Prezident İlham Əliyev: "Biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq"
"Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxış edərkən bildirib.
Zamanında Azərbaycanda xüsusi karantin rejiminin yaradılması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi COVID-19 ilə mübarizədə mühüm rol oynamış oldu. Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunaraq sağalıb və bu proses bu gün də davam etməkdədir. Təbii ki, dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşıb. Dövlət tərəfindən tətbiq olunan qaydalar əhalinin təhlükəsizliyinin, sağlamlığının təmin edilməsinə yönəldilib. Təbii ki, vaxtında koronavirus xəstələrin müalicəsi üçün daha çox xəstəxanaların ayrılması, modul tipli xəstəxanaların istifadəyə verilməsi, həkimlərin fədakarlığı bu pandemyia dövründə öz müsbət nəticələrini vermişdir. Bu gün də ölkəmizdə mərhələli şəkildə təsirli tədbirlər həyata keçirilir və vəziyyət nəzarətdə saxlanılır. Dövlət tərəfindən həyata keçirilən tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb.
Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirmişdi. Azərbaycan pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub.
Dövlət başçısı çıxışında diqqətə çəkib ki, Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir: "Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir." Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə Görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi idi.
"DÜNYADA MÖVCUD OLAN PEYVƏND DOZALARININ 82 FAİZİ ZƏNGİN ÖLKƏLƏR TƏRƏFİNDƏN ALINMIŞ, PEYVƏNDLƏRİN YALNIZ 0.3 FAİZİ AZGƏLİRLİ ÖLKƏLƏRİN PAYINA DÜŞMÜŞDÜR"
Bu gün ölkəmizdə əhalinin vaksinasiya işləri uğurla reallaşır. Vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Vətəndaşların layiqli həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi, hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. ÜST ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi, "Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi "Sinovak", qalanı isə "AstraZeneca" və "Sputnik" olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir".
Bu gün peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi" adlı qətnamə layihəsi irəli sürmüşdü. "Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir" deyən dövlət başçısı bildirib ki, davam edən "peyvənd millətçiliyi", inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur: "Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur".
Dövlət başçısı inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə, ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB