"Azad İstehlakçılar Birliyi olaraq qıfıl asılmağın tərəfdarıyam" - BİRLİK SƏDRİ DİLƏ GƏLDİ

"Azad İstehlakçılar Birliyi olaraq qıfıl asılmağın tərəfdarıyam" - BİRLİK SƏDRİ DİLƏ GƏLDİ

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vaxtaşırı reydlər keçirir və bu normaldır". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, qida zəncirində iştirak edən istər fiziki, istər hüquqi şəxs tarladan və ya fermadan istehlakçının masasına qədər istənilən şəxs hamısı AQTA-dan qeydiyyatdan keçməlidir ki, AQTA nəzarət etsin və çirklənmələrin, təhlükəli qidaların qarşısı alnsın: "Təəssüflər olsun ki, ölkədə bu işlə məşğul olan qida zəncirində iştirak edənlərin heç 50%-i də AQTA-dan rəsmi qeydiyyatdan keçməyib. AQTA bu böyük bazarda bu işlə məşğul olan insanlarla iş aparır ki, hamı reyslərə daxil olsun və orada nəzarət, maarifləndirmə işləri aparılsın. AQTA-nın restoran və kafelərdə apardığı reydlər təsadüfi deyil. Əsasən də pandemiya şəraitində restoran və kafelərdə vəziyyəti yoxlamaqla bağlıdır. Qeyd edim ki, bu sahədə xüsusən regionlarda həddindən artıq çox görüləsi işlər var".

Eyyub Hüseynov həmçinin qeyd edib ki, AQTA heç bir kafenin, restoranın qapısından qıfıl asmır: "Baxmayaraq ki, Azad İstehlakçılar Birliyi olaraq qıfıl asılmağın tərəfdarıyam. Çox təəssüflər olsun ki, AQTA yumşaq davranır. Müəyyən yoxlamalar keçirilir, cərimələr tətbiq edilir. Məndə olan məlumata görə, dünən 8 müəssisədə cərimə tətbiq olunub. Lakin bunlardan restoran biznesi ilə məşğul olan insanlar ciddi nəticə çıxarmalıdır. Onlar bilməlidirlər ki, Azərbaycan hökuməti biznes qurumları üçün dünyanın heç bir yerində olmayan çox əlverişli şərait yaradıblar. Lakin biznes qurumları bundan sui-istifadə edirlər. Bütün ictimaiyyət dəstək verməlidir. AQTA keçirdiyi yoxlamaları ictimaiyyətin diqqətinə mütəmadi olaraq çatdırır. Sanitar-gigiyenik qaydalarının, karantin rejiminin pozulması ilə bağlı reydlər keçirilir".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə