Medianın inkişafına dövlət dəstəyi dövlətimizin mütərəqqi modellərindəndir - SORĞU
“KİV DF-nin öz fəaliyyətini yalnız print mediaya dəstəklə məhdudlaşdırmaması bizim uzun illərdən bəri arzumuz, təklifimiz idi və biz bunu dəfələrlə dilə gətimişik. Çünki artıq bütün dünyada onlayn media avanqard rolunu oynamaqdadır və print medianın əhəmiyyəti xeyli dərəcədə azalıb”. Bu fikirləri SİA-ya açıqlamasında “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı deyib.
.jpg)
Onun sözlərinə görə, dünyanın ən tanınmış media quruluşları belə öz print versiyasından imtina edərək onlayn versiyaya keçid alıb: “Yəni, media sürətlə onlayn müstəvidə inkişaf edir, sürətlə vizuallaşır və təbii ki, bu inkişafla ayaqlaşmaq lazımdır. Əvvəllər KİV DF yalnız print mediaya dəstək verməklə kifayətlənirdi. Artıq hər mənada yenilənən Medianın İnkişafı Agentliyi son addımı ilə göstərdi ki, onlar mediadakı bütün sferaları əhatə edəcəklər”.
A.Camalqızı vurğulayıb ki, onlayn media üçün belə bir müsabiqənin elan edilməsi həddən ziyadə mühüm və vacib addımdır: “Hesab edirəm ki, bu fəaliyyət davamlı, ardıcıl olacaq və medianın inkişafı üçün Agentlik bizə dəstək verəcək. Çünki bütün dünyada media hər gün inkişaf edir, yenilənir. Artıq dünənki avadanlıqlar, media cihazları bu gün üçün köhnəlmiş sayılır. Bizim də bu templə ayaqlaşmağımız üçün maliyyə dəstəyinə çox böyük ehtiyacımız var. Fikrimcə, Medianın İnkişafı Agentliyi bu cür layihələri həyata keçirməklə medianın inkişafına öz töhfələrini verəcək”.

“Medianın İnkişafı Agentliyinin xətti ilə onlayn medianın dövlət büdcəsindən maliyyələşdirilməsi institutunun fəaliyyətə başlaması əldə olunmuş uğurlu nəticədir. Bu, Azərbaycanda medianın inkişafına dövlət dəstəyi platformasının inkişafında yeni bir mərhələ kimi nəzərdən keçirilə bilər. Medianın inkişafına dövlətin maliyyə dəstəyi Azərbaycanın təcrübəsində artıq illərin sınağından keçsə də, ancaq bu başqa ölkələrdə olmayan və Azərbaycanın tətbiq etdiyi mütərəqqi modellərdən biridir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor bildirib ki, bu gün Medianın İnkişafı Dövlət Agentliyi xəttilə artıq onlayn media subyektlərinin, veb-saytların və audiovizual media qurumlarının maliyyələşdirilməsi prosesinə start verilməsi sözsüz ki, Azərbaycan modelində yeni və əhəmiyyətli bir təcrübədir: “Əslində illərdir ki, onlayn media subyektlərinin dövlət büdcəsindən şəffaf şəkildə maliyyələşdirilməsi mexanizmlərinin tətbiqi üzərində ciddi iş gedirdi. Açıq deyək ki, zaman-zaman bu prosesin reallaşmasını istəyənlərlə yanaşı, buna mane olmaq istəyənlər də çox olub. Bəlkə də elə bunun nəticəsidir ki, illərdən bəri bu mexanizmin üzərində iş getsə də, son illərə qədər buna nail olmaq mümkün olmayıb”.
A.Quliyev vurğulayıb ki, bu gün Agentliyin xəttilə onlayn media subyektlərinin də maliyyələşdirilməsinə başlanılırsa, artıq bu aparılan işin böyük nəticəsidir: “Yəqin ki, bu media subyektlərinin maliyyəşdirilməsinin daha əhatəli formada şəffaflaşdırılmasında böyük rol oynayacaq. İndiyə qədər çap mediasının dövlət büdcəsindən maliyyələşdirilməsindən danışa bilirdiksə, bu gün onlayn media qurumlarının da şəffaf formada maliyyələşdirilməsi böyük nəaliyyətdir. Bu həm informasiya məkanımızın təhlükəsizliyinin qorunmasında, həm onlayn medianın daha şəffaf maliyyə əsasında təmin olunmasında, həm də ölkəmizdə informasiya istehsalı və yayımı prosesinə uzanan qara əllərin qarşısının alınmasında öz rolunu oynayacaq”.
“Medianın İnkişafı Agentliyinin elan etdiyi yeni şərtlər hesab edirəm ki, günümüz üçün çox vacibdir. Medianın İnkafı Agentliyi bu il yaranıb və eyni zamanda Media haqqında qanun da hazırlanmağa başlanıb. İKT-nin sürətli inkişafı medianın da yeni dövrə uyğun formalaşmasını tələb edir”. Bu fikirləri SİA-ya açıqlamasında “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid deyib.
O söyləyib ki, biz nə qədər istəməsək də klassik media, qəzetlərin çap variantı zaman keçdikcə tarixə çevriləcək: “Ona görə Medianın İnkişafı Agentliyinin elan etdiyi şərtlər də fikrimcə, keçid mərhələsi üçün uyğundur. Artıq qəzetlərin özlərinin veb-saytlarının yenilənməsi üçün maliyyə vəsati ayrılır. Bu da o deməkdir ki, gələcəkdə qəzetlər də elektron mediaya keçməlidir”.
R.Məcidin sözlərinə görə, uzun zamandır arzulanırdı ki, elektron mediaya vəsait ayrılsın: “Agentliyin şərtləri məqbul sayıla bilər, məncə narazılıq doğurmayacaq. Çünki redaksiya adına iddia edən qurumların minimum 3 əməkdaşı rəsmi qaydada işləməli və media qurum gündə 20 informasiya yaymalıdır. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin əməkdaşlarının çox gərgin fəaliyyətinin nəticəsində bu cür şərtlər üzə çıxıb və getdikcə təkmilləşəcək. Çap mediasından, elektron mediaya keçid üçün bu şərtlər təmin edici rol oynayacaq”.
“Mediaya dövlət dəstəyinin tərəfdarıyam. Hesab edirəm ki, Azərbaycan kimi medianın yenicə inkişaf yoluna qədəm qoyduğu ölkələrdə dövlət media təsisatlarına yardım etməlidir. Amma bu medianın dövlətdən birdəfəlik asılılığına gətirib çıxarmamalıdır. Təəssüflər olsun ki, qəzetlərə edilən maddi yardım hələ də özünü doğrultmayıb”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Sabah.az saytının Baş redaktoru Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, bu günlərdə Medianın İnkişaf Agentliyinin maddi dəstəyi olmasa qəzetlərin çoxu öz mövcudluğunu davam etdirə bilməz: “Bu baxımdan edilən yardımların qəzetlərin maddi bazasının gücləndirilməsinə, böyük auditoriya qazanmasına gətirib çıxarmalıdır. Yəni, bu prosesi elə təşkil etmək lazımdır ki, həmin yardımlar havaya sovrulmasın, edilən yardımın nəticəsi olsun. Bu dəfə yenilik ondan ibarətdir ki, 5 sayta maddi yardım edilsin. Artıq internet mediası bizim xəbər məkanında aparıcı yerə sahibdir. Cəmiyyətimizin əksər hissəsi yeni xəbərləri internet mediadan alırlar. Bu mənada Azərbaycanda internet medianın güclənməsinə, inkişafına ehtiyac var”.
S.Verdizadə vurğulayıb ki, ola bilsin ki, 5 saytın nəzərdə tutulması müəyyən narazılıq yarada bilər: “Lakin bu başlanğıcdır. Mən arzu edərdim ki, gələcəkdə daha çox sayta maliyyə yardımı ayrılması məsələsi nəzərdən keçirilsin. Ümid edirəm ki, ayrılan vəsaitlər təyinatı üzrə xərclənsin. Medianın İnkişafı Agentliyinin rəhbərliyindən xahiş edirəm ki, güclü monitorinq aparsınlar və ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət etsinlər. Yəni, bu birbaşa kollektivin rifahının yaxşıladırılmasına yönəldilsin. Pulun bir neçə nəfərin cibinə axmasına imkan verilməsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB