Azərbaycan dünya arenasında yüksək nüfuz qazanıb

Azərbaycan dünya arenasında yüksək nüfuz qazanıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 28 May Respublika Günü ilə bağlı ümumilikdə 60-dan çox ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir. Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir.

Əldə olunan uğurlar, artan nüfuz və iqtisadi potensialına görə, Azərbaycan bir çox ölkə rəhbərləri tərəfindən strateji tərəfdaş kimi dəyərləndirilir.

ABŞ Prezidentinin təbrik məktubu ölkələrimiz arasında etibarlı münasibətlərin göstəricisidir. Təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verilir. Müstəqilliyimizin bərpasından keçən 30 ilə yaxın müddətdə ABŞ və Azərbaycan iki dövlətin xalqları arasında əlaqələri gücləndirərək təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə fəaliyyət göstərib. ABŞ 2020-ci ildə Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və bu il Xəzər dənizindəki “Dostluq” qaz yatağının Türkmənistanla birgə kəşfiyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumumunu qətiyyətlə dəstəkləyir.

Rusiya Prezidenti öz təbrik məktubunda ölkəmizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlar əldə etdiyini vurğulayıb. O Azərbaycanın dünya arenasında yüksək nüfuz qazandığını, beynəlxalq gündəlikdəki çoxsaylı mühüm məsələlərin həllində rol oynadığını bildirərək Azərbaycan ilə mehriban dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan münasibətləri yüksək qiymərləndirib. Məktubdan aydı olur ki, bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə Azərbaycan ilə strateji tərəfdaşlıq Rusiya üçün önəmli vəzifələrdən birini təşkil edəcəkdir.

Hazırda dünyanın ən böyük iqtisadiyyatına malik olan ölkələrdən biri olan Çin də Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Çin Xalq Respublikasının Sədrinin təbrik məktubunda ikitərəfli münasibətlərdə fəal inkişaf dinamikası müşahidə olunmasına, ölkələrimizin hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləməsinə diqqət çəkilir. “Bir kəmər, bir yol” beynəlxalq layihəsi üzrə ölkələrimiz arasında əməkdaşlığın dərinləşməklə davam etməsi xüsusi olaraq vurğulanır. Beləliklə, dünyanın ən böyük iqtisadi güc mərkəzləri olan ABŞ, Çin və Rusiya Azərbaycanla birgə regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirirlər.

Bütün bunlar göstərir ki, regionun lideri və çoxsaylı beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə nail olub.

Rauf Əliyev, Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə