"Yeni inzibati binalar çevik və keyfiyyətli xidmət göstərilməsini təmin edir" - DEPUTATDAN AÇIQLAMA

"Yeni inzibati binalar çevik və keyfiyyətli xidmət göstərilməsini təmin edir" - DEPUTATDAN AÇIQLAMA

“Hər hansı infrasturukturun qurulması iqtisadi resurslar vasitəsilə təmin edilir, lakin bu, bütün hallarda iqtisadi sərmayə mahiyyəti daşıya bilməz”. Bu sözləri SİA-ya açıqlamasında deputat Eldəniz Səlimov qeyd edib.

Onun sözlərinə görə, yeni inzibati binaların istifadəyə verilməsinə münasibətdə iqtisadi deyil, daha çox dövlət funksiyalarının icrasının təkmilləşdirilməsi və vətəndaşların məmnunluğunun artırılması istiqamətində olmalıdır: “Xüsusilə nəzərə alınmalıdır ki, son dövrlərdə bir sıra dövlət qurumlarında struktur dəyişiklikləri və bununla bağlı optimallaşdırmalar aparılıb və nəticədə bəzi qurumlar tərəfindən göstərilən ayrı-ayrı xidmətlər təmərküzləşib. Belə ki, bəzi sahələr üzrə müvafiq prosedurlar əvvəllər müxtəlif ərazilərdə və rahat infrasturuktur təminatı olmayan yerlərdə həyata keçirilirdi ki, bu da vətəndaşlarda narahatlığa, onların müəyyən vaxt itkilərinə məruz qalmalarına, o cümlədən əlavə vəsait xərcləmələrinə səbəb olurdu”.

Deputat həmçinin qeyd edib ki, yeni inzibati binalar vətəndaşlara vahid infrastruktur daxilində daha çevik və keyfiyyətli xidmət göstərilməsini təmin edir: “Eyni zamanda yeni inzibati binalarda xidmət göstərən əməkdaşların motivasiyası da xüsusilə nəzərə alınıb və burada əməkdaşların normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu da həmin əməkdaşların öz vəzifələrini icra etməsi üçün stimullaşdırılması baxımından müsbət nəticələr verəcək. Bütün bunlar dövlət-vətəndaş münasibətlərində rahat və keyfiyyətli kommunikasiyanın qurulmasında, o cümlədən vətəndaş məmnunluğunun artırılmasına önəmli rol oynayır”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə