Sahibsiz uşaqların sahibi kimdir? - Dövlət, cəmiyyət, yoxsa… - ARAŞDIRMA

Sahibsiz uşaqların sahibi kimdir? - Dövlət, cəmiyyət, yoxsa… - ARAŞDIRMA

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

Ekspertlər: Uşaqpulu bərpa edilməli, uşaqların ailələrə verilməsi produru sadələşdirilməlidir

Azərbaycanda 18 yaşadək uşaqlar ölkə əhalisinin 30 faizini (3 milyon) təşkil edir. Hər il orta hesabla 150 min körpə dünyaya gəlir. Rəsmi rəqəmlərə görə, hazırda respublikada 20 mindən çox uşaq valideyn himayəsindən məhrumdur. Sahibsiz uşaqların demək olar ki, təxminən 50 faizi uşaq evlərində məskunlaşıb. Qalanları küçələrdə yaşayır. Bəs onların taleyi ilə maraqlanan varmı, onları normal vətəndaş kimi böyütmək vəzifəsini dövlət və cəmiyyət olaraq nəcə yerinə yetiririk?

Balaca Rasimin “artistliyi”, yoxsa xəstə anası uğrunda fədakarlığı?

Bir neçə gün əvvəl, bazarların birində yerdə oturub ağlayan azyaşlı uşağı görüb yaxınlaşdıq. Qısa söhbət zamanı maraqlı məsələlər ortaya çıxdı.

-Bala, niyə ağlayırsan?

-Heç, elə-belə...

-De görək nə olub, burda nə edirsən?

-Çay satıram

-Kimə?

-Avtobus sürücülərinə, satıcılara...

-Adın nədir?

-Rasim

-Bəlkə bir kömək lazımdır, kimsə səni incidir?

-Yox, pulumu itirmişəm...

-Nə qədər pulun itib?

-7 manat

-Səni çay satmağa kim göndərir?

-Atam

-Bəs özü işləmir?

-İşləyir, amma anam xəstədir, çox pul lazımdır...

-Neçə yaşın var?

-12-yə az qalıb

-Sən yaşda uşağın işləməsi qanunla qadağandır, bunu bilirsənmi?

-Nə bilim...

-Bəs polislər sənə heç nə demirlər?

-Yox

-Məktəbə gedirsənmi?

-Hə, indi dərs yoxdur, məktəb vaxtı dərsdən sonra çay satıram.

-Bəs dərslərini nə vaxt hazırlayırsan?

-Gecə evə qayıdandan sonra

-Necə oxuyursan?

-4-5 alıram bütün dərslərdən

-Səninlə sizə gedə bilərikmi?

-Yox, atam məni döyər ki, niyə tanımadığın adamı evə gətirmisən...

-Mən sənə 7 manat versəm evə gedərsən?

-Yox, gərək bu termosdakı çayı da satım qurtarım...

-Termosdakı çayın pulunu da versəm necə?

-Mən özbaşıma gedə bilmərəm, gərək atam gəlib özü məni aparsın...

Bu anda bir gənc oğlan bizə yaxınlaşır: “Bu uşağa pul verməyin, o hər gün gəlib burda artistlik edir, adamlardan pul qoparır”.

Nədən bilirsiniz- deyə soruşduq, suala sualla cavab verdi: "Sizə 7 manatım itib dedi, düzdürmü? O hər gün eyni sözü adamlara deyir, elə bil başqa rəqəm bilmir, bəziləri verir, bu da bir azdan gəlib başqalarına eynişeyi deyir”.

Uşaqdan niyə belə etdiyini soruşduq, heç bir cavab vermədi, elə yazıq-yazıq üzümüzə baxırdı. 12 yaşlı bir uşağı bu yola vadar edən valideyni çox böyük ehtimalla kənardan bizi seyr edirdi...

Polis: “Bizim qaraçılara gücümüz çatmır, onların qanun zad veclərinə deyil”

Rasim kimilər son vaxtlar azalmaq əvəzinə artır. Ölkəmizdə qadağan olunmasına baxmayaraq düz polisin gözü önündə onlar istismar edilirlər. Yuxarıdakı halda, yaxınlıqdakı polisə bunu irad tutanda maraqlı cavablar aldıq.

  • Uşaqların işlədilməsi, diləndirilməsi qanunla qadağandır, siz buna niyə yol verirsiniz?
  • Onların çoxu qaraçılardır, onlarla biz bacarmırıq...
  • Necə yəni, qanunlarımız qaraçılara aid deyil? Mən bilən Əmək Məcəlləsində belə bir istisna yoxdur...
  • Onların qanun zad vecinə deyil, qovmaqdan yoruluruq, yenə də gəlirlər...
  • Həbs edin, uşaqları alıb internata verin, bir tədbir görün, yoxsa polisin onlara gücü çatmır?
  • Çatmır də deməli. Yaxınlaş bir söz de, gör sənin üzünə necə şırım açırlar..
  • Mən polis deyiləm, dövlət sizi bütün zəruri vasitələrlə təchiz edib və lazımi səlahiyyət verib.
  • Qardaş nə istəyirsən bizdən, biz bacarmırıq bunlarla...

“Diləndirilən uşaqlara pul verməklə onların istimarına şərait yaradırıq”

Sosioloq-jurnalist Elçin Bayramlı deyir ki, Bakı küçələrində maşın pəncərələri silmək, bazarlarda yük daşımaq, kiçik ticarətlə məşğul olmaq, dilənmək kimi işlər görən azyaşlılar azalmaq əvəzinə çoxalır.

“Əksər vətəndaşlarımız bəzi şeyləri onlardan alırlar, ya da onlara pul verirlər ki, acından ölməsinlər. Lakin bu çıxış yolu deyil. Küçə uşaqları problemi dövlətin və cəmiyyətin birlikdə və ciddi şəkildə həll etməli olduğu problemdir. Bu uşaqlarla xüsusi dövlət və qeyri-hökumət təşkilatları məşğul olmalı, onları internat məktəbinə yerləşdirməli və ciddi nəzarətdə saxlamalıdır”- sosioloq bildirdi.

Sosioloq deyir ki, son vaxtlar azyaşlı uşaqlardan dilənmək məqsədilə istifadə halları da geniş yayılıb: “Hətta bir neçə günlük körpənin 2 yaşlı başqa bir körpənin körpənin qucağına verilərək diləndirilməsi halına da rast gəlirik. Çox vaxt bu hallara polis göz yumur. Deyim ki, azyaşlı körpələrin dilənçi kimi istifadəsinə şərait yaratmaqda bizim polislərdən də çox rolumuz var. Əgər biz prinsipial olaraq uşaqlara pul verməsək, onlardan bu məqsədlə istifadə edə bilməzlər”.

Elçin Bayramlı deyir ki, əksər ölkələrdə verilən aylıq uşaqpulunun bizim ölkədə verilməməsi bu problemin həll edilməməsinə, əksinə, kəskinləşməsinə səbəb olur: “Küçəyə buraxılan uşaqların demək olar ki, hamısı yoxsul ailələrin övladlarıdır. Ya da ki, valideynini itirmişlərdir. Uşaqpulu bərpa edilsə, sahibsiz uşaqlara da təhkim olunmuş himayəçiləri baxa bilər. Uzun illərdir ki, uşaqpulunun bərpası ilə bağlı bütün səviyyələrdə müzakirələr aparılır, lakin hələ də bir qərar yoxdur. Heç olmasa, yoxsul ailələrin uşaqları və heç kimi olmayan uşaqlar üçün aylıq müavinətlər verilməlidir. Azı yaşayış minimumu məblığində”.

“Küçə uşaqları” arasında cinayət halları niyə artır?

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda sahibsiz uşaqların sayının 50 mindən artıqdır. İşləyən uşaqların yaş həddi oğlanlar üçün 12-14, qızlar üçün isə 12-16 yaş təşkil edir. Bu yaşda uçaqların əksəriyyəti gündəlik yeməklərini əldə etmək üçün işləyirlər.

Müxtəlif uşaq təşkilatlarının hesablamalarına görə, küçə uşaqlarının 90 faizdən çoxu təhsildən yayınır. Bu uşaqlar gələcəkdə uşaq alverinin, zorakılığın, cinsi istismarın qurbanı olurlar. Sahibsiz uşaqların cəmiyyətə reabilitasiyası, onların ailələrə verilməsi məqsədilə dövlət tərəfindən bir neçə proqramın həyata keçirilməsinə baxmayaraq problem tam həll olunmayıb.

Bakıda “küçə uşaqları”nın sayı 1000-dən az deyil. Həmin uşaqlar üçün şəhər küçələri evlərini əvəzlədiyindən, onlar küçədə işləyir, küçədə əylənir, sahibsiz tikililərdə və xarabalıqlarda yatırlar. Bu uşaqların əksəriyyətində ağır xəstəliklər var.

Bakı küçələrində işləyən azyaşlı uşaqların böyük əksəriyyəti spirtli içki içir, siqaret çəkir, oğurluğu qəbahət saymır. Belə uşaqlarda insanlara qarşı aressiya müşahidə olunur.

Son illərdə sahibsiz uşaqlar arasında qanun pozuntularının sayı artıb. Azyaşlılar arasında artıq “kriminal avtoritet”lər peyda olmaqla yanaşı, onların törətdikləri cinayətlərin arasında da xüsusilə ağır halların sayı durmadan yüksəlir. “Küçə uşaqları” arasında intihar edənlər də artır.

“Uşaqların ailələrə verilməsi prosesi sadələşdirilməlidir”

Sağlam Cəmiyyət Hərəkatının hüquqşünası Nübar İsmalıyova deyir ki, Əmək qanunvericiliyi Azərbaycanda yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol vermir. “16-18 yaş qrupuna daxil olan uşaqların isə, əmək şəraiti ağır və zərərli iş yerlərində, yeraltı işlərdə, uşaqların əxlaqına mənfi təsir göstərən gecə klublarında, barlarda, kazinolarda, spirtli içkilərin, tütün məmulatlarının narkotik vasitələrin və toksik maddələrin istehsalı, daşınması, satışı və saxlanılması yerlərində işləməsi qadağandır”.

Hüquqşünas deyir ki, bizim qanunvericilik azyaşlı uşaqların fiziki və mənəvi keyfiyyətlərinə zərbə vuran işlərə cəlb olunmasını qadağan etsə də, bu qanunun tələblərinə riayət edilmir: “İşəgötürənləri uşaq əməyindən istifadəyə uşaqların əməyinin ucuz qiymətləndirilməsi və onların daha asan idarə olunması həvəsləndirir. Təəssüf ki, bununla bağlı ciddi cəza tədbirlər görülmür”.

Ekspertin fikrincə, sahibsiz uşaqları internatlara yığmaq da çıxış yolu deyil: “Yaxşı olardı ki, onlar uşağı olmayan ailələrə təhvil verilsin. Çünki ailə mühiti, ailə tərbiyəsi daha təbii və daha sağlamdır. Həm psixoloji, həm fiziki cəhətdən. Bizdə övladlığa uşaq götürmək prosesi o qədər çətin, uzunçəkən, mürəkkəb və əziyyətlidir ki, uşağı olmayan ailələr, övladlığa uşaq götürə bilmirlər. Mən bu prosesin niyə bu qədər çətin, deyərdim ki, qeyri-mümkün hala gətirilməsinin səbəbini başa düçə bilmirəm. Bu məsələ həm ictimai, həm parlament səviyyəsində müzakirə olunmalıdır”.

Uşaq hüquqları qanunvericilikdə necə təsbit olunub?

1959-cu il noyabrın 20-də BMT-də Uşaq Hüquqları Bəyannaməsi, 1989-cu ildə isə “Uşaq hüquqları haqqında” Konvensiya qəbul edilib. İndiyədək 190 dövlət, o cümlədən Azərbaycan (1992) həmin konvensiyaya qoşulub.

1993-cü ildə ölkəmiz «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» Ümumdünya Bəyannaməsinə qoşulub.

2000-ci ildə BMT-nin “Minilliyin Sammiti”ndə isə Azərbaycan prezidenti Konvensiyanın «Uşaqların silahlı münaqişəyə cəlb olunması» və «Uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyası» üzrə Fakultativ Protokollarını imzalayıb.

2004-cü ildə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının «Uşaq əməyinin ən pis formalarının ləğv edilməsi» haqqında 182 saylı Konvensiyası və eyni adlı 190 saylı Tövsiyəsinə, həmçinin Beynəlxalq Övladlığa Götürməyə dair Haaqa Konvensiyasına qoşulub.

Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunudur. Bu qanun uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir.

Mövcud vəziyyətdə dövlət öz üzərinə götürdüyü öhdəliklərə, müvafiq qanunvericiliyə uyğun müəyyən tədbirlər həyata keçirsə də, problem aradan qalxmır. Amma hər şeyi də dövlətdən gözləməyə dəyməz. Burada əsas məsuliyyət cəmiyyət olaraq bizim üstümüzə düşür. Biz uşaqların sağlam və təhlükəsiz böyüdülməsi, onların istismarına qarşı öz etiraz səsimizi ucaldırıqmı, onların normal həyata qayıtması üçün kömək edirikmi? Təəssüf ki yox!

Uşaq bayramınız mübarək!

Lalə Mehralı

Bu yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə