"Cümhuriyyətdən qələbəyə"

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May Respublika Günü ilə əlaqədar "Cümhuriyyətdən qələbəyə" adlı videokonfrans formatında tədbir keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon icra hakimiyyətinin kollektivləri, rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Sevinc Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən danışıb, müstəqilliyin bərpası və qorunub saxlanılması istiqamətində azadlıq mücadiləsi yolunda aparılan mübarizədə baş vermiş hadisələri xatırladıb. Müstəqilliyimizin yenidən bərpa edilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin böyük çətinliklərə baxmayaraq, müstəqilliyimizin qorunması istiqamətində apardığı müdrik siyasətdən, ölkə Prezidenti Cənab İlham Əliyevin dövlətimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi və inkişafı, xalqımızın rifahı naminə gördüyü işlərin əhəmiyyətindən söz açıb.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Firdovsiyyə Əhmədova çıxış edərək, 1918-ci il 28 May tarixinə və ondan sonrakı hadisələrə nəzər salıb. Vurğulayıb ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiya devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu. Müstəqil Azərbaycan Cümhuriyyəti 23 aylıq qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. Azərbaycan Demokratik Respublikası təəssüflər olsun ki, iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalaraq müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Bu gün isə qürurla bildiririk ki, müstəqil və müasir Azərbaycan özünün uğurlu inkişaf yolunda qətiyyətlə və inamla addımlayır.

Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Leyla Məlikova tədbirin gedişatında 28 May Respublika Günü ilə əlaqədar şeir səsləndirilib.Tədbirin yekununda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Azərbaycan dövləti öz tarixində çoxsaylı qəhrəmanlıq salnamələri yazıb. Bu tarixi hadisələr içərisində müsəlman Şərqində ilk demokratik Xalq Cümhuriyyətinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Xalq Cümhuriyyətinin yaradılmasına gətirən səbəblər, eləcə də mövcud olduğu 23 ay ərzində əldə olunan uğurlardan danışdı. Bu tarixin heç bir zaman unudulmayacağını və qəhrəmanlıq səhifəsi kimi daim yad ediləcəyini, gələcək nəsillərə çatdırılacağını diqqətə çatdırdı. R.Göyüşov müasir, müstəqil Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin varisi olduğunu, dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşadığını vurğuladı. R.Göyüşov, həmçinin bildirdi ki, bu gün dövlətimiz misilsiz inkişaf və tərəqqi yolu keçir. Məhz Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ordumuzun düşmən üzərindəki parlaq qələbəsi və tarixi torpaqlarımızın işğaldan azad edilməsi həyata keçirilən güclü ordu quruculuğu, siyasi və diplomatik siyasətin nəticəsidir.

Tədbirin sonunda YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi fəaliyyətində fəal iştirakına görə, bir qrup şəxs Fəxri Fərmanla təltif olunub.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə