Paytaxt sakinləri yumşalmaları bu cür qarşıladı - SORĞU

Paytaxt sakinləri yumşalmaları bu cür qarşıladı - SORĞU

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın keçən həftədəki birifinqindən sonra karantin qaydalarında bir sıra yumşaldılmalar oldu. SİA olaraq şəhər sakinləri arasında bu qaydaların onları qane edib-etmədiyi haqqında sorğu keçirdik. Gəlin, görək sakinlər bu haqda nə düşünür:

Şəhər sakini Tamilla Ağayeva: “Metroların açılması məni çox qane edir. Elə, indi də metroya gedirəm. Son brifinqdə olan yumşaldılmalardan sözün əsl mənasında razı qaldım. Biz bu yumşaldılmalara çoxdan keçməli idik. Yaxşı ki, gec də olsa bu baş tutdu. Lakin, insanlar bundan sui-istifadə edib virusu daha da yaymamalıdır. Koronavirus çox ağır bir xəstəlikdir. İctimai nəqliyyatda və qapalı məkanlarda maska taxmalıyıq. Eyni zamanda şəxsi gigiyenaya da ciddi riayət etmək lazımdır. Qapalı məkanlarda kifayət qədər maskasız gəzən insanlar var. Şəxsən mən, 5 nömrəli avtobusda maskasız gəzən insanların şahidi olmuşam".

Şəhər sakini Toğrul Ağayev: “Metronun üstünlüyü odur ki, şəhərdə sıxlıq azalır. Həmçinin, metronun fəaliyyəti avtobuslardakı sıxlığı da aradan qaldırır. Artıq o qədər də basabas yoxdur. Təbii, ki qaydalara da öz yerində riayət etməliyik. Sonuncu brifinq qərarları məni çox qane etdi. Bu qərarlar hamımızın istədiyi bir şey idi. Ən azından açıq havada rahat nəfəs ala bilirik. Həmçinin, bu cür istilərdə maskasız gəzmək çox yaxşıdır. İctimai nəqliyyatda maskasız gəzənlərə yaxşı münasibət bəsləmirəm. Doğrudur, istidə maska taxmaq çox çətindir. Lakin, qayda qaydadır və riayət etmək lazımdır. Qaydalara kifayət qədər əməl etməyənlər var”.

Şəhər sakini İbrahimova Mədinə: “Metroların yenidən fəaliyyətə başlamasından çox razıyam. Bu çox yaxşı fikirdir. Qapalı məkanlarda isə maskasız gəzənlər kifayət qədərdir. Düşünürəm ki, onlar cəzalandırılmalıdır. Sonuncu birifinqdən sonra yumşaldılmaların olması çox yaxşı oldu. Artıq açıq havada rahat nəfəs ala bilirik və dünya öz yerinə qayıdır”.

Şəhər sakini Nigar Məlikova: “Mən metrodan istifadə etməsəm də, açılmasının əleyhinəyəm. Çünki, pandemiya və karantin rejimi hələ bitməyib. Əgər karantin rejimi avqustun əvvəlinə kimi uzadılıbsa, metroların da açılması məqsədəuyğun deyil. Yenə sıxlıq olacaq və eyni şey təkrarlanacaq. Virus yayıldıqdan sonra maskanın da bir xeyri qalmır. Doğrudur, bunları statistika daha düzgün göstərəcək, ancaq yenə də say artımı olsa bu fəlakətdir. Kütləvi yerdə mütləq maska taxmaq lazımdır. Havada isə maskasız gəzmək normaldır”.

Şəhər sakini Polad Həsənli: “Metroların yenidən fəaliyyətə başlaması əlbəttə çox yaxşıdır. Artıq ictimai nəqliyyatda sıxlıq yaranmayacaq. Xüsusilə bizim kimi maşını olmayıb avtobus istifadə edən insanlar üçün metro ən əlçatan nəqliyyat vasitəsidir. Hələ gec açılıb bu daha tez olmalı idi. Qapalı məkanlarda maskasız gəzmək düzgün deyil. Brifinqin yeni qərarlarından çox razıyam, xüsusilə də idman sahəsi ilə bağlı olan. Ümid edirəm ki, yumşaldılmalar bundan sonra da davam edəcək. Çünki, həqiqətən lazımdır”.

Şəhər sakini Elman Əhmədov: “Metroların açılmasından çox razıyam. İnsanlar işə rahat gedə bilirlər. Bu tıxacın azalmasında da böyük rol oynayır. Sağlamlığını düşünən hər bir insan maskadan istifadə etməlidir. Yumşaldılmalar əladır. Rahat şəkildə tələbələr və şagirdlər də dərslərinə getsin”.

Şəhər sakini Əkbər Məmmədov: “Metrodan istifadə xüsusilə də zaman baxımında çox yaxşıdır. Mən düşünürəm ki, qapalı məkanda qaydalara uyğun olaraq maska taxılmalıdır. Ümumilikdə isə qərarlarla bağlı neytralam”.

Şəhər sakini Kəmalə Həsənova: “Metronun fəaliyyəti çox əladır. Avtobusla bir yerə getmək uzun zaman tələb edir. Lakin, metro 5-10 dəqiqəyə məkana çatdırır. İnşallah hər şey yaxşı olsun. Həyat öz axarına geri dönsün. İnsanlar özlərinə diqqət etsinlər və virusdan qorunsunlar”.

Şəhər sakini Qəmər Əlicanova: “Yumşaldılmalardan razıyam. Metronun açılması nəticəsində taksilərdən canımız qurtarıb. Evə, işə daha tez çatırıq. Həmçinin tıxac da olmur”.

Şəhər sakini Gülşən Əhmədova : “Yumşaldılmalardan çox razıyam. Lakin, bir ondan narazıyam ki, peyvənd barədə məcburiyyət yaranıb. Yəni, insanlar özünü peyvənd olunmağa məcbur hiss edir. Çünki, peyvənd olunmayanlara bəzi məhdudiyyətlər olacaq. Bu mənim xoşuma gəlmir. Bir də deyilir ki, peyvənd olunduqdan 6 ay sonra yenidən virusa yoluxma ola bilər. Bəyəm biz neçə dəfə peyvənd olunmalıyıq ki?! İnsan orqanizmi buna necə tab gətirsin?! Həmçinin, deyilir ki, peyvəndin icadı üçün illərlə vaxt sərf olunmalıdır. Bizə bir ilin içində 2-3 cür peyvənd təqdim ediblər. Min cür söz gəzir. Adam bilmir kimə inansın”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə