Məleykə Abbaszadə “Eurovision-2011” mahnı müsabiqəsi qaliblərinin imtahan nəticələrini açıqladı

Məleykə Abbaszadə “Eurovision-2011” mahnı müsabiqəsi qaliblərinin imtahan nəticələrini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadə "Eurovision-2011" mahnı müsabiqəsində I yeri qazanan qaliblərin imtahan nəticələrini açıqlayıb. SİA-nın xəbərinə görə, bu yaxınlarda çox böyük qələbə yaşanan "Eurovision-2011" müsabiqəsində Azərbaycan birinci yer tutmasının Azərbaycan və Avropa səviyyəsində bir qələbə olduğunu deyən M.Abbaszadə bu müsabiqədə qalib olan Eldarın nəticələrini vurğulayıb.

"Biz ümumiyyətlə hər hansı bir şəxsin icazəsi olmadan onun nəticələri açıqlamırıq. Ancaq Eldar ictimai şəxs olduğundan onun nəticələrini cəmiyyətə açıqlaya bilərik. Eldar Qasımov 556 balla Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər fakultəsinə qəbul olub. Magistraturaya qəbul imtahanında isə 99 bal toplayıb. Bunun qabiliyyəti, intellekti də var. Ona görə də bizim bayrağımızı ucalara qaldıra bildi. Yalnız səsə malik olan insan, qabiliyyəti ilə yanaşı öz üzərində işləmirsə, savadı yoxdursa, ola bilsin Azərbaycanda toylara gedəcək. Amma o öz izini Azərbaycan mədəniyyətində təsdiqləyə bilməyəcək", - deyə TQDK sədri əlavə edib.

\"Eurovision\" müsabiqəsinin digər qalibi Nigar Camalın nəticələrinə gəlincə, M.Abbaszadə qeyd edib ki, onun soyadı sonradan dəyişdiyi üçün onu dəqiq demək mümkün olmayacaq. Onun sözlərinə görə, Xəzər Universitetində Nigar adlı bir qız 130 bal toplayıb, ancaq qalibin soyadını dəqiq bilinmədiyindən onun həmin şəxs olub-olmadığını məlum deyil: "Bizim fikrimizcə, qabiliyyət tələb edən ixtisaslara gələn abituriyentlər test imtahanında da yüksək nəticə əldə etməlidir. Amma təəssüf ki, ali məktəblərin rəhbərləri bununla razı deyillər. Onlar hesab edirlər ki, qabiliyyət daha üstündür. Məsələn, cazmen İsfar Sarabski qəbul imtahanında yüksək nəticə göstərərək 350 və ya 370 bal, Şahin Növrəsli qabiliyyət imtahanı üçün tələb olunan nəticələrdən daha yüksək nəticə göstərib. Onlar sonradan Azərbaycanı doğrudan da dünyada layiqli səviyyədə təmsil edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə