Əhməd Cavadın yurd yeri - Mehrili kəndi - REPORTAJ

Əhməd Cavadın yurd yeri - Mehrili kəndi - REPORTAJ

Dahi şairimiz Əhməd Cavadın Şəmkir rayonunun Mehrili kəndindəki ata evi sıx meşələrin, mənzələri dağların, bol sulu çayların əhatəsindədir. Yol boyu bizi bu kəndin unikal təbiəti heyran edir.

Nəhayət, şairin ata evinə Mehrili kəndinə çatırıq. Kənd sakini Sabir Əliyevlə söhbətləşirik. Sabir kişinin babası Əhməd Cavadın dövründə yaşayıb və onunla bağlı xatirələrini çox bölüşüb.

Müsahibimiz deyir ki, bu məkan Əhməd Cavadın yurd yeridir. Şair o dövrün tanınan din xadimlərindən olan Axund Məhəmmədəlinin, eləcə də Yaxşı adlı qadının oğlu olub. Əhməd Cavad 1892-ci il də məhz bu həyətdə dünyaya gəlib.

“Bura Əhməd Cavadın yurd yeridir. Zamanla tikililər dağılıb. Görkəmli şairimiz kənddə anadan olub. Atası bu dünyadan vaxtsız köçəndən sonra Əhməd Cavad 8 yaşında anası ilə birlikdə qohumlarının yanına - Seyfəli kəndinə köçür” - deyir müsahibimiz.

Keşməkeşli həyat yolunda bir çox çətinliklərlə üzləşən Əhməd Cavad sonradan Gəncədə təhsil alır. Təhsilini davam etdirmək üçün Türkiyəyə yollanır, orada evlənir və nəhayət, yenidən Azərbaycana qayıdır.

Bir müddət Gəncədə daha sonra Qubada işləyir. Türkiyədən qayıdanda Əhməd Cavad artıq tanınan şairlərdən biri olur. O, tez-tez doğulduğu Mehrili kəndinə gəlir, vaxtı ilə böyüdüyü insanlarla ünsiyyətini heç vaxt kəsmir.

Sabir kişi mərhum şairin kəndə səfərləri ilə bağlı da müəyyən məlumatlara malikdir:

“Babam deyirdi ki, şair çox səliqəli geyinmiş şəkildə kəndə gələrdi. O zamanlar, çoxlu çətinliklərin olmasına baxmayaraq, Əhməd Cavad çox zaman bu kəndə gələrək tanıdıqları ilə hal-əhval tuturdu".

Represiya illərində Əhməd Cavadın ata yurdu boş qalır. Bu gün dağıntıları xatırladan bu tikili isə sovet dövründə, daha dəqiq desək, 50-ci illərin əvvələrində Qəmbər adlı şəxsə verilir. Hazırda gördüyünüz ev məhz Qəmbər adlı şəxs tərəfindən tikilib. Ümumiyyətlə, Mehrili kəndi ilə Əhməd Cavadın əlaqələri sıx olub. Kəndin bir çox uşaqları məhz Əhməd Cavadın şəxsi vəsaiti hesabına təhsil alıb. Həmin insanlar sonradan Azərbaycanda, hətta bir sıra məsul vəzifələrdə çalışıblar.

“Əhməd Cavad kəndin bir çox uşalarını öz hesabına oxutdurub. Şairin şəxsi vəsaiti hesabına təhsil alanlar sırasında o zamankı sovet Azərbaycanında regional prokuror işləyən Tağıyev Həbib olub. Paşa müəllim, Qasım müəllim var idi bu bölgədə tanınan fizika müəllimlərindən olub. Bir sözlə kəndin çox uşağı Əhməd Cavadın istəyi və vəsaiti ilə təhsil ala bilib".

Təəssüf ki, məsələ ilə bağlı Şəmkir rayon İcra Hakimiyyətindən kimsə münasibət bildirmək istəmədi. Rayon İcra Aparatına dəfələrlə zəng etsək də zənglərimiz cavabsız qaldı. Mədəniyyət Nazirliyinin Şəmkir Regional İdarəsindən isə bildirildi ki, Əhməd Cavadın evi ilə bağlı onlarda hər hansı bir məlumat yoxdur.

İlham Məmmədov

Müəllif: Vahid İsmayılov

Bütün xəbərlər Facebook səhifəmizdə