Bakı sakinləri yay tətilinə necə hazırlaşır?

Bakı sakinləri yay tətilinə necə hazırlaşır?

"Rəy" Monitorinq Mərkəzinin apardığı sorğu göstərib ki, respondentlərin təxminən yarısı 49%-i yay məzuniyyətini necə keçirəcəyinə hələ qərar verməyib. Bu barədə SİA-ya açıqlamasında "Rəy" Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov məlumat verib. O bildirib ki, respondentlərin daha 15%-i bağda istirahət etmək fikrindədir. Təxminən bir o qədər respondent isə xaricə və ya ölkənin rayonlarına səyahət etməyi planlaşdırır.

Evdə qalaraq yalnız hərdən bir çimərliyə getmək istəyənlər rəyi soruşulanların 22%-ni təşkil edib. Lakin bu, ümumi məlumatlardır. Sorğu göstərib ki, paytaxtın işləyən əhalisinin nisbətən fəal hissəsi, yəni özəl müəssisələrdə çalışan 28-45 yaşlı sakinlərin əksəriyyəti, daha dəqiq desək, 75%-i artıq nə vaxt, harada və kiminlə istirahət edəcəyini özü üçün müəyyənləşdirib. Söhbət əsasən xaricə səyahətdən gedir. Yeri gəlmişkən, yay tətilində Bakını tərk edən insanların böyük hissəsi (əsasən gənclər) qısamüddətli istirahətə üstünlük verirlər. Bir çoxlarına (52%) cəmi iki həftə istirahət kifayət edir, daha 32%-ni isə bundan da az müddət (3-4 gün) belə qane edir. Əgər bayram günlərində imkan yaranarsa, onlar rayonlara və ya yaxın xaricə (məsələn, elə may bayramlarında qonşu Gürcüstana) yollanmaqdan imtina etməzdilər. Ötən il yay məzuniyyətini Bakıdan kənarda keçirməyə müvəffəq olan respondentlərin böyük hissəsi (71%) öz istirahətlərindən razı qalıblar. Hərçənd, daha çox tətilini xaricdə keçirənlər razılıq edirlər: ötən il ölkədən kənarda istirahət edənlərin 92%-i bundan məmnun olduqlarını dediyi halda, rayonlara üz tutanların içərisində istirahətindən razı qalanların sayı cəmi 61% təşkil edir. Xarici səyahətlərə üstünlük verən 35 yaşadək bakılıların arasında tətili Avropada keçirmək dəbdə olduğu halda (42%), onlardan bir qədər yaşlı nəsil (xüsusən də uşaqlılar) çoxdan sınaqdan çıxmış 56%-i Türkiyə variantına üstünlük verirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə