Ombudsmanın müraciətləri əsasında bu günədək 339 məhkum əfv olunub

Ombudsmanın müraciətləri əsasında bu günədək 339 məhkum əfv olunub

Ölkə Prezidentinin 26 may 2011-cu il tarixdə imzaladığı, sayca 49-cu olan Əfv Fərmanı üzrə dövlət başçısına ünvanlanmış əfv haqqında müraciətlərə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinə əsaslanaraq 90 məhkum əfv olunub.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova fəaliyyət dövrü ərzində özlərinin və ailə üzvlərinin müraciətlərinə əsasən, məhkumların qanun çərçivəsində əfv edilməsinin qanuniliyini araşdırmış, bəzilərinin törətdikləri hərəkətlərdən peşmançılıq çəkdiklərini, islah olunduqlarını və artıq cəmiyyət üçün ictimai təhlükə törətmədiklərini nəzərə alaraq, Ombudsman haqqında Konstitusiya Qanununun 1.4.-cü maddəsinə əsasən, ötən ilin dekabr ayında imzalanmış əvvəlki əfv fərmanından sonra 142 məhkumun əfv olunması ilə bağlı Əfv Komissiyasına müraciətlər ünvanlayıb.

Müvəkkilin müraciətləri nəzərə alınaraq, sonuncu əfv fərmanı ilə 13 məhkum əfv olunub. Qeyd edilməlidir ki, fəaliyyət dövrü ərzində Ombudsmanın vəsatətləri üzrə bu günədək ümumilikdə 339 məhkum, o cümlədən yetkinlik yaşına çatmayan, qadın, xəstə, ahıl məhkumlar əfv edilərək azadlığa buraxılıb.

Bu əfv fərmanı ilə azadlığa çıxanlar arasında jurnalist Eynulla Fətullayev də vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə