"Azərbaycanın Covid-19 pandemiyası ilə uğurlu mübarizəsi" - MƏQALƏ

"Azərbaycanın Covid-19 pandemiyası ilə uğurlu mübarizəsi" - MƏQALƏ

Son bir ildən artıq bir müddətdə dünyanı öz cənginə alan, ilk yoluxma halları 2019-cu ilin dekabrında Çində qeydə alınan Covid-19 pandemiyası və ya sadə bir dildə koronavirus yoluxucu xəstəliyi dünyanın hər yerində öz mənfi nəticələrini tez bir zamanda büruzə verməyə başlayıb. Pandemiya dünya ölkələrinin iqtisadiyyatına böyük həcmdə mənfi təsir göstərib, yüzlərlə iş yerlərinin bağlanılmasına və ya müvəqqəti fəaliyyətinin dayandırılmasına səbəb olub. Bunun nəticəsində isə milyonlarla insan öz işini itirib və kütləvi şəkildə işsizlik halları meydana gəlib.

Ölkəmizdə də 2020-ci ilin fevral ayında ilk yoluxma halları qeydə alınması ilə bu pandemiya ilə mübarizə aparan dövlətlər sırasına qoşulmuş oldu. Respublikanın Prezidenti cənab İlham Əliyev uzaqgörən siyasətinin nəticəsi olapraq mümkün ola biləcək bütün mənfi halları nəzərə alaraq Covid-19 pandemiyasına qarşı mübarizə üçün bir sıra fərmanlar imzalayıb. Pandemiyanın iqtisadiyyata təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülüb. Covid-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqılarının müəyyən hissəsinin ödənilməsi proqramına təkcə ilk iki ay ərzində 87,7 milyon manat vəsait xərclənib.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılıb.

Bununla yanaşı Prezident İlham Əliyev Covid-19 pandemiyasının ölkə ərazisində sürətlə yayılmasının qarşının alınması və bu pandemiyaya qarşı dünya ölkələri ilə birlikdə mübarizə aparmaq üçün öz çıxışlarında bunu xüsusilə vurğulayıb və birlikdə mübarizə üçün yeni çağırışlar bəyan edib. Prezident həmçin pandemiyaya qarşı iqtisadiyyatı zəif olan ölkələrə humanitar yardımlar göstərib. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olub və onu uğurla keçirib. Həmçini Covid-19 pandemiyasının yayılması ilə bağlı tədbirlər fonunda 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Ümumdünya səhiyyə təşkilatı (ÜST) Azərbaycanı pandemiya ilə mübarizədə dünya ölkələrinə nümunə göstərib.

Prezident öz çıxışında həmçinin dünyada mövcud olan vaksinlərin ölkələr arasında ədalətsiz bölünməsi haqqında da fikirini bildirib. “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib.

Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 2021-ci il 31 may tarixində keçirilmiş 74-cü sessiyasında çıxışında ölkəmizdə Covid-19 pandemiyasına qarşı respublikada edilmiş olan və hal-hazırda edilməkdə davam edən tədbir haqqında məlumat verərək, Azərbaycanın pandemiya ilə mübarizədəki uğurlarından danışıb.

Respublikamızda pandemiya ilə mübarizənin hazırki mərhələsində əsas prioritet əhalinin vaksinasiyasıdır. Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır. Cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyası başlanıb və artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. U rəqəm əhalinin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir. Pandemiya ilə mübarizə işi ölkəmizdə planlı şəkildə aparılır. Pandemiyanın ilk günlərindən Azərbaycanda Covid-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər hayata keçirilib. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib. Ölkədə Covid xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev Beynəlxalq Səhiyyə təşkilatı tərəfindən 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini pandemiya ilə mübarizə şəraitində səhiyyə işçiləri üçün göstərilən böyük diqqətin bir parçası kimi alqışlayır və bu addımın dünya ölkələri üçün nümunəyə çevriləcəyinə inamını vurğulayıb. Ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib.

Beləliklə, bütün dünya ölkələrini öz cənginə almış Covid-19 pandemiyasında Azərbaycan nəinki öz daxilində mübarizə aparır, həmçinin bu pandemiyadan əziyyət çəkən 30-dan çox dövlətə öz yardımlarını göstərir. Buda bir daha bütün dünyaya Azərbaycanın gücünü, iqtisadi dayanıqlığını və humanistpərvərliyini sübut edir.

Elvin Zeynalov

149 nömrəli tam orta məktəbin tarix müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə