Azərbaycan və Türkiyə hər zaman, hər məsələdə bir-birinin dəstəyini hiss edib
Ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamları hər iki dövlətin gələcək nəsilləri üçün qoyduğu çox dəyərli bir mirasdır. Azərbaycan xalqı üçün unudulmayacaq reallıqdır ki, keçən əsrin əvvəllərində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı zamanı qardaş türk ordusu xilaskarlıq missiyasını yerinə yetirmişdi. 70 illik sovetlər dönəmində imperiya tərkibində yaşasaq da xalqımız bu qardaşlığı daim böyük hörmətlə yad etmiş, xatırlamışdır. Nuru paşanın komandanlığı altında 1918-ci ildə Azərbaycan xalqına qardaşlıq köməyinə gəlmiş Qafqaz İslam Ordusunun döyüşçüsü olmuş naməlum türk hərbçisinin Bakı-Şamaxı yolunun kənarında, Acıdərə vadisində qəbrinin 37-ci ilin repressiya dövründə belə xalqımız tərəfindən qorunaraq saxlanılması və hələ 1964-cü ildə yenidən abadlaşdırılması xalqlarımız arasında dostluq-qardaşlıq münasibətlərinin əbədi və sarsılmaz olduğunu ən təsirli göstəricilərindəndir.
Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq və qardaşlıq türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin hazırda həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olması, Azərbaycanın isə iqtisadiyyatının sürət tempinə, iri infrastruktur layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətə çevrilməsidir. Beləliklə, iki türk dövlətinin bir-birinə qardaş münasibəti bütün türk dünyası üçün və ümumilikdə bütün dünya üçün nümunə ola biləcək səviyyədədir. Bu qardaşlıq nümunəsi sadəcə xoş günlərdə deyil, ən çətin günlərdə də davam etdirilmişdir. Belə ki, Azərbaycanın müstəqilik tarixinin ən şanlı səhifələri yazılarkən Türkiyə daim Azərbaycanın yanında olmuş, 44 günlük müharibənin hər bir anında Azərbaycan dövləti və cəmiyyəti Türkiyənin mənəvi dəstəyini hiss etmişdir. Eyni şəkildə Azərbaycan da daim Türkiyəni dəstəkləmişdir. Sadəcə yaxın tarixə nəzər salmaq kifayətdir ki, dediklərimiz öz təsdiqini tapsın. II Qarabağ müharibəsinin başlamasından cəmi 3 həftə öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edərkən Türkiyəyə açıq və qəti dəstəyini yunan səfirin diqqətinə çatdırmış və vurğulamışdır ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və bütün məsələlərdə biz onların yanında olacağıq. Bu qəti mövqe qardaş ölkəmizdə böyük məmnuniyyətlə qarşılanmış və geniş əks-səda tapmışdır. Daha bir nümunə: Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti Cozef Baydenin 24 aprel tarixli bəyanatına Azərbaycan dərhal reaksiya göstərmiş və Türkiyənin yanında olduğunu açıq şəkildə ifadə etmişdir. Əslində iki ölkənin bir-birinə dəstəyi və qardaş münasibəti ilə bağlı hələ çox nümunə göstərmək, fikir bildirmək olar amma məqsədimiz onsuzda hər kəsə məlum olan məsələni qabartmaq yox, iki ölkənin təhsil sahəsindəki əməkdaşlığından danışmaqdır.
Bu ilin 27 may tarixində Prezident İlham Əliyev Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçuku qəbul etdi. Görüş bir çox məqamlarla yadda qalan oldu. Görüş zamanı təhsil sahəsində əməkdaşlığın önəmli olduğunu vurğulayan ölkə başçımız gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün addımların atılmasının vacibliyini qeyd edərək bu istiqamətdə əlavə tədbirlərin görülməsini türkiyəli nazirin diqqətinə çatdırdı.
Prezident İlham Əliyev tərəfindən səsləndirilən ən vacib fikirlərdən biri isə Qarabağ həqiqətlərinin öyrənilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə göstəriş verildiyinin elan edilməsi idi. Əslində, bu gözlənilən addım idi. Nəzərə alsaq ki, tarixin saxtalaşdırılması və təhrif olunması kimi hallar dünya təcrübəsində tez-tez baş verir, onda bu addımın atılmasının zəruriliyi bir daha nəzərə çarpır. Bir tərəfdən gələcək nəslin tariximizi bilməsi, qəhrəman övladlarımızın şücaəti, rəşadəti, cəsarəti, Vətən sevgisi ilə bağlı aydın fikrə sahib olması, digər tərəfdən də gələcəkdə hansısa məqsədlər naminə tariximizin bilərəkdən saxtalaşdırılması ehtimalının aradan qaldırılması üçün bu addım olduqca vacib və lazımlıdır. Ölkə başçımız sovet dövründə təhsil alan şəsxlərin, o cümlədən özünün də təhrif edilmiş tarix öyrəndiyini bildirmiş və indiki şəraitdə həm qədim tariximizi, həm də müasir tariximizi olduğu kimi təqdim etməyin vacibliyini vurğulamışdır. Qeyd olunmalıdır ki, əsrlər boyu qardaş Türkiyə və Azərbaycan xalqına qarşı tarixi saxtalaşdırmaqla dünya ictimaiyyətini aldatmağa çalışan erməni ideoloqlarının yalanlarının Vətən müharibəsində əldə etdiyimiz Qələbədən sonra da davam etdirilməsi həqiqətlərin həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırılmasını xüsusilə vacib edir. Məhz əldə etdiyimiz Qələbə nəticəsində erməni vandalizmini, rəsmi İrəvanın işğalçılıq siyasətini, xalqımıza qarşı faşizm ideologiyasını dünya ictimaiyyətinə çatdırmağımız mümkün oldu. Ancaq təəssüf ki, hələ də bütün sübutlara rəğmən erməni yalanlarına inanan kifayət qədər ölkələr vardır. Buna görə də Qarabağ həqiqətlərinin düzgün təbliği və bundan sonra orta məktəb və ali təhsil ocaqlarında tədris olunması gələcək nəsillərə düzgün, təhrif olunmamış formada çatdırılması, tarixi həqiqətlərin Azərbaycan gəncliyinə aşılanması təhsil sistemimiz qarşısında duran ən prioritet vəzifədir.
Görüşdə diqqət yetirilən daha bir vacib nüans isə peşə təhsili ilə bağlı oldu. Türkiyə Milli Təhsil naziri Ziya Səlçuk bildirdi ki, peşə fəaliyyəti ilə bağlı imzalanan protokol hazırda həyata keçirilir. İndiki şəraitdə bu məsələnin Azərbaycan üçün aktuallığı maksimum səviyyədədir. Çünki Qarabağın bərpası prosesində peşə təhsilinə malik savadlı kadrlar bizim üçün ən böyük ehtiyac olacaqdır. Türkiyənin dəstəyi ilə yetişmiş hazırlıqlı kadrların bu prosesə verəcəyi töhfə şübhəsiz ki, çox böyük və əhəmiyyətli olacaq.
Ölkə başçımız çıxışı zamanı bir məsələni də qeyd etdi ki, yaxın tarixdə ölkəmizə səfəri gözlənilən Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi bir məktəbin təməlqoyması reallaşacaqdır. Əlbəttə ki, bu da bizim üçün vacib və qürurverici haldır. Bu onun göstəricisidir ki, iki dövlət hər məsələdə olduğu kimi Qarabağın bərpasında da birlikdə yol izləyir və bir-birinə dəstək olur.
İlqam Əskərov
YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB