İntihar hallarının artması bu amillərlə bağlıdır - MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ ETDİ
"Uşaq intiharlarının artmasının müxtəlif səbəbləri var. Əvvəla, ətrafda çox güclü psixotron təzyiqin, mənəvi terrorun olduğunu qeyd etməliyik. Bununla belə, etiraf etməliyik ki, burada əsas günah demək olar ki, 99 faiz hallarda valideynlərdədir. Uşaqlara tərbiyə verməyi arxa plana atıb, onları tam nəzarətsiz buraxıblar. Siz heç əlində kitab, qəzet oxuyan və ya bir-biri ilə şahmat oynayan uşağa, yeniyetməyə rast gəlmisinizmi? Son illərdə mən rast gəlməmişəm". Bu sözləri SİA-ya açıqlamasında "Altay" sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, valideynlər azyaşlı uşaqların əlinə bahalı smartfonlar alıb verib, yaxalarını kənara çəkiblər: "İnternetdə ağla gələn və gəlməyən hər cür təhlükəli materiallar var. Hansı ki, psixikaya çox ağır zərbə vurur, dəyərlər sistemini dəyişdirir, əxlaqsızlığı, narsizmi, eqoizmi, həzz və əyləncədən üstün dəyər olmadığını təbliğ edir. Televiziyaların burada müstəsna rolu var. Xüsusən, özəl televiziyalar və orada çıxış edən bir çox məşhurlar var gücləri ilə insanların xüsusən yeniyetmə və gənclərin əxlaqını pozmağa, ailə institunu dağıtmağa, uşaq tərbiyəsini lazımsız bir şeyə çevirməyə açıq şəkildə səsləyir. Seriallar, şou verilişlər mənəvi dəyərləri məhv edir. Valideynlər də uşaqları ilə oturub bunlara baxırlar".
Sosioloq həmçinin qeyd etdi ki, elm sübut edib ki, televiziya insan psixikasına hər şeydən güclü təsir edir: "Bu vasitə ilə onu istədiyi istiqamətə yönəldə bilirlər. Subliminal mesajlarla, 25-ci kadrlarla dolu olan tele-istehsallar şüuraltına işləyir və yalnız pis məqsədlərə xidmət edir. Buraya müasir cizgi filmlərini və komputer oyunlarının psixika dağıdıcı təsirini də əlavə etsək, mənzərə tamamlanar. Mən hələ görməmişəm ki, özəl televiziyalarda alimlər danışa, elm, təhsil təbliğ edilə, intellektual yarışlar təşkil edilə, müasir texnologiyalar öyrədilə. Yalnız dövlət kanallarında bu var. Yəni, ətrafdan çox güclü psixotron təzyiq, daha doğrusu terror var. Bu terroru qlobal mütəşəkkil təşkilat bütün ölkələrdə həyata keçirir. Bunların ilik dövriyyəsi milyardlarla ölçülür. Uşaqları bunların caynağına buraxmaq olmaz. Onlar bu psixotron terrorun öhdəsindən gələ bilməz. Ona görə də istisnasız olaraq bütün bu kimi hallarda valideyn günahkardır".
Elçin Bayramlı fikrini bildirib ki, konkret olaraq uşaqlarına sahib çıxmayan onların tərbiyəsi ilə məşğul olmayan, onlara vaxt diqqət və ayırmayan, qayğı göstərməyən, fasiləsiz olaraq nəzarət etməyən valideynlərin övladları böyük risk altındadır: "Məncə, intihar edən uşağın valideyni həbs edilməlidir, hansısa formada sərt cəzandırılmalıdır. Bəlkə bu qorxu onları nəhayət uşaqlarla məşğul olmağa vadar edə. Başqa çıxış yolu görmürəm".

"Pandemiyanın vurduğu zərərlərdən biri də insanlarda psixoloji gərginliyin yaranmasına səbəb oldu". Sözügedən məsələyə psixoloq Fərqanə Mehmanqızı münasibətini bildirib.
Onun sözlərinə görə, bu gərginlik daxili və xarici aqressiyaya, intihara gətirib çıxardır: "Bu gün artıq psixoloqların da dediyi fakt üzə çıxır. İnsanlarda evə qapanma, cəmiyyətdən təcrid olunma daxili və xarici aqressiyanın yaranmasına gətirib çıxartdı. Hər bir insan, insan psixologiyası və hadisələrə yanaşma tərzi individualdır. Bu yanaşmadan dolayı da travmaları da müəyyən dərəcələrə uyğundur. Yəni hər kəs öz xarakterinə uyğun olaraq, travma alır. Həssas insanların travması daha yüksək olur və aldıqları travmaların nəticələrində də verdikləri reaksiyalar da yüksək olur. İntihar edən şəxslərin də həssaslığı, aldığı psixoloji travmalar var. Yəni səbəb daxili özgüvənsizlik, daxildə yatan travmalardır. Maddi durum, işsizlik buna səbəb ola bilər".
Psixoloq həmçinin qeyd edib ki, insan yaranandan azadlığa meyillidir: "Pandemiyada insanın əlindən azadlığı aldılar. Bir insan cinayət törədəndə ən böyük cəzalardan biri onu azadlıqdan məhrum etmək olur. Bu bir il ərzində heç bir cinayət törətmədən, heç bir günah işləmədən azadlıqdan məhrum olundu. Bu da insanlarda psixoloji gərginliyin yaranmasına gətirib çıxartdı. Bu hamısı şüur altında baş verən hadisələrlə bağlıdır. Bir növ şüuraltı oyunlardır. Psixoloji həssas olan insanlar bu gün bunun əziyyətini çəkirlər. Bunun nəticəsində intiharlar, ailədaxili şiddət, aqressiya artır. İnsanların bir-birilərinə qarşı impatiyası aşağı düşür. İmpatiya bacarığı aşağı düşdükcə insanlar bir-birini dinləmir və bu dinləməzlik nəticəsində yalnızlığa gətirib çıxardır. “Mən heç kimə lazım deyiləm”, “mən gərəksizəm” kimi fikirlərlə insanlar özlərini məhv edirlər".
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB