Bu qidalar zəhərlənməyə səbəb ola bilər - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI

Bu qidalar zəhərlənməyə səbəb ola bilər - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI

“Ümumiyyətlə, yay fəsli daha çox qida zəhərlənmələrinə məruz qaldığımız mövsümdür. Çünki, bir çox qidalar var ki, bunların yüksək temperaturda tərkibi dəyişir və tərkib dəyişdiyi üçün də qida zəhərlənməsinə səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, qida zəhərlənmələri əsasən mikrobların və onların toksinləri ilə yoluxmuş qida məhsulları yeyildikdə yaranır: “Adətən bu bir çox xəstələrdə 6 saata kimi özünü göstərirsə, digərlərində isə 2-3 gün çəkir”.

“Ümumiyyətlə, yüksək risk qrupuna bir çox qidalar daxildir. Bunlara daha çox bişmiş ət və toyuq məhsullarından hazırlanan salatları aid etmək olar. Ət sousları, piroqlar, paştetlər, süd və süd məhsulları, pendirlər, kremlər, bişmiş və çiy yumurtadan hazırlanan məhsullar, moyonez, evdə hazırlanan dondurmalar daxildir. Həmçinin, dəniz məhsulları da yüksək risk qrupuna aiddir. Balığı, krivetkanı, istridi və digər molyuskaları misal göstərmək olar. Bundan əlavə, bişmiş düyü, makaron, kartof və yaxud da tərəvəzlərlə bişmiş yeməklər var ki, onlar da risk qrupundadırlar. Bir çox hallarda həmin qidalar otaq temperaturunda saxlanıldığında tərkibindəki bakteriyalar çoxalır. Bakteriyaların çoxalması üçün də qidalı mühit yarandığından 10 dəqiqədə 2 dəfə çoxalmaqla artır”.

Mütəxəssis sözlərinə belə davam edib: “Bu kimi məhsulları hazırlayarkən, yaxşı olar ki, istehlak edəcəyimiz qədər bişirilsin və növbəti dəfə üçün saxlanılmasın. Ancaq bu halda əgər saxlanılacaqsa, o zaman mütləq şəkildə düzgün saxlanılmalıdır. Yaxşı olar ki, şüşə qab seçəsiniz. Eyni zamanda da, əgər soyuducuda saxlayırıqsa, mütləq ağzıbağlı qabda olmalıdır. Çünki, məhsulların saxlanılmasında “mal qonşuluğu” prinsipi çox önəmlidir ki, bir məhsulun digərinin yanında saxlanılması onun çirklənməsinə səbəb ola bilər”.

“Məhsulları aldıqdan dərhal sonra onları dərhal poletrin paketdən çıxarmalıyıq. Ümumiyyətlə, hər bir məhsulu öz xüsusiyyətinə görə saxlamaq lazımdır. Yay fəslində temperatur rejimi çox önəmlidir. Meyvə-tərəvəz məhsullarını bol su ilə yumaq çox vacibdir. Paketləmə məhsullarında da aldığımız yerə, saxlama şəraitinə və müddətinə diqqət etməliyik ki, həqiqətən paket zədələnməmiş olsun. Əgər paketin üzərindəki yazı pozulubsa və ya zədələnibsə deməli məhsul dəfələrlə dondurularaq əridilib. Meyvə-tərəvəz alarkən əsasən mövsümi olanları seçmək lazımdır. Həddindən artıq kimyəvi qatqı olan meyvə-tərəvəzlər zəhərlənmə yarada bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə