfindən dəstəkləndi. BMT Baş Asammbleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası dekabr ayında baş tutdu. Bununla yanaşı, Azərbaycan dövləti pandemiya ilə mübarizə çərçivəsində ÜST-ə 10 milyon dollar həcmində könüllü maliyyə ayırmaqla və 30-dan çox ölkəyə humanitar və maliyyə dəstəyi göstərməklə dünya həcmində pandemiya ilə mübarizəyə mühüm töhfələr verməyə davam etdi.
Diqqət çəkən daha bir məsələ isə “vaksin millətçiliyi” ilə bağlı Azərbaycan dövlətinin qəti mövqeyidir. Ölkə başçımız dəfələrlə həm daxili auditoriyada həm də beynəlxalq müstəvidə bu məsələni qaldırmış və inkişaf etmiş dövlətlərin ehtiyacı olduğundan dəfələrlə çoxunu sifariş etməsinin az inkişaf etmiş ölkələrin vaksin əldə etməsini mümkünsüz etməsi ilə bağlı narahatlığını ifadə etmişdir. Bu məsələnin ciddiliyi nəzərə alınaraq dövlətlərin milliyətçilikdən daha çox ədalət və bəşəri dəyərlər prinsiplərinə əsaslanması əlbəttə ki, bütün dünyanın pandemiyadan qalib çıxması üçün yeganə şərtdir. Hər bir dövlət anlamalıdır ki, onun tək olaraq pandemiyadan çıxması əslində problemi həll etmir. Çünki ona qonşu olan dövlətlər pandemiyadan əziyyət çəkdiyi müddət ərzində iqtisadi cəhətdən ya da turizm baxımından heç bir normallaşma baş verə bilməz. Ona görə də bütün ölkələr xüsusilə də inkişaf etmiş ölkələr və bu işlə məşğul olan beynəlxalq təşkilatlar az inkişaf etmiş ölkələrə dəstək verməlidir.
Beləliklə, Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü Sessiyasındakı çıxışı bir daha dövlətimizin ədalətli, humanist və bəşəri dəyərlərə əsaslanan mövqeyini ortaya qoydu. Ümid edirik ki, bundan sonra dünya ictimaiyyəti qlobal həmrəylik nümayiş etdirərək pandemiyaya qalib gələcək və bəşəriyyət yenə də əvvəlki gözəl günlərinə geri dönəcəkdir.
Arzu Cahangirova,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının
Pirallahı Rayon Komitəsinin sədr
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB