2021-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfər etmişdir. 28 ildən sonra şanlı Ordumuzun və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə, onların sayəsində Zəfər çalmış bir xalq kimi Respublika Gününü məhz Ağdamda qeyd etmək bizim üçün böyük bir qürurdur.
Prezident İlham Əliyev: “Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq.”
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. Bildirilib ki, burada ilkin islahatlar kənd təsərrüfatı torpaqları ilə bağlıdır. İslahatlara əsasən, təqribən 25 sotdan nəzərdə tutulub. 18 sotdan insanların hər birinə həyətyanı sahə müəyyən olunub. Bunları təmin etdikdən sonra investorların cəlb edilməsi və Ağdamın müasir kənd təsərrüfatı növlərinin inkişafını təmin etmək üçün 10, 50 hektarlıq 200 müasir fermer təsərrüfatı nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib. Binanın layihələndirilməsinə ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühandislik” şirkətləri cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.
Prezident İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub. Bu məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur. Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə əsası qoyulub. O, müxtəlif yerlərdə fəaliyyət göstərib. 1904-cü ildə həmin bu binaya, bu əraziyə gəlib və 1949-cu ilə kimi burada qalıb.
Məktəb 1993-cü ildə erməni işğalı zamanı tamamilə dağıdılmışdır. İkimərtəbəli bina olub. Təqdim olunan layihədə isə üçmərtəbəli bina nəzərdə tutulur. Plana uyğun olaraq, inzibati hissə, tədris korpusları, idman meydançası, texniki zona təşkil olunacaqdır. Məktəb 960 nəfər şagird üçündür. Əvvəlki məktəb 500 nəfərlik olub. Amma indi 960 şagird yerlik olacaq. Eyni zamanda, 18 sinif otağı, 37 fənn kabineti, kimya, fizika, biologiya laboratoriyaları yaradılacaq. Məktəbdə təhsil üçün hər cür şərait, bütün texniki imkanlar olacaqdır.
Təhsil Nazirliyinin təklifi ilə 15 məktəb layihəsi verilib. Qarabağ Universitetinin yaradılması nəzərdə tutulur. Universitetdən əlavə, xüsusi orta təhsil müəssisələri və liseylər yaradılacaq. Ağdam bütün Qarabağın təhsil mərkəzi olacaq.
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub. Bu məscid də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biridir. Ağdam rayonunun Qiyaslı kəndində bu dini abidə XVIII əsrə aiddir. Qiyaslı məscidi 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb. İşğaldan sonra ermənilər burada da heyvanlar saxlamış, gedəndə də yandırıblar və xeyli ziyan dəyib.
Prezident Şahbulaq qalasında olub. XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.
Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. Mayın 28-də Prezident bu kompleksdə də olub. Pənahəli xan burada atlarını saxlayırmış. Bu atlar burada nümayiş olunub, satışa çıxarılıb. İmarət sonradan Azərbaycan ictimaiyyətinin toy-bayram keçirdiyi yerlərdən biri olub.
İşğal dövründə buraya çox vəhşi münasibət bəsləyiblər. Hər yerdə olduğu kimi, burada da heyvan saxlayıblar və bərbad haldadır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.
Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinin canlı şahididir. Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın türbələri və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də burada yerləşir.
Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacağı barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məlumat verilib. Zəfər və İşğal muzeylər kompleksinin konsepsiyası İtaliya şirkəti tərəfindən hazırlanmışdır. İşğal muzeyi kompleksində həm muzey, həm də memorial bağ olacaq.
Prezident İlham Əliyev bildirdi ki, 44 günlük müharibənin hər bir günü burada əks olunmalıdır. O günün tarixçəsi əks etdirilməlidir.
Dövlətimizin başçısı 28 mayda Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində də iştirak etmişdir. Bu layihə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir. Yolun uzunluğu 44.5 kilometrdir və 14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək.
Dövlətimizin başçısının tapşırığına əsasən bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
“Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərmanda Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialının mövcudluğu rayonda müasir infrastruktura malik sənaye parkının yaradılmasını zəruri etdiyi qeyd olunur. Sənədə əsasən, Ağdam Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Sənaye Parkının fəaliyyətinin təşkili, idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir. Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.
Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev ərazidə dağdağan ağacı əkib.
İlham Əliyev: “Yanvarın 14-də Şuşada birinci dəfə olarkən özümə dedim ki, ən xoşbəxt günlərimi yaşayıram. Bu gün də eyni sözləri deyirəm. Əminəm ki, bizim xalqımızın həyatında bundan sonra belə xoşbəxt günlər çox olacaq. Xalqımız xoşbəxt olsun. Tezliklə doğma Ağdamı bərpa edək, vətəndaşları qaytaraq və bu gözəl diyarımız olan Qarabağ torpağında əbədi yaşayaq.”
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın və Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində əsl möcüzə baş verdi və Azərbaycan xalqı ən ülvi arzusuna çatdı. Beş əsrlik dövrdə itirilmiş Azərbaycan torpaqlarını geri qaytarıldı. İki əsrlik Qarabağ münaqişəsini uğurla həll edildi.
İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Azərbaycan xalqı müzəffər xalq kimi qürur hissi ilə yaşayacaq.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin milli iqtisadiyyata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması üçün genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Region iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməli, sənaye potensialı reallaşdırılmalı, zəruri təşviq mexanizmləri hazırlanmalı və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmalıdır.
Gülxanım Allahverdiyeva
322 N-li tam orta məktəbin Tarix müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB