Zülfiqar Cəfərov: “Siyasi arenada statusundan sui istifadə edən əlillərin söz deməyə mənəvi haqqı yoxdur” - (Səs TV)

Zülfiqar Cəfərov: “Siyasi arenada statusundan sui istifadə edən əlillərin söz deməyə mənəvi haqqı yoxdur” - (Səs TV)

Respublika Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri və Vetaranları İctimai Birliyinin sədri Mehdi Mehdiyevin və birliyin Sabunçu rayon şöbəsinin sədri Zülfiqar Cəfərovun Səs TV-yə müsahibəsi:

- Qarabağ əlillərinin, şəhid ailələrinin və bu kimi digər kateqoriyadan olan insanların sosial məişət şəraitinin yaxşılaşdırılması üçün müstəqil Azərbaycan dövlətinin apardığı siyasət qənaətbəxş sayıla bilərmi?

Mehdi Mehdiyev: - Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən yüksək səviyyədə qayğı göstərilir. Yəni, dövlət onlarla bağlı elə məsələlərin məsuliyyətini öz üzərinə götürür ki, əgər dəstək olmasa, bu insanlar qəti şəkildə vəziyyətdən çıxa bilməz, öz haqqlarını müdafiə edə bilməzlər. Məsələn, bu günə qədər 3 min şəhid ailəsi mənzillə təmin olunub. Qarabağ əlilləri üçün isə fərdi evlər tikilib. Əlillərin müxtəlif bölgələrdə yay istirahətləri, sağlamlıq kurortları təşkil olunur. Eyni zamanda səhiyyə sahəsində də əlillərə yüksək səviyyədə qayğı göstərilir. Təbii ki, müxtəlif çatışmazlıqlar da var, amma bu özü yaxşı haldır. Çünki əgər çatışmazlıq olmasa inkişaf da olmaz. Amma konkret olaraq deyə bilərəm ki, dövlətin əlillərə və şəhid ailələrinə qayğısı qənaətbəxş sayılır.

- Şəhid adlarının əbədiləşdirilməsi, onların ailələrinə yardımların verilməsində bəzən yerlərdə nöqsanlara və çatışmazlıqlara yol verilir. Bu kimi problemlərin aradan qaldırılması üçün birliyiniz hansı tədbirləri həyata keçirir?

Zülfiqar Cəfərov: - İlk olaraq qeyd edim ki, Birliyimiz və bu qəbildən olan digər təşkilatlar bu təbəqədən olan insanların üzləşdiyi bütün problemlərin həlli üçün ciddi can yandırır. Respublika səviyyəsində dövlətin şəhid ailələrinə qayğısından şikayət etmək haqsızlıq olardı. Lakin şəhid adlarının əbədiləşdirilməsi mövzusuna gəldikdə isə mən diqqətinizə çatdırmaq istərdim ki, ulu öndərimizin hakimiyyəti dövründə 1993-cü ildə şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı qanun qəbul edildi. Bundan sonra müxtəlif küçələrə, məktəblərə şəhid adları verilməyə başladı. Lakin təəssüflə qeyd edim ki, bu hadisə, bu proses 1997-ci ildən etibarən dayandırıldı. Bugün bu sahədə bəzi problemlərə toxunmaq lazımdır. Məsələn şəhidlərimizin adı verilən elə küçələr var ki, orda şəhidin bareliefi yoxdur. Yəni, barelief ya itib, ya sınıb, amma nəticədə yoxdur. Təbii ki, belə məqamlarda birliyimiz öz işini görür və məsələ ilə əlaqəli səlahiyyətli qurumlara müraciət edir. Bir çox hallarda müraciətimizə məsuliyyətlə yanaşılır, düzdür, amma belə halların olması əfsuslar olsun ki, üzücüdür. Başqa bir faktı da deyim sizlərə, məsələn, bəzən biz tədbir keçirmək məqsədi ilə şəhidlərimizin adını daşıyan hansısa məktəbə gedirik. Görün, nə qədər ürəkağrıdan haldır ki, çox vaxt bu məktəblərdə təhsil alan şagirdlər təhsil aldıqları məktəbin adını daşıyan şəhidin adını belə tanımırlar, tanıyanların da böyük bir hissəsi kim olduğunu bilmir. Hətta bəzi məktəblərdə şəhidlərin şəkilləri belə yoxdur. Təbii ki, burada məktəb direktoru, müəllim kollektivi ilə yanaşı, cəmiyyətimizi də günahlandırmalıyıq. Amma, mən bu sahədə bir söz də demək istəyirəm ki, Azərbaycanda bütün məmurlar ölkə başçısından nümunə götürməlidir. Çünki, Azərbaycan torpaqları uğrunda şəhid olmuş Mübariz İbrahimovun dəfn mərasimində Prezidentin iştirakı və ona milli qəhrəman adı verilməsi və bu kimi bir sıra faktlar respublika başçısının bu məsələlərə verdiyi önəmin bariz nümunəsidir.

- Qarabağ əlillərinin birliyinizə müraciət etdiyi əsas məsələlər, onların şikayət etdiyi əsas məqamlar hansıdır?

Mehdi Mehdiyev: - Təbii ki, dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğı bizi qane etsə də, bu sahədə bəzi problemlərin olduğu danılmazdır. Belə ki, məsələn təhsil sahəsində bir sıra problemlər var ki, bunlar əlillər üçün ciddi narahatlıq törədir. Bildiyimiz kimi, əlillər haqqında qanunun 51-ci maddəsində onların pulsuz təhsil alması bəndi qeyd olunub. Amma nəzərə alaq ki, Qarabağ əlilləri artıq kifayət qədər yaşa çatıblar və onların çox az hissəsi təhsilini davam etdirir. Amma əlillərin övladları bu sahədə ciddi problemlərlə üzləşirlər. Çünki, əgər hansısa əlilin övladı orta məktəbdən sonra ali məktəbə pullu qəbul olursa, onun valideyni aldığı təqayüdlə əsla bunu ödəyə bilməz. Bu kimi problemlər də cəmiyyətimizə ümid ola biləcək hansısa savadlı gənclərin inkişaf yolunda qarşısını kəsən amillərdir. Digər bir tərəfdən, mən bu məsələlərdə məmurların roluna toxunmaq istəyirəm. Belə ki, bəzi məmurlar dövlət səviyyəsində ayrılan yardımın şəhid ailələrinə çatmasına nəinki laqeyd yanaşırlar, hətta maneçilik də törədirlər. Belə hallarda da bu kateqoriyadan olan insanlar birliyimizə müraciət edir və biz öz müdaxiləmizlə çox hallarda bu problemi həll edirik.

- Qarabağ əlillərindən, müharibə iştirkçılarından öz siyasi məqsədləri üçün istifadə edən radikal müxalifət nümayəndələri var. Belə neqativ halları necə qiymətləndirirsiniz?

Zülfiqar Cəfərov: - Böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəli, belə hallar mövcuddur. Amma bu, o qədər də çox qarşılaşılan hal deyil. Mən hər şeydən əvvəl demək istəyirəm ki, onlar bu torpaqlar uğrunda əlil olan insanlardır. Onların hansısa siyasi arenalarda statuslarından sui istifadə etməsi qəbulolunmaz haldır. Çünki dövlətçilik uğrunda vuruşan insanlar əlil adını alıb və bu gün dövlət tərəfindən hər cür şəraitlə təmin ediliblər. Onların bir vaxt qoruduğu dövlətin ənənələrinə indi qarşı çıxması nə dərəcədə düzgün ola bilər? Şəhid ailələri və əlillər aksiya təşkil edə bilər, amma sadəcə prezidentin fəaliyyətini dəstəklədiklərini ona hansısa yolla çatdırmaq üçün. Başqa hallarda əlillərin siyasi mövzulara, hələ də müxalifətə oyuncaq olacağına inanmırıq və bu arenada statusundan suistifadə edənlərin söz deməyə mənəvi haqqı olmadığını xüsusilə vurğulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə